.jpg)
"Xəzər Lənkəran"la "Standard" arasında baş tutan yoldaşlıq oyunu qalmaqalla başa çatıb. Fanat.az xəbər verir ki, oyundan sonra "Standard" klubunun baş məşqçisi Böyükağa Hacıyevlə Ramal Hüseynov arasında insident yaşanıb.
Olayın canlı şahidinin Fanat.az-a verdiyi məlumata görə, matç başa çatandan sonra baş məşqçi ilə futbolçu arasında əvvəlcə söz dueli yaşanıb. Ardınca isə tərəflər əlbəyaxa olublar. Ətrafdakı insanların müdaxiləsi nəticəsində məşqçi və futbolçunu sakitləşdirmək mümkün olsa da, Böyukağa Hacıyev sakitləşməyib. Ramal Hüseynovu ADBTİA stadionunun yaxınlığındakı ağaclığa aparan baş məşqçi onunla bir saata yaxın "razborka" edib.
"Standard"ın yarımmüdafiəçisi oyundan sonra baş məşqçi ilə əlbəyaxa olmaları barədə xəbəri təsdiqləyib. Qol.Az-a açıqlamasında R.Hüseynov bu məsələni şişirtməyə ehtiyac olmadığını vurğulayıb: "Bu, böyük bir məsələ deyil. Məşqçilə futbolçu arasında belə hallar yaşana bilər. Sonradan məşqçilə danışdıq və aramızdakı problemi həll etdik".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Standard" oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.