04 Mart 2010-cı il, N 302(1201)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"30 kq-lıq çanta arxamda, 4 kq-lıq çəkmə ilə ayaq döyüb işimi görmüşəm"
Ekologiya və təbii sərvətlər naziri: "Qoy... bulvarda domino oynaya-oynaya qocalsınlar"
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov APA-ya müsahibəsində "Gədəbəydə qızıl-mis emalı zavodunun işə düşməsindən sonra rayon sakinləri Gədəbəydə radiasiyanın artmasından və zərərli tullantıların Zəyəm çayına axıdılmasından şikayətçidir..." barədə suala belə cavab verib: "Hazırda bununla bağlı araşdırma aparılır.
   - Son zamanlar Bakının mərkəzi hissələrində binaların qaşınması prosesi sürətlə aparılır. Bu paytaxtın ekologiyasına nə dərəcədə ziyandır? Nazir kimi buna etiraz bildirmisinizmi?
   - Sözsüz ki, bu proses paytaxtın ekologiyasına təsir edir. Bu, əsasən işi görən şirkətlərdən asılı məsələdir. Görülən işlər bir tərəfdən paytaxtı gözəlləşdirir, digər tərəfdən isə şirkətlər, daha bahalı müasir texnologiyalar əvəzinə, bəsit texnologiyalara üz tutur, qənaət edir. Bu məsələdə razıyam sizinlə. Dəfələrlə onlar cərimə də olunub, bu sahədə müvafiq işlər də aparılıb. Amma eyni zamanda, bizim məqsədimiz bu işi dayandırmaq olmayıb. Başa düşürük ki, bu, ölkənin xeyrinə olan bir prosesdir. Onu da qeyd edək ki, artıq bu proses - binaların restavrasiyası başa çatır. Tezliklə küçələrin döşəmə daşlarının yeniləşdirilməsinə başlanacaq, yəni bu problemin də ömrünə az qalıb. Razıyam ki, mənim dediyim sözlər çıxış yolu deyil, şirkətlər gərək bu məsələyə ekoloji cəhətdən daha məqsədyönlü yanaşaydılar.
   - Antarktidaya, And dağlarına səfəriniz birmənalı qarşılanmadı. Bu səfərlər Azərbaycana nə verdi?
   - Bu səfərlərə çəkilən xərcləri Qərb universiteti ödəyib. Universitetin elmi ekspedisiyaya dəstək verməsi təbiidir. Eyni zamanda, gəncləri gözüaçıq etmək istəyir, eləcə də istəmir ki, hansısa millətlərdən geri qalaq. Universitet rəhbərliyi belə fikirləşir və bu zaman qanunu da pozmur. Kimlərsə universitetin bu vəsaiti niyə xərclədiyi sualını verirsə, bu ədəbsizlik deyilmi? Dövlətdən bir qəpik götürülmür, nazir də öz məzuniyyətində gedib çadırda çox çətin və ekstremal şəraitdə bu işlə məşğul olur. Necə olur ki, Norveçdə, Polşada bu şərəf gətirən bir iş olur, bizdə yox? Əslində, ölkəmizdə bizim fəaliyyətimiz çox rəğbətlə qarşılanır. Bir neçə paxıl və ya düşüncəsində geri qalmış insan ictimai rəy deyil. And dağlarının ətəyində bir məzarlıq var. Orada bir polşalının da məzarı var. O, 1940-cı ildə həlak olub. Həmin vaxt Almaniya ilə SSRİ Polşanı öz aralarında bölmüşdü. Polşalıların vətəni yox olmuşdu, o isə həmin dağa gedirdi. Məgər dəli idi o? Həmin polşalının həmvətənləri sonradan gəlib onun məzarında minnətdarlıqla belə yazıblar: "Sən vətənimizin donmuş bayrağı əlində burada əbədi uyuyursan".
   Mən o səfərlərə nazir kimi getməmişəm. Adi vətəndaş kimi, 30 kq-lıq çantam arxamda, xüsusi paltarım əynimdə, 4 kq-lıq ağır çəkmələrim ayağımda ayaq döyüb öz işimi görmüşəm.
   Akonkaquada "2010 Azərbaycanda Ekologiya ili - yaşıl dünya naminə" transporantı açıldı. Bununla biz göstəririk ki, Azərbaycanda bir ağac əkməklə bütün dünyaya kömək edirik. Balaca bir ölkə olan Azərbaycan artıq karbon birləşmələrini iki dəfə azaldıb. 3 milyon ağac əkməklə bunu daha da azaltmağa can atır. Biz çalışırıq bunu elə bir yerdən səsləndirək ki, eşidilsin. Eşidilir də. Rus saytlarından başqa heç kim buna ikimənalı qiymət vermir. Birmənalı qiymət verirlər, "əhsən" deyirlər, başa düşürlər. İngilis, Norveç səfiri, yaxud BMT-nin rezident-əlaqələndiricisi "orada nə işiniz var" sualını vermir. Deyirlər ki, siz Antarktidaya iddialı olacaqsınız? Bu mənim şəxsi işimdir öz həyatımı nəyə həsr edirəm. Qoy, bu işə birmənalı qiymət verməyən insanlar bulvarda domino oynaya-oynaya qocalsınlar".
   
Xəbər xidməti
Mirmahmud Mirəlioğlu Müsavatdan gələn xəbəri təkzib etdi
"Mənim AXCP-KXCP-Müsavat Partiyası koalisiyasını müsbət qarşılamaq barədə fikrim olmayıb"
Parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar arasında birlik və koalisiyaların formalaşması istiqamətində müxtəlif səpkidə atılan addımlar intensivləşməkdədir. Bu xüsusda hələlik bir nəticə hasil olmasa da, müxalifətdə olan partiyaların daha intensiv fəaliyyət göstərdiyi hiss olunur.
   Belə ki, Müsavat Partiyası koalisiyanın, özləri də daxil olmaqla, AXCP və KXCP arasında formalaşmasını məqbul sayaraq, birliyin ancaq bu formatda olmasına çalışır. Müsavat Partiyasının Divanı son iclasında da həmin təklifi bir daha rəsmən bəyan edib. Müsavat Partiyası seçkilərdə real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif edir. Təklifdə nəzərdə tutulur ki, nüvəsində Müsavat, AXCP və KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq partiyaların dayandığı birlik yaradılmalı, sonra isə digər partiyalar, ictimai təşkilatlar və güclü namizədlər həmin birliyə cəlb edilməlidir. Buradan da göründüyü kimi, Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində yalnız yuxarıda adı hallanan iki partiya ilə əməkdaşlıqda maraqlıdır. Bu arada mətbuatın yazdığına görə, adıçəkilən digər iki partiyadan biri-KXCP Müsavatın sözügedən təklifini müsbət qarşılayıb. Bildirilir ki, KXCP sədri Mirmahmud Mirəlioğlu birlik istiqamətində addımlar atılacağını bəyan edib: "Bu məsələdə Müsavat Partiyası və digər real müxalifət partiyaları ilə birlikdə olacağıq. "Azadlıq" blokundan da bizim müraciətə cavab gəlsin. Sonra konkret və yekun addımı atacağıq". Bildiyimiz kimi, Müsavatın təklif etdiyi bu birlik digər müxalifləri xeyli qıcıqlandırıb. Xüsusən də ALP və Ümid Partiyası həmin ideyanın reallaşması ehtimalını belə həzm etməyərək, bunun müxalifətin ümumi birliyinə xələl gətirdiyini düşünür. AXCP isə hələlik təklifə münasibətdə susmağı üstün tutur. Bununla belə onlar daha geniş birliyin baş tutmasını istəyir. Cəbhəçilər bu birliyin "Azadlıq" bloku ilə Müsavat arasında olmasına daha çox maraq göstərir. KXCP isə bu məsələdə daha da irəli gedib. Belə ki, KXCP-nin də daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) koalisiyanın daha geniş aspektdə-DUİ, Müsavat və "Azadlıq" bloku çərçivəsində reaalaşmasında maraqlı olduğunu bəyan edib. Hansı ki, həmin təklif bu yaxınlarda Müsavat Partiyası tərəfindən də bəyənilmişdi. Amma mətbuatın yazdığından belə çıxır ki, Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi təşkilat artıq Müsavat-AXCP-KXCP koalisiyasına üstünlük verməyə başlayıb. Bunun nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün KXCP sədrilə əlaqə saxladıq.
   Mirmahmud Mirəlioğlu sözügedən koalisiya barədə mətbuatda onun adından hallanan fikirlərin həqiqəti əks etdirmədiyini bildirdi: "Orada nə yazıldığını bilmirəm. Ola bilər ki, nəyisə təhrif ediblər. İstənilən birliyin tərəfdarıyıq. Amma təbii ki, ilk addım olaraq DUİ, Müsavat Partiyası və "Azadlıq" bloku ilə məsələlərin birgə müzakirəsinin tərəfdarıyıq. Orada hansı nəticə hasil olacaq, bunu zaman göstərər. Müsavatın belə bir bəyanatı olub. Bundan da qabaq qərarları olub. Amma istənilən bəyanat hər kəsin özünün şəxsi işidir. Mənim AXCP-KXCP-Müsavat Partiyası arasında koalisiyanı müsbət qarşılamağım barədə elə bir fikrim olmayıb".
   
Həsən İSLAMOV
Britaniyanın enerji naziri son yarım ildə ikinci dəfə Bakıya gəlib
Məlumat verildiyi kimi, Böyük Britaniyanın enerji və ətraf mühit naziri Lord Hant Xəzər regionuna turnesi çərçivəsində Bakıya qısamüddətli səfər edib.
   Bu, Britaniya rəsmisinin son yarım il ərzində Azərbaycan paytaxtına artıq ikinci səfəridir. Bakıdan sonra cənab Hant digər Xəzərətrafı paytaxtları də ziyarət edəcək. Bakı görüşlərindən sonra isə britaniyalı nazir regional səfəri və Britaniyanın Xəzər siyasəti barədə bir sıra maraqlı açıqlamalar verib: "Enerji təhlükəsizliyi hazırda Avropa üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan, Xəzər bölgəsindən təbii qazın mümkün qədər tez Avropa istiqamətində nəqli üçün məni "cənub dəhlizi"nin inkişafını görmək istərdim. Azərbaycan bölgədə mühüm rol oynayır və mənim ARDNŞ rəhbərliyilə məhsuldar görüşüm oldu. Əməkdaşlığın genişləndirilməsi məsələsində mən nikbinəm və etiraf edim ki, Britaniya şirkətləri üçün burada münbit biznes imkanları var. Mən buradan Qazaxıstana yola düşürəm. Orada mənim təmaslarım Avropanın enerji təchizatının təmin olunması yollarına həsr olunacaq". Cənab Hant bir müddət əvvəl Azərbaycanın Rusiya və İranla qaz ixracına dair sazişlər imzalaması məsələsinə də toxunub, Moskva və Tehranın Xəzər qazı uğrunda avropalıları sıxışdırdığına dair səslənən fikirlərə münasibət açıqlayıb: "Bilirsinizmi, Avropa bazarı azad və şəffaf bir bazardır. Avropa şirkətləri bazar iqtisadiyyatı şərtlərinə köklənmiş siyasət yürüdür və hər hansı gələcək saziş müvafiq şərtlərə uyğun olmalıdır. Mən əminəm ki, həm ixracatçı, həm də idxalçı ölkələr üçün sərfəli olan sazişi imzalamaq mümkün olacaq". Onun fikrincə, baş verənlər heç də Qərbin təşəbbüsü əldən verməsi kimi dəyərləndirilməməlidir: "Bir məqamın aydın olmasını istərdim. Böyük Britaniya "Cənub dəhlizi"ni dəstəkləyir. Yəni söhbət Xəzərdən Cənubi Avropa istiqamətində uzanacaq nəqliyyat şəbəkəsindən gedir. Təbii qaz nəqlinin potensial maşrutları üçün indi bir neçə istiqamət var. "Nabukko" onlardan biridir. Ötən yay "Nabukko"ya dair hökumətlərarası saziş imzalandı. Kifayət qədər sanballı sənəddir. Lakin bu layihənin tərəqqi etməsi üçün müvafiq konsorsiuma daxil olan şirkətlər marşrut, qiymət və digər şərtlər barədə danışıqlar aparmalıdır. Bununla belə, Britaniya hökumətinin nöqteyi-nəzərindən hər hansı ayrıca xətt deyil, "Cənub dəhlizi" regional nəqliyyat şəbəkəsində mühüm halqa olmalıdır".
   Bilindiyi kimi, Britaniyanın fəal olduğu Xəzər regionunda zəngin yataqlara malik mühüm bir dövlət də İrandır. Amma İranın regional enerji layihələrində iştirakı ideyası birmənalı qarşılanmır. Böyük Britaniya İranın regional layihələrə qoşulması çağırışlarına neçə yanaşmasını nazir Bi-Bi-Si-yə müsahibəsində belə izah edir: "Zənnimcə, İran məsələsi sırf enerji mövzusundan çıxaraq daha geniş baxış tələb edən problemdir. Bu mənada, narahatlıq doğuran məsələlərə dair İranla təmaslar aparılır. Bu narahatlıqlar beynəlxalq birlik tərəfindən qəbul və müzakirə edilir. Məhz buna görə, düşünmürəm ki, İranın enerji potensialı bu narahatlıqlardan ayrıca qəbul edilməlidir".
   
Tahir TAĞIYEV
Qulamhüseyn Əlibəyli müxalifətdə agent axtarışları söhbətinə cavab verdi
..."heç kimə başucalığı gətirmir"
"Parlament seçkiləri ilində müxalifət partiyalarının bir-birinə qarşı mübarizə aparmasını yolverilməz hesab edirəm. Agent axtarışları müxalifət daxilində heç kimə başucalığı gətirməyən bir məsələdir".
   Bunu APA-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, müxalifətdəki ayrı-ayrı qruplar daxildə agent axtarışına çıxmaqla əməkdaşlıq imkanlarını məhdudlaşdırır: "Ola bilsin, kimlərinsə belə mövzulardan istifadə etməyə ehtiyacı var və bu mövzuları ortaya atıb, hansısa müzakirələrdə öz siyasətlərini həyata keçirmək istəyirlər". Q.Əlibəylinin sözlərinə görə, bəzən Aydınlar Partiyası və onun özünün də hakimiyyətə yaxın olması barədə fikirlər səslənir: "Amma biz mətbuatda haqqımızda yazılanların heç birinə cavab verməyəcəyik. Partiyamız öz mövqeyini elan edib, hazırkı hakimiyyətə qarşı müxalifət mövqeyindədir. Biz müxalifətçiliyi söyməkdə yox, nöqsanları göstərməkdə, həmin nöqsanların aradan qaldırılması üçün təkliflərimizi müəyyənləşdirib təqdim etməkdə görürük. Hazırkı hakimiyyətin siyasi kursunu bəyənmirik. Kim nə deyir, desin. Biz özümüzü kiməsə sübut etmək, kiməsə arayış vermək fikrində də deyilik. Bu mənasız bir işdir".
   
"Reket" qəzetlərin baş redaktor və himayədarları nəyi anlamır?
Mətbuatı mənəvi terror alətinə çevirmək cəhdinin arxasında duranlar...
Mətbuatımız özünün 135 illik yubileyini qeyd etməyə hazırlaşır. Azərbaycan Mətbuat Şurası ötən toplantılarından birində bu əlamətdar tarixi təntənəli, maraqlı və rəngarəng qarşılamaq məqsədilə bir sıra kütləvi tədbirlər keçirmək barədə qərar qəbul edib.
   Şura paytaxtda və ölkənin müxtəlif bölgələrində düzənləyəcəyi çeşidli bayram mərasimlərinin Azərbaycan jurnalistlərinin adına, zəhmətinə layiq möhtəşəm hadisəyə çevrilməsi üçün ölkə rəhbərliyinə müvafiq təkliflər ünvanlayacaq.
   Hazırda mətbuatımızın inkişaf dinamikasının yüksəldilməsi və peşəkar jurnalistikanın ayaq üstə qaldırılması istiqamətində dövlət səviyyəsində xeyli ciddi işlərin başlandığını, dövlət başçısının bu sahəyə xüsusi diqqət göstərdiyini hiss etməkdəyik. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, mediaya, o cümlədən bu sahədə çalışan yaradıcı insanlara öz peşəkarlıqlarını nümayiş etdirmək üçün maddi köməklik göstərilməsinə strat verilməsi ölkə mətbuatının və jurnalistlərinin yaxın gələcəkdə daha yüksək duruma sahib olacağından xəbər verir. Lakin ölkə mediasının həllini gözləyən ciddi problemləri hələ də qalmaqdadır. Bunların böyük bir qisminin Azərbaycan mətbuatının və jurnalistikasının, belə desək, çoxrəngliliyindən qaynaqlandığını söyləmək üçün əsaslar var. Mövcud durumda bir qrup işbaz mətbu mühitdə yaradılmaqda olan demokratik ab-havadan sui-istifadə edərək, çirkin əməllərini reallaşdırmaq, asan qazanc əldə etmək məqsədi ilə sahəyə soxulub. Təəssüf ki, öz peşəsində uğur qazanmayan, bir çox hallarda ixtisası üzrə normal savad və təhsil sahibi olmayan "müəllimlər", "həkimlər", "hüquqşünaslar", "mühasiblər", "mühəndislər", "baytarlar", "zootexniklər" və tamam yad olan digər ünsürlərin "baş redaktor" qrifi altında mətbuatın və jurnalistlərın sıralarına soxulması hesabına qara əməl sahiblərinin sayı misli görünməməiş səviyyədə artıb. Şantaj, təhqir, böhtan kimi çirkin və cəmiyyət üçün qəbuledilməz metodlardan çəkinmədən yararlanan, dövlət orqanlarında çalışan məmurları, iş adamlarını asan qazanc mənbəyi sayan belə ünsürlər sözün əsl mənasında böyük ictimai bəlaya çevrilib.
   Azərbaycan Mətbuat Şurası son illər ərzində bu böyük bəlanın qarşısını almaq məqsədi ilə bir sıra ciddi tədbirlər hazırlayaraq həyata keçirib. Üç ilə yaxındır ki, şantaj, təhqir, böhtan xarakterli yazılar yazanlara, insanların şəxsi həyatına və işgüzar fəaliyyətinə qəsd edən üzdəniraq "jurnalistlərə", səhifələrini çirkin mahiyyətli "anons"larla bəzəməkdən çəkinməyənlərə qarşı qətiyyətli mübarizə gedir. Bu mübarizənin müsbət nəticə verdiyi, sözün həqiqi mənasında seçilmiş hədəfə tutarlı şəkildə dəydiyi və "reket nəşr"lərin bundan bərk qorxuya düşdüyü birmənalıdır. Qarşılaşdığı ictimai qınağın təsirlərindən özünü itirən, vurulmuş tutarlı zərbənin gücündən hələ də özünə gələ bilməyən "reket nəşr"lər başlarına gələnlərdən nəticə çıxarmaq əvəzinə, himayədarlarının təhriki ilə Mətbuat Şurasını, əksər hallarda isə MŞ sədri Əflatun Amaşovu məhkəmə çəkişmələrinə cəlb edir, Şuranın ardıcıl, ədalətli və zəruri mübarizəsinin önünə sədd çəkə biləcəklərini düşünürlər. MŞ-nin "reket nəşr" elan etdiyi KİV-lərin baş redaktorları və himayədarları hələ də anlamırlar ki, Şura onların bəd əməllərini müzakirə edib ictimai qınağa məruz qoymaqla, hər şeydən əvvəl, məhkəmə instansiyalarının iddiaçıların qaldırdığı şikayətlər əsasında həbs olunmaq, ağır məbləğdə cərimələnmək və sair bu kimi təhlükəli qərarlarından xilas olunurlar. Bununla da ölkə mətbuatının sağlam kəsiminin sıralarına itkisiz qoşulmalarına şans yaranır. Təəssüf ki, bir çoxları bunu dəyərləndirməkdənsə, ictimai qınağa dözümsüzlük, həddən ziyadə emosionallıq göstərir, digər "reket nəşr"lərlə birləşərək əxlaq və tərbiyə normalarını daha ağlasığmaz formada aşmaq yolu tutur. Bu azmış kimi, ağır böhtan və təhqirlərini saralayan zavallılar özünü sanki böyük qəhrəmanlığa imza atmış kimi qələmə verir, cılızlıqları ilə qürrələnir. Onlar MŞ üzvlərinin hər birinin və sədrinin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunları ilə qorunduğunu yaddan çıxarır. Biz malik olduğumuz təbii hüquqlarımızdan istifadə etməyə tələsmir, hətta dözülməsi mümkün olmayan ifadələri səbr və təmkinlə qarşılayırıq. Hərəkətlərinin nəticələrini normal qiymətləndirməyi bacarmayanlara səhv yolda olduqlarını dərk etmək üçün möhlət verməyi üstün tuturuq. Onu da bildirməyi vacib sayırıq ki, kimliyindən asılı olmayaraq, hər kəs başa düşsün: ölkə mətbuatının normal inkişafı, onun ölkədə demokratik mühitin başlıca atributuna çevrilməsi qaçılmaz prosesdir və Azərbaycan Mətbuat Şurası bu prosesdə olduqca vacib faktordur. Qurum mediamızın insan azadlıqları və hüquqlarının, müstəqil dövlətçiliyimizin qorunmasında və xalqımıza xidmət edən həqiqi gücə çevrilməsində səfərbəredici rol oynamaqdadır. Onun missiyası cəmiyyət və dövlət tərəfindən qəbul olunur, dəstəklənir. Mətbuatı mənəvi terror alətinə çevirməyə cəhd edənlərin absurd istəklərinin reallaşması qəti yolverilməzdir!
   
Tapdıq Abbas, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru
İsrailin baş naziri və MOSSADın şefinin həbs olunması tələb edilir
Dubay polisinin rəisi HƏMAS liderlərindən biri Mahmud əl-Mabhuhun öldürülməsilə əlaqədar olaraq İsrail baş naziri Binyamin Netanyahu və MOSSAD xüsusi xidmət orqanının şefi Meyr Deqanın həbsini tələb edib.
   APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, polis rəisi prokurora Binyamin Netanyahu və Meyr Deqanın həbsinə sanksiya verməsi üçün müraciət edəcək.
İsa Qəmbər Avropa İttifaqı sədrinin müxalifət rəhbərlərilə görüşündə iştirak edə bilmədi
Görüşdə ALP, AXCP və Forum iştirak edib
Azərbaycanda səfərdə olan Avropa İttifaqına (Aİ) sədrlik edən İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun başçılıq etdiyi nümayəndə heyəti müxalifət təşkilatlarının rəhbərlərilə görüşüb. Azərbaycan Liberal Partiyasının (ALP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, Aİ-Azərbaycan münasibətləri, Azərbaycanda siyasi məhbuslar problemi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər də görüşə dəvətlilər sırasında olub, lakin o, görüşə qatılmayıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, İ.Qəmbərin görüşdə iştirak etməməsi sırf texniki problemlə bağlı olub: "Moratinosun Azərbaycana gəlməsi bir neçə saat gecikdiyi üçün görüşün vaxtı da bir neçə dəfə dəyişdirildi. Bu səbəbdən İsa Qəmbər görüşdə iştirak edə bilmədi".
   
İran casusları Milanda həbs edilib
Xarici KİV Milanda İrana qaçaqmalçılıq yolu ilə silah göndərən gizli dəstə üzvlərinə qarşı keçirilən əməliyyatın uğurla nəticələnməsinə dair məlumat yayıb. Məlumata görə, saxlananlar arasında İtaliya vətəndaşları, həmçinin İranın xüsusi xidmət orqanlarının əməkdaşları da var. İtaliya polisi bildirir ki, qrup üzvləri İrana silah-sursat göndərməklə məşğul olub. Xatırladaq ki, BMT İrana silah göndərilməsinə embarqo qoyub. İtaliya polisi yaxın saatlarda keçiriləcək mətbuat konfransında "Snayper əməliyyatı"nın təfərrüatlarını açıqlayacaq. ("OLAYLAR"İA)
   
Nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri ətrafında mübahisə başlayıb
Jurnalist, ya sahə mütəxəssisi?.. Jalə Əliyeva: "Mətbuat xidmətlərində çalışan insanlarda hər iki keyfiyyət eyni dərəcədə olmalıdır"
Çingiz Əlioğlu: "Onlar həm peşəkar jurnalist təhsili almalıdır, həm də..."
Yunus Oğuz: "Mətbuatda ixtisaslaşdırılmış jurnalistlər yetişdirilərsə daha yaxşı olar"
Dövlət qurumlarında, nazirlik və komitələrdə mətbuatla həmin rəsmi təşkilatlar arasında əsas vasitəçiliyi mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları yerinə yetirir.
   Bu sahədə çalışanların böyük əksəriyyəti isə keçmiş jurnalistlərdir. Yəni bu adamlar mətbuatda peşəkar jurnalist kimi tanındıqdan sonra dövlət qurumlarının mətbuat xidmətlərində işlə təmin olunub. Hazırda Ali Məhkəmədən, Daxili İşlər Nazirliyindən tutmuş, Baş Prokurorluğa, Səhiyyə və Təhsil nazirliklərinə qədər bütün dövlət qurumlarında mətbuat xidməti (yaxud ictimaiyyətlə əlaqələr şöbəsi) fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan insan ixtisasca həkim olmalıdır, yoxsa peşəkar jurnalist? Yaxud Təhsil Nazirliyinin mətbuat xidmətinə müəllimlik ixtisası üzrə təhsil alan şəxs rəhbərlik etməlidir, ya jurnalist? Baş Prokurorluğun mətbuat xidməti hüquq işçisi olmalıdır, yoxsa qələm adamı? Bəzi mətbuat adamları hesab edir ki, bu sahələrdə çalışan adamların ixtisasca jurnalist olması vacibdir. Onlara görə, sonradan bu jurnalistlərə peşə kursları, treninqlər keçilməlidir ki, onlar sözçüsü olduğu sahə üzrə ixtisaslaşsın. Yəni onların bu sahədə peşəkarlığı artsın. Mətbuat adamlarının fikrincə, bu sahələrinin mütəxəssisi olan şəxslərin çox zaman mətbuat xidməti vəzifəsini icra etməsi elə də uğurlu alınmır, çünki bu adamlar jurnalistlərlə danışa bilmir. Bu halda, qələm adamları təklif edir ki, həmin sahələr üzrə mütəxəssislərə də jurnalistikanın prinsipləri, informasiya vermə qaydaları, mətbuatla işləmə yolları və s. treninqlər vasitəsilə öyrədilsin. Mətbuat adamları onu da deyir ki, bütün dövrlərdə istər hüquqşünas, istər həkim, istər müəllimlər, istər polis orqanlarında, istərsə də digər sahələrdə çalışan insanlar arasında gözəl qələm adamları, mətbuat səhifələrində çıxış eləyən şəxslər olub, indi də var. Millət vəkili Jalə Əliyeva isə bizimlə söhbətində bildirdi ki, dövlət qurumlarının mətbuat xidmətində çalışan insanlar hər iki sahə üzrə ixtisaslaşmalıdır. J.Əliyeva hesab edir ki, həmin şəxs jurnalist olmaqdan əvvəl işlədiyi sahəni gözəl bilməli, o sahənin sırf mütəxəssisi olmalıdır":Fikrimcə, mətbuat xidmətlərində çalışan insanlarda hər iki keyfiyyət eyni dərəcədə olmalıdır. Amma bununla belə, o adamlar həmin sahələr üzrə mütəxəssis olsa daha yaxşı olar. Çünki təmsil etdiyi sahəni yaxşı bildiyindən, onun üçün mətbuatla işləmək çətin olmayacaq. Ola bilsin, onlardan kimsə mətbuata danışmaqda çətinlik çəksin. Onsuz da jurnalistlər özləri o səhvləri düzəldəcək". Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, tanınmış şair-publisist Çingiz Əlioğlunun sözlərinə görə isə, dövlət qurumlarının, nazirlik və komitələrin mətbuat xidmətində işləyən şəxsin mütləq iki təhsili olmalıdır. Ç.Əlioğlu hesab edir ki, bu halda, mətbuat xidmətində işləyən adamlar işini daha peşəkar səviyyədə qura bilər:
   "Çox yaxşı olardı ki, aidiyyəti fəaliyyət üzrə mükəmməl bilik və savadı, eyni zamanda, jurnalist kimi yüksək peşə səriştəsi olan adamlar dövlət qurumlarının mətbuat xidmətində çalışsın. Bu insanlar ikili təhsil almalıdır. Onlar həm peşəkar jurnalist təhsili almalı, həm də öz sahəsinin (hansı nazirlikdə, komitədə, dövlət qurumlarında mətbuat xidmətində işləyəcək, yaxud rəhbərlik edəcək) mükəmməl bilicisi olmalıdır. Bu mənim şəxsi fikrimdir". "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri, yazıçı-tədqiqatçı Yunus Oğuzun fikrincə isə, nazirlik, komitə və digər dövlət qurumlarının mətbuat xidmətlərində çalışan insanlar həmin sahələr üzrə ixtisaslaşmış jurnalistlər olsa, bu daha yaxşı nəticə verər: "Bu adamlar həmin sahələr üzrə ixtisaslaşmış jurnalistlər olmalıdır. Onlar həmin qurumların işini xırdalığına qədər bilməlidir. Bunun üçün peşə kursları, treninqlər keçməlidir və s. Yoxsa, elə mətbuat xidmətləri olur ki, işlədiyi qurumun fəaliyyəti haqda bir sual verəndə "mənim bundan xəbərim yoxdur. Öyrənib sizə məlumat verərəm" deyir. Bu gün dövlət qurumlarının mətbuat xidmətinə rəhbərlik edən şəxslərin əksəriyyəti bizim içimizdən, yəni jurnalistikadan gedən adamlardır. Hesab edirəm ki, mətbuatda ixtisaslaşmış jurnalistikaya fikir vermək lazım gələcək". Y.Oğuzun fikrincə, həmin sahələr üzrə (təhsil, mədəniyyət, hüquq, məhkəmə, səhiyyə) ixtisaslaşmış insanları jurnalistika, mətbuat özü yetişdirməlidir: "Mətbuatda ixtisaslaşmış jurnalistlər yetişdirilsə, daha yaxşı olar".
   
İradə SARIYEVA
Azərbaycanda dollar qıtlığı yarana bilər
Bir ayda valyutanın bu növünə tələbat 20-30 faiz artıb
Avrozonada yaşanan böhranın təsiri olaraq avronun dollara və digər valyutalara nisbətən dəyərdən düşməsi Azərbaycan valyutasında da müşahidə edilib. Yanvar ayından başlayaraq avronun manata nisbətən ucuzlaşması tendensiyası fevralda da qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2010-cu ildə Avropa valyutası manata nisbətən 5% ucuzlaşıb.
   Fevral ayında milli valyutanın ABŞ dollarına nisbətən məzənnəsində, demək olar ki, dəyişiklik baş verməyib. Ümumilikdə götürdükdə, fevralda 1 ABŞ dolları 0,8034 manat civarında qalıb. İlin əvvəlindən dollar 0,8031-dən 0,8034-ə yüksəlib.
   Ekspertlər bildirir ki, Yunanıstan böhranının hələ də həllini tapmaması Avropa valyutasının kursuna mənfi təsir göstərməkdə davam edir. Dünyada avronun, xüsusilə də dollara nisbətən ucuzlaşması tendensiyası məntiqi nəticəsini milli valyutasının məzənnəsi dollardan asılı olan Azərbaycanda da göstərir. Məsələn, ötən ay avronun manata nisbətən ucuzlaşması son 9 ayda ən aşağı həddə düşmüşdü. Mərkəzi Bankın məlumatına görə, dollardan fərqli olaraq, manat fevralda avroya nisbətən 2,3% bahalaşıb. Ümumilikdə isə il başlayandan Avropa valyutası manata nisbətən 5,1% dəyərdən düşüb. Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində aparılan müşahidələr də avronun mövqeyinin xeyli zəiflədiyini göstərir. Valyutadəyişmə məntəqələrinin əməkdaşları da bildirir ki, hazırda dollar avroya nisbətdə bahalaşır. Onlar qeyd edir ki, avro ilə yanaşı, rus rublu da ucuzlaşır.
   Ümumiyyətlə, valyutadəyişmə məntəqələrində bildirilir ki, yanvarla müqayisədə fevralda dollara tələbat 20 - 30 faiz artıb. O da vurğulanır ki, xarici ölkələrlə ticarət əlaqələri olanlar da pullarını dollara dəyişməyi üstün tutur. Avro və digər valyutalara etibar edənlər kəskin şəkildə azaldığından, məzənnədə ciddi fərqlər müşahidə olunur. Mütəxəssislər hesab edir ki, valyuta məzənnələrindəki dəyişikliklərə səbəb dünya maliyyə böhranı ilə əlaqəlidir. Böhran aradan qalxmadıqca valyuta bazarında gərginlik davam edəcək. Bu baxımdan yaxın müddətdə avronun ucuzlaşması, dolların isə sabitləşəcəyi gözlənir. Dollara tələbatın artmasının sözügedən valyutanın qıtlığına gətirib çıxaracağını da istisna etməyən ekspertlər belə vəziyyət yarancağı təqdirdə, bununla bağlı Mərkəzi Bank tərəfindən müvafiq tədbirlərin görülməsinin zəruriliyini vurğulayır. Hələlik isə belə hesab edilir ki, dollara tələbat bu tempdə davam edərsə, ölkəmizdə ABŞ valyutasının çatışmazlığı qaçılmaz olacaq.
   Avronun ucuzlaşmasının Azərbaycan bazarına təsirlərinə gəlincə isə, ekspertlər bu istiqamətdə ciddi problemin müşahidə olunmayacağını proqnozlaşdırır. Çünki ölkədə aparılan maliyyə əməliyyatlarının əksəriyyəti dollarla həyata keçirilir. Vətəndaşların çoxu da öz vəsaitlərini dollarla saxlamaqda maraqlıdır. Digər tərəfdən, Azərbaycanın valyuta ehtiyatlarının əksəriyyəti dollarla saxlanır. Bu baxımdan qeyd olunur ki, avronun ucuzlaşması ölkə bazarına ciddi təsir göstərməyəcək. O da qeyd edilir ki, xarici ölkələrlə, xüsusilə Avropa dövlətlərilə aparılan ticarət əməliyyatlarında müəyyən vəsait itkisi gözlənilsə də, bu gəlirlərdə nəzərəçarpacaq azalma olmayacaq. Çünki hazırda Azərbaycan xarici ticarətinin yalnız az qismini avro ilə aparır.
   Bununla belə, dollara da çox bel bağlamaq lazım deyil. Çünki ABŞ-ın özündə bu valyutaya münasibətdə dəyişikliklər hiss olunmaqdadır. Belə ki, ABŞ-ın Cənubi Karolina ştatında ştat ərazisində dolların rəsmi ödəniş vasitəsi statusunun ləğv edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Respublikaçı konqresmen Mayk Pitts dolların qızıl və gümüş pulla əvəz olunmasını təklif edir.
   "İqtisadi forum" jurnalının məlumatına görə, "CBS News" kanalına müsahibəsində M.Pitts bildirib ki, federal hökumət pulu sağa-sola xərcləyir və tez-tez çap edir: "Almanlar inanmazdılar ki, onların iqtisadi sistemi dağılacaq, ancaq 1930-cu illərdə bir tikə çörək üçün əlarabası həcmində pul tələb olunurdu. Sovet İttifaqında da iqtisadiyyatın çökəcəyini gözləmirdilər, ancaq bu baş verdi. Oxşar tale bizi də gözləyir".
   Analitiklərin fikrincə, konqresmenin təklifi, çətin ki, dəstəklənsin. Ekspertlərə görə, bu ideyanı konstitusion adlandırmaq olmaz. Ekspertlər eyni zamanda bildirir ki, qızıl və gümüş valyutaların istifadəsi bu metalların qiymətinin dəyişməsi səbəbindən qeyri-mümkün olacaq. Digər tərəfdən, təklifin müəllifi qızıl və gümüşün "mürəkkəbli kağızdan" yaxşı olması qənaətindədir. Pittsə görə, federal hakimiyyət indiki vəziyyətdə ştatların hüquqlarını boğur və ölkəni iqtisadi kollapsa aparır.
   
Tahir TAĞIYEV
"AzAL"da yeni maliyyə qalmaqalı...
Sürücülərdən yığılan pulların taleyi müəmmalıdır
"AzAL"Dövlət Konserni Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qanunsuz pul yığır. Bu barədə "OLAYLAR"a sakinlər məlumat verib.
   Məlumata görə, qurum hava limanına daxil olan hər bir avtomobilə görə sürücülərdən pul tələb edir və bu pulyığımını heç bir səbəblə əsaslandırmır. Hava Limanının ərazisinə daxil olan avtomobillərin hər biri girişdən daxil olarkən "AzAL"ın nəzarət postu tərəfindən saxlanır və onlara məcburi çeklər verilir. Həmin çeklərdə avtomobilin liman ərazisinə daxil olduğu vaxt göstərilir. Avtomobil hava limanından çıxanda isə həmin nəzarət postunda saxlanır və verilən çek geri alınır. Həmin çekdəki vaxta görə avtomobilin hava limanı ərazisində nə müddət olduğu hesablanır və ona görə sürücüdən pul alınır. Sakinlər bildirir ki, nəzarət postunda sürücülərdən minimum 1 manat alınır. Hava limanında bir neçə saat adam gözləyən sürücüdən buna görə 3-5 manat, bəzi hallarda isə 10 manat alınır. Amma həmin pulların hesabı aparılmır. Qanunsuz rüsumların hansı büdcəyə daxil olduğu və ondan dövlətə nə qədər vergi verildiyi isə məlum deyil. Bu postların "AzAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun nəzarətində olduğu bildirilir. Məlumata görə, həmin pullar hər axşam toplanaraq çeklərlə birlikdə Cahangir Əsgərova təhvil verilir.
   
"Qış bulvarı"nın doğurduğu rezonansa hüquq müdafiəçiləri də qarışdı
Niyə 1500 manat...
Sarayın arxasından Füzuli meydanına qədər olan ərazidə "Qış bulvarı"nın tikintisi məqsədilə sökülən evlərə kompensasiyanın verilməsi səs-küyü hələ də davam edir.
   Hüquq müdafiəçisi Çingiz Qənizadə "OLAYLAR"a deyib ki, mer kompensasiya bölgüsündə yaradılan narazılıqlar ölkə rəhbərliyinin tapşırığına əməl edilmədiyini göstərib: "Yəhudilərin hüquqları tanındı, amma yerli sakinlərin haqları hələ də təmin olunmayıb. Beləliklə də mülki ədalət prinsipi pozulub. Halbuki, ölkə başçısı çıxışlarında mülk söküntüsü zamanı kompensasiyaların ədalətli bölgüsü ilə bağlı göstərişlər verib". Ç.Qənizadə deyib ki, kompensasiya üçün 3 mindən 5 minədək vəsait nəzərdə tutulub: "Sakinlərlə 1500 dollarlıq anlaşma etmək istəyirdilər. Azərbaycanda dollarla alqı-satqı qadağan olunduğundan, bu məsələ açıqlama tələb edir. Digər tərəfdən, niyə 1500 manat verildiyi aydınlaşdırılmalıdır". Bir qrup şikayətçilə görüşdüyünü qeyd edən hüquq müdafiəçisi məsələnin həll ediləcəyinə ümid edir: "Planlı söküntülərdə sakinlərə 6 ay-1 il əvvəl məlumat verilməli idi. Bakı şəhər İcra Hakimiyyəti bu məsələnin də öhdəsindən gəlməyib. Buna görə də narazılıq bu qədər böyüyüb".
   
Sumqayıtdakı ağır qətlə görə pul mükafatı təyin edildi
Azərbaycan DİN və Baş Prokurorluq valyutadəyişmə məntəqəsinin işçilərinin güllələnməsi barədə yeni məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin işçisinin qətlə yetirilməsi faktı ilə bağlı birgə məlumat açıqlayıb.
   DİN-in mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirən şəxs barəsində məlumat verənlərə mükafat təyin edilib. Qeyd edək ki, fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində naməlum şəxs "Makarov" tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq, intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır. Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələrilə yayımlanıb. DİN VƏ Baş Prokurorluq fotorobotu bir daha təqdim edərək, onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, "102 Zəng Xidməti" və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş edir.
   Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.
   
"İlham Əliyev mənə dedi ki, siz yeri seçin, binanı tikək"
Bakıda yeni yəhudi sinaqoqunun yeri məlumdur
Yeni park salınması ilə bağlı Şəmsi Bədəlbəyli küçəsindəki yəhudi sinaqoqu da söküləcək. Dağ Yəhudiləri dini icmasının rəhbəri Semyon İixilov bu barədə "Turan"a bildirib.
   O, köhnə sinaqoq sökülənə kimi yenisinin tikiləcəyinə ümid etdiyini deyib. "Füzuli küçəsindəki doğum evinin ətrafında yeni sinaqoq tikilməsi üçün yer ayrılıb, hazırda həmin ərazidə sakinlərdən evlərin alınması işi gedir", - deyə S.İixilov yeni tikiləcək sinaqoqun yeri barədə açıqlama verib. Onun sözlərinə görə, yeni sinaqoq tikilməsilə bağlı 2008-ci ildə "Bibiheybət məscidi"nin əsaslı təmirindən sonra təşkil edilən mərasimdə dövlət başçısı İlham Əliyevlə razılıq əldə olunub. "Mən çıxışımda məscidin gözəlliyindən danışdım, yəhudilərin də belə ibadət evinə malik olması istəyimi ifadə etdim. Tədbirin sonunda İ.Əliyev mənə yanaşaraq, "siz yeri seçin, binanı tikək" vədi verdi" - deyə S.İixilov qeyd edib. Dini icma başçısı köhnə sinaqoqu (Rəşid Behbudov küçəsindəki R.Behbudov adına Mahnı Tetrının binası - red.) istəsələr də, hakimiyyət dairələrindən buna hər hansı razılıq verilmədiyinə diqqət çəkməyi də yaddan çıxarmayıb.
   Sinaqoqun sökülməsilə bağlı kompensasiya verilməsi məsələsinə S.İixilov "kompensasiyamız yeni tikilən sinaqoq olacaq" - reaksiyası verib.
   
TURAN
Bakıxanov qəsəbəsində Yeganə Zeynalova dələduzluqda şübhəli bilinib
Bakının Sabunçu rayonu ərazisində dələduzluq hadisəsi törədilib.
   Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakıxanov qəsəbəsində Yeganə Zeynalova Binə qəsəbə sakini Nəhmət Fətullayevin etimadını qazanaraq pulunu mənimsəyib. Belə ki, o, N.Fətullayevi işə düzəldəcəyi adı ilə aldadarq 3000 manat pul alıb, ancaq verdiyi sözə əməl etməyib. Faktla əlaqədar təhqiqat araşdırması aparılır.
Qırıcı təyyarəmiz Tovuzda yerə dəydi
Rayon sakinləri havada iki qırıcının toqquşduğunu desə də, Müdafiə Nazirliyi dəhşətli hadisə barədə fərqli məlumat yaydı
"Təyyarənin qəzadan əvvəl havada partladığı ehtimal olunur"
Tovuzun Aşağı Ayıblı kəndində qırıcı təyyarə qəzaya uğrayıb. Tovuz Şəhər Polis Şöbəsindən Lent.az-a məlumat təsdiqlənib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, qəzaya uğrayan hərbi təyyarədir. MiQ qırıcısı Şəmkirdəki hərbi hissədən havaya qalxıb və saat 16:15-də Tovuzun Aşağı Ayıblı kəndi ərazisində yerə çırpılıb. Təyyarədə olan yeganə şəxs - pilot həlak olub. Təyyarə yaşayış məskənindən aralıda düşdüyü üçün sakinlərə xəsarət yetirməyib.
   Tovuz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mahir Həsənov Lent.az-a bildirib ki, qəzaya uğrayan təyyarə MiQ deyil Su-25-dir. Onun dediyinə görə, hərbi hissədən təlim məqsədilə havaya qalxan 4 qırıcıdan 3-ü uğurla havalansa da, biri qanadında yaranmış nasazlıq səbəbindən havaya qalxa bilməyib və qəzaya uğrayıb.
   APA-ya Tovuz rayon Polis Şöbəsinin rəis müavini Adil Süleymanov məlumat verib ki, hadisə dünən saat 16.00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisində baş verib. Təyyarənin düşdüyü ərazidə yaşayış yoxdur.
   Rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.
   Tovuz rayonundan millət vəkili seçilən Qənirə Paşayeva da APA-ya açıqlamasında hadisə yerində olduğunu bildirib. Deputat baş verən hadisə barədə hələlik heç nə deyə bilməyəcəyini söyləyib.
   Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə APA-ya hazırda Bakıda ezamiyyətdə olduğunu bildirib. O, baş verən hadisə haqqında məlumatı olsa da, məsələnin hərbi sahəyə aid olduğunu əsas gətirərək, əlavə heç bir açıqlama verməyib.
   Tovuz rayonu Aşağı Ayıblı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə isə, hadisə baş verərkən havada 2 hərbi təyyarə olub. Təyyarələr o qədər də yüksəklikdən uçmayıb. Qəzaya uğrayan təyyarə əkin sahəsinə düşdüyündən, kənd sakinləri arasında itki olmayıb. Yalnız pilotun həlak olduğu bildirilir.
   Faktı respublika Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq edib. Qəza rayonun Düyərli və Aşağı Ayıblı kəndlərinin arasında qeydə alınıb.
   Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə isə, qəzaya bir təyyarə uğramayıb. Belə ki, havada iki qırıcı toqquşub və onlar Zəyəm çayına düşüb.
   Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
   Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, martın 3-də saat 17.00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı Su-25 hərbi təyyarəsi qəzaya uğrayıb.
   Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.
   Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" hərbi təyyarəsinin qəzaya uğramazdan əvvəl havada partladığı ehtimal olunur. Bu barədə APA-ya açıqlamasında Tovuz rayon Polis Şöbəsinin rəis müavini Adil Süleymanov bildirib. Onun sözlərinə görə, qəzaya təyyarədə baş vermiş nasazlıq səbəb olub. Hadisə yerində araşdırmalar davam etdirilir. Hadisə zamanı həlak olan pilotun meyiti isə artıq ərazidən götürülüb.
   APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə isə təyyarə Tovuz rayonunun Aşağı Ayıblı kəndindən 3 kilometr aralıda, boş sahədə yerə çırpılıb. Yerli sakinlərin dediyinə görə, hadisə baş verən zaman partlayış səsi eşidilməyib. Əraziyə hərbi qüvvələr cəlb edilib, jurnalistlər hadisə yerinə buraxılmırlar.
   Tovuz rayonunda Müdafiə Nazirliyi hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə APA-ya Hərbi Prokurorluqdan məlumat verilib.
   Məlumatda deyilir ki, hərbi prokurorun müavini, ədliyyə polkovniki Şəfahət İmranov, kriminalistika şöbəsinin rəisi, Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsini müstəntiqləri və prokuror-kriminalistləri hadisə yerinə ezam olunublar.
   
   Hərbi ekspertlər SU-25 barədə fərqli fikirlər söyləyir
   
   "Media forum" saytına danışan hərbi ekspert Üzeyir Cəfərov SU-25 hərbi təyyarəsinin qəzaya uğramasına müəmmalı hadisə saydığını vurğulayıb: "Şahidlər təyyarənin çox aşağıdan uçduğunu deyiblər. Bu təyyarələr adətən böyük yüksəklikdə uçur. Rəsmi məlumata görə, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq araşdırma aparır. Araşdırmanın nəticələrinin, qəzanın səbəblərinin ictimaiyyətə açıqlanması vacibdir".
   Ekspertin sözlərinə görə, Azərbaycan ordusu yaranan gündən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının arsenalında Rusiya istehsalı olan SU-25 hərbi təyyarələri var: "Azərbaycan sonradan daha çox MiQ-29 qırıcılarına üstünlük versə də, ordunun ixtiyarında SU-25 təyyarələri qalır. İnkişaf etmiş ölkələrin orduları bu təyyarələrdən istifadə etmir. Çünki SU-25-lər xeyli köhnəlib. Azərbaycan da son illərdə bu təyyarələrdən almayıb". Keçmiş müdafiə naziri, istefada olan general Dadaş Rzayev də martın 3-də Şəmkir rayonu ərazisində Azərbaycan Müdafiə Nazirliyinə məxsus SU-25 təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.
   "Media forum" saytına açıqlamasında D.Rzayev deyib ki, SU-25-lər SSRİ vaxtı hərbi aviasiyada əsas bombardmançı təyyarə olub: "Onu "uçan tank" adlandırırlar. Çünki onun raket, bomba daşıma gücü olduqca böyükdür. Bu təyyarələr tankları, istənilən digər zirehli texnikanı məhv edə bilir. SU-25 "göy-yer", "göy-göy" raketləri, pulemyot və başqa silahları daşıya bilir. Yəni bu, yaraqlanmış-silahlanmış çox yaxşı bir təyyarədir".
   Keçmiş nazir bildirib ki, SU-25 bu gün də dünyanın ən güclü hərbi hücum təyyarələrindən sayılır.
   Qəzaya gəlincə, D.Rzayev deyib ki, nə etmək olar, dünyada bu cür qəzalar az olmur.
   Generalın sözlərinə görə, SU-25-lər həmişə hərbi aviasiya sistemində təyyarələr arasında xüsusi çəkiyə malik olur: "Azərbaycan ordusu yaranandan SU-25 təyyarələri bizim hərbi aviasiyada digərlərindən çox olub".
   D.Rzayev qeyd edib ki, SU-25 heç vaxt tək uçmur, onu həmişə qırıcı müşayiət və müdafiə edir. Yerdən isə zenit artilleriyası onu izləyir: "Mən SU-25-i heç bir təyyarəyə dəyişməzdim. Bir təyyarənin qəzaya uğraması ilə demək olmaz ki, SU-25 yararsızdır. MİQ-29 daha çox qəzaya uğrayır".
   SU-25 təyyarəsinin istehsalına 1970-ci ildə SSRİ-də başlanıb. "Suxoy" Konstruktor Bürosunun istehsal etdiyi SU-25-in ilk uçuşu 1975-ci ildə həyata keçirilib. Bu təyyarənin istismarına 1981-ci ilin aprelindən başlanıb. Rusiyada onun istehsalı hazırda da davam edir.
   Rusiyanın "Moscow Defense Brief" jurnalının 2008-ci ilə olan məlumatına görə, Azərbaycan 2000-2007-ci illərdə Gürcüstandan 13 ədəd SU-25 alıb. Æurnal daha sonra Azərbaycanın daha 12 ədəd SU-25 aldığını yazıb və bu təyyarələrin Çexiyadan alındığı ehtimalını irəli sürüb.
   "Vikipediya"da yerləşdirilən bir məlumata görə, Azərbaycana ilk SU-25-i ikinci müstəqillik dövründə - 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyarəni arsenalına qəbul edib.
   Qeyd edək ki, Azərbaycanda belə bir hadisə 2008-ci il yanvarın 29-da da baş vermişdi. O zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MiQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb Xəzərə düşmüş, iki pilot həlak olmuşdu.
   
Sahil QULİYEV
Girov qətimkan tədbiri növünün işləməməsinin günahkarı prokurorlar imiş
Ramiz Rzayevin maraqlı bir fikrini müzakirə edən ekspert bu fikirdədir
Müzəffər Baxışov: "Ona görə məhkəmələr bu metoda əl atır ki, bu qurumlar müstəqil deyil"
Xəbər verildiyi kimi, Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. R.Rzayevin verdiyi məlumata görə, 2009-cu ildə Ali Məhkəmənin kollegiyaları və plenumunda 4862 işə baxılıb.
   Həmçinin, respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələrində 14 min 14 cinayət işinə baxılıb və 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. R.Rzayev 2008-ci ilə nisbətən 2009-cu ildə Ali Məhkəmədə baxılan işlərin 10 faiz artdığını deyib. R.Rzayevin açıqlamasından o da məlum olub ki, 10 ildir həbs-qətimkan tədbirlərinə məhkəmələr baxır: "2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbirinin seçilməsi prokurorluğun səlahiyyətində olub. Amma həmin ildən bu səlahiyyət məhkəmələrə verilib. Bunun da əsas məqsədi insanların hüquqlarının daha yaxşı qorunması idi. Amma təəssüflə demək lazımdır ki, bu belə olmadı". R.Rzayevin keçirdiyi mətbuat konfransında diqqəti çəkən məqamlardan daha biri: "Təəssüflər olsun ki, hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verir. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır". Bir çox ölkələrdə həqiqətən də girov qətimkan tədbiri tətbiq olunur. Qoyulan müəyyən həcmdə girov müqabilində ittiham olunan həbsdə saxlanmır. Bəs Azərbaycanda niyə bu metoddan istifadə olunmur? Məsələyə münasibət bildirən Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, böyük ictimai təhlükə törətməyən müttəhimlərə girov qətimkan tədbiri tətbiq oluna bilər: "Bu, qiymətli kağız və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər. Girov yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər, az ağır və bir də ehtiyatsızlıq üzündən ağır cinayət törətmiş şəxslərə tətbiq oluna bilər. Əslində girov həbs-qətimkan tədbirinə nisbətdə daha sərt tədbirdir. Təsəvvür edin ki, hansısa şəxs az ağır bir cinayət törədib və ona görə 10 min manat pul girov qoyub. Həmin şəxs istintaqdan qaçıb gizlənərsə, girov dövlətin nəfinə keçəcək. Deməyim odur ki, həbs qətimkan tədbirinin 10 növü var. Ancaq bizdə, təəssüflər olsun ki, məhkəmələr həbs qətiimkan tədbirinə üstünlük verir. Halbuki, digər qətimkan tədbirlərinin görülməsi üçün geniş imkan olur. Azərbaycanda ona görə məhkəmələr bu metoda əl atır ki, bu qurumlar müstəqil deyil. Bir qayda olaraq, məhkəmələr prokurorlardan çəkinir. Ona görə də verilən təqdimatlar qəbul edilir və bir qayda olaraq həbs-qətimkan tədbiri seçilir".
   
   
Vidadi ORDAHALLI
Kənd Təsərrüfatı Nazirliyində yeyinti(?)
Əkin sahələrinin həcminin şişirdilməsi kompensasiyanın mənimsənilməsi ilə bağlıdır
Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalçılarına ayrılan kompensasiyanın bir qismini mənimsəyib. Nazirlik buna taxıl əkin sahələrinin həcmini şişirtməklə nail olub.
   Bunu "OLAYLAR"a İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehdiyev deyib. A.Mehdiyev bildirib ki, ölkə əhalisinin taxıla tələbatı xarici istehsalla ödənilir. Dünya bazarına çıxarılan taxılın qiymətində isə bahalaşma gözlənir. Həmçinin, dünyada taxıl əkin sahələrinin azalması da proqnozlaşdırılır:
   "Azərbaycanda da taxıl əkin sahələrinin azalması haqqında məlumatlar verilir. Bu da son nəticədə taxıl qıtlığına səbəb ola bilər". Taxıl qıtlığı isə qiymətlərdə özünü büruzə verəcək.
   
İlham Əliyev Avropa İttifaqının sədri ilə Qarabağ məsələsini müzakirə etdi
Prezident Avropa Xalq Partiyasının sədri ilə də müzakirələr apardı
Azərbaycan Prezidenti İlham Əliyev dünən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyası vitse-prezidenti adından Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
   APA-nın "AzərTAc" a istinadən verdiyi məlumata görə, xarici işlər naziri Migel Anhel Moratinos İspaniyanın sədrliyi dövründə Avropa İttifaqının xarici əlaqələrində Azərbaycanın prioritet olduğunu bildirib.
   Ölkəmizlə Avropa İttifaqı arasında kifayət qədər fəal əlaqələrin olduğunu bildirən Prezident İlham Əliyev özünün Brüsselə və eləcə də Avropa İttifaqı komissarlarının ölkəmizə səfərlərinin əməkdaşlığımızın daha da möhkəmlənməsi baxımından önəmini qeyd edib.
   Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
   Prezident İlham Əliyev martın 2-də, həmçinin, Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib.
   Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
   
Xəbər xidməti
Müsavatın maliyyə durumu seçki tələblərinə uyğun deyil, "Ümid" isə...
"Namizədlər də öz imkanlarını səfərbər etməlidir"
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində diqqət yetirilən məsələlərdən biri də siyasi qüvvələrin burada hansı formada iştirak edəcəyi və hansı nəticələrə nail olacağıdır. Proseslərin gedişi göstərir ki, seçkilər ərəfəsində birlik yarada bilməyən müxalifət qüvvələri ayrı-ayrılıqda seçkiyə qatılmalı olacaq.
   Lakin bu məsələdə də müxalifətin daha bir zəif nöqtəsi var. Belə ki, indi də müxalifət partiyaları maliyyə çatışmazlığından şikayətlənir.
   Onlar etiraf edir ki, hər bir dairə üzrə namizədlərin, ümumilikdə isə partiyanın seçki kampaniyasını aparmaq üçün yetərli maliyyə resurslarına malik deyillər. Məsələn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "milli.az" portalına bu məsələdə vəziyyətin ürəkaçan olmadığını bildirir: "Müsavatın maliyyə durumu acınacaqlıdır. Partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi hələ öz həllini tapmadığından, bu bizim üçün problem olaraq qalır. Müsavat müxalifət partiyasıdır, ona görə də sərbəst maliyyə mənbələri cəlb etmək çox çətindir".
   A.Hacılının sözlərinə görə, maliyyə ehtiyatları olmadan seçki kampaniyasında ciddi uğur qazanmaqdan söhbət gedə bilməz: "Ona görə də seçkiyə qalan dövr ərzində maliyyə ehtiyatları əldə etməyə çalışacağıq. İlk növbədə seçkidə iştirak edəcək namizədlər imkanlarını səfərbər etməlidir".
   Ümid Partiyası isə parlament seçkisilə bağlı maliyyə məsələlərini Ali Məclisin iclasında həll edəcək. Partiyanın sədri İqbal Ağazadənin sözügedən portala verdiyi məlumata görə, bu məsələ Ali Məclisin martın 7-də keçiriləcək iclasında həll olunacaq. "İndidən bu barədə nəsə deyə bilmərəm. Çünki bu məsələ mənim yox, Ali Məclisin səlahiyyətindədir".
   Lakin onu da qeyd edək ki, maliyyə məsələsində daha bir maraqlı məqam partiyaların bununla bağlı hesabatları ətrafındadır. YAP istisna olmaqla, heç bir partiya belə hesabat vermir. Xatırladaq ki, 2009-cu il üzrə hesabatını YAP yanvarın sonunda verib. Hesabatda bildirilir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyasının üzvlük haqlarından cəmi mədaxili 2 milyon 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 milyon 374 176 manat olub ki, bunun da 1 milyon 426 587 manatını Yeni Azərbaycan Partiyasının İcra Katibliyində şəhər rayon təşkilatlarında çalışan əməkdaşların əməkhaqqı fondu təşkil edib.
   
Tahir TAĞIYEV
Kıbrısın Bakıdakı elçisi narahatdır
Zəki Qazioğlu: "Anlaşma əldə edilmədən tək bir türk əsgərinin adadan geri çəkilməsinə Kıbrıs türk xalqı razı deyil"
"Kıbrıs probleminin həllilə bağlı hər hansı anlaşma əldə edilmədən tək bir türk əsgərinin belə adadan geri çəkilməsinə Kıbrıs türk xalqı razı deyil". Bu fikirləri "OLAYLAR"-a Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Kıbrısdan türk əsgərlərinin geri çəkilmə mümkünlüyü barədə verdiyi bəyanata münasibət bildirərkən səsləndirib: "Türkiyənin bütün siyasi rəsmiləri, o cümlədən türk ordusunun rəhbərliyi və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin siyasiləri Kıbrısda bir anlaşma olduqdan sonra türk ordusunun adadan çəkiləcəyini dəfələrlə söyləyiblər. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın da söylədiyi məhz budur ki, yalnız anlaşma əldə edildikdən sonra türk ordusu adadan çəkilə bilər. Anlaşma əldə ediləcəyi təqdirdə türk əsgərinin nə qədər adada qalacağı məsələsi də razılaşdırılacaq".
   
Arzu Səmədbəyli Təbrizdə Oqtay Əsədova traktor bağışlanmasının rəmzi mənasını tapıb
"Təbrizin "Traktor" adlı futbol komandası var"
Milli Məclisin sədri Oqtay Əsədova İrana səfəri zamanı traktorun bağışlanması rəmzi xarakter daşıya bilər. Bunu deyən millət vəkili Arzu Səmədbəylinin sözlərinə görə, Təbrizin "Traktor" adlı futbol komandası var və bu komanda güclü dəstəyə malikdir: "Praktikada, adətən rəsmi şəxslərə müxtəlif hədiyyələrin verilməsinə rast gəlinir. Amma bunun hansısa siyasi, yaxud digər məqsədlərlə bağışlanması barədə dəqiq fikir söyləmək olmaz. Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə İran səfəri barədə məlumat verərkən də bu barədə deputatlara bilgi verilməyib. Spiker, sadəcə olaraq, İran səfərindən razı qaldığını, rəsmilərlə görüşdə bizi narahat edən məsələlər ətrafında müzakirələr aparıldığını bildirdi. Milli Məclis sədrinin açıqlamasında ona hədiyyə olaraq traktor verilməsi barədə məlumat olmadı. Ancaq bu barədə mətbuatda gedən məlumatı konkret nə iləsə izah etmək çətindir".
   
Avropanın insan haqları komissarı Hammerberq Naxçıvanda görüşlər keçirib
Azərbaycanda səfərdə olan Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq martın 2-də Naxçıvanda vətəndaş cəmiyyəti institutlarının təmsilçilərilə görüşüb. Bu xəbəri "Turan"a bölgə müxbiri verib.
   Xəbərə görə, T.Hammerberq Demokratiya və QHT-lərin İnkişafı Resurs Mərkəzinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun təmsilçiləri, hüquq müdafiəçilərilə görüş keçirib. Naxçıvanda insan haqları, söz azadlılğı, keçən il dekabrın sonunda baş vermiş Bənəniyar hadisələri, hüquq müdafiəçilərinə təzyiqlər, Resurs Mərkəzində aparılan yoxlamaların görüşdə diqqət mərkəzində olub. Hammerberqin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla, ombudsmanla görüşü gözlənir. Mənbənin məlumatına görə, bununla yanaşı, onun Bənəniyar kəndinə getməsi, mərhum Rza Nuriyevin ailə üzvləri, kəndin axundu, sakinlərlə görüşü də nəzərdə tutulur.
   
TURAN
Qəzetlərimizdə Xəbər Ombudsmanı postu yaradıla bilər
Əflatun Amaşov Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsilə görüşüb
Dünən Sosial İnformasiya Agentliyinin və Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının dəvətilə Azərbaycanda səfərdə olan Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsi C.B.Hanif Azərbaycan Mətbuat Şurasında olub.
   Qonağı qəbul edən MŞ sədri Əflatun Amaşov onu rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə məlumatlandırıb. Müxtəlif kütləvi informasiya vasitələrində peşə prinsiplərinin pozulması ilə bağlı Şuranın reallaşdırdığı tədbirlərdən söz açan Ə.Amaşov qarşıdakı fəaliyyət istiqamətlərinə də diqqət yetirib. C.B.Hanif çıxışında xəbər ombudsmanının beynəlxalq aləmdə qəbul edilmiş vəzifələrindən danışıb. Onun sözlərinə görə, bu təsisatın əsas missiyası oxucuların redaksiyadan şikayətini araşdırmaqdır. Öz təcrübəsindən ətraflı bəhs edən C.B.Hanif bildirib ki, qəzetdə xəbər ombudsmanı işlədiyi dövrdə oxucuların şikayətinə daim redaksiya rəhbərliyindən və ya şikayətə səbəb olan yazıların müəlliflərindən yazılı cavablar alıb, bu cavablar əsasında hər həftə qəzetdə məqalə ilə çıxış edib. "Beynəlxalq Ombudsmanlar Birliyi dünyanın müxtəlif ölkələrində xəbər ombudsmanı təcrübəsinin tətbiqinə yardım edir. Onu deyim ki, hər bir ölkədə xəbər ombudsmanının fəaliyyəti, vəzifələri həmin yerin səciyyəvi xüsusiyyətlərinə, problemlərinə uyğun təşkil olunur: "Onların müxtəlif modelləri var. Azərbaycana bu işin təşkilinə bacardığımız köməyi göstərmək niyyətindəyik".
   
RAMİL
Əli Həsənov BMT-yə yalançı dedi
BMT-nin Azərbaycandakı qaçqın və məcburi köçkünlərin hüquqi və sosial təminatındakı boşluqlarla bağlı hazırladığı təhlil-sənəddə dəyişikliklər edilib.
   Sənədin təqdimatı zamanı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov üzə çıxan dəyişikliklərə etirazını bildirib. Komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, iki il müddətində Avropa Komissiyasının maliyyə dəstəyilə hazırlanan material Azərbaycan hökuməti tərəfindən tam nəzərdən keçirilib, layihə bütün aidiyyatı qurumlara təqdim edilərək üzərində düzəlişlər aparılıb. Lakin sənədin təqdimatı zamanı bir sıra dəyişikliklər baş verib: "Təqdimatda elə məsələlər deyilir ki, ümumiyyətlə elə bir problem mövcud deyil. Bu sənəd BMT adından bütün dünyaya yayılır, ona görə məcbur oldum ki, bəzi qeyri-obyektiv fikirlərə düzəliş və tövsiyələrimi edim. Xahiş etdim ki, həmin sənədi yenidən hazırlasınlar. Bütövlükdə isə, hesab edirəm ki, sənəd məqbul və vacibdir". Qeyd edək ki, sənəddə qaçqın və məcburi köçkünlərin təhsil, səhiyyə, məskunlaşma və yerli əhali ilə inteqrasiya sahəsindəki problemlər əksini tapıb.
"Nissan Motor" avtomobillərində də nöqsanlar aşkarlanıb
Yaponiyanın "Nissan Motor" şirkəti dünya bazarından 540 min ədəd avtomobil modelini geri çağırır.
   "APA-Economics"in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, şirkət 2008-2010-cu illərdə istehsal olunmuş "Nissan Titan", "Nissan Armada", "Infiniti QX56", 2008-2009-cu illərdə istehsal olunan "Nissan Quest", həmçinin 2005-2008-ci illərin "Nissan Pathfinder" və "Nissan Xterra" modellərini geri çağırır. Bunun əsas səbəbi sözügedən modellərdə avtomobili hərəkətə gətirən pedallarda nöqsanın üzə çıxmasıdır. "Nissan Motor" şirkəti adıçəkilən avtomobil modellərini martın 22-dən etibarən geri çağırmağa başlayacaq. İndiyədək sözügedən modellərdə üzə çıxan nöqsan ucbatından hələ heç bir qəza vəziyyətinin yaranmamasına baxmayaraq, şirkət bu modellərin sahiblərinə diler mərkəzlərinə müraciət etməyi tövsiyə edir.
   
Nəsimidə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Yanğın nəticəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus yeraltı telefon kabellərinin 0,5 pm hissəsi yanaraq sıradan çıxıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
   
İndoneziyada ağcaqanadların yaydığı, hələlik elmə az məlum olan xəstəlikdən 17 min adam ölüb
İndoneziyanın Sumatra adasındakı Lampunq əyalətində az öyrənilmiş xəstəliyə yoluxmuş adamların sayı 17 min 370 nəfərə çatıb. APA-nın məlumatına görə, 2 həftə əvvəl yerli hakimiyyət orqanları artıq Lampunqun Sidomulyo şəhərində az öyrənilmiş çikunqunya xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə rejim elan edib.
   Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır və onun xarakterik xüsusiyyətlərindən biri yüksək qızdırmadır.
   
   
Alı Qocayev Binəqədidə neft ərazilərinin 1 sotunu 1000 manata satır
Binəqədidə qanunsuz torpaqda evlər necə tikilir?
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisindəki qeyri-yaşayış sahələrində mənzil və obyektlərin tikintisinə şərait yaradır.
   Bu barədə "OLAYLAR"a Binəqədi sakinləri məlumat verib. Məlumata görə, icra başçısı Alı Qocayev rayonda neft əraziləri, yüksəkgərginlikli elektrik xətlərinin altındakı boş sahələri satmaqla məşğuldur. Bələdiyyə və icra nümayəndəsinin əli ilə vətəndaşlara təhlükəli ərazilərdə yer verən Alı Qocayev bunun üçün həmin vətəndaşları o ki var xərcə salır. Sakinlər bildirir ki, artıq Binəqədidə neft ərazilərinin 80 faizə yaxını zəbt olunub. İcra başçısının göstərişilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Amma buna görə vətəndaşlara icra başçısı heç bir rəsmi sənəd vermir. Sakinlər deyir ki, vətəndaşı razı salmaq üçün Alı Qocayev tabeliyində olan icra nümayəndələri və qeyri-rəsmi tabeliyinə keçirdiyi bələdiyyə sədrlərinə tapşırıq verir ki, onlar vətəndaşlara saxta sənədlər versin. Bələdiyyə və icra nümayəndələri də icra başçısının tapşırığı ilə rəhbərlik etdikləri qurumun adından onlara saxta müqavilələr verir. Həmin müqavilə əsasında da vətəndaşların ev tikməsinə şərait yaradılır. Amma vətəndaşların təhlükəsizliyinə nə Alı Qocayev, nə də digər qurumlar təminat verir. Sakinlər deyir ki, iş o yerə çatıb, Alı Qocayevin tapşırığı ilə hətta Binəqədi rayonu ərazisində "gecəqondu" kimi tikilən həmin evlər ərazidəki işləyən neft buruqlarını da həyətlərinə salıb. Dövlət Neft Şirkəti əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, Alı Qocayevin adamlarının verdiyi saxta müqaviləyə görə, neft buruğunun ərazisi vətəndaşa satılıb. Sakinlər deyir ki, icra başçısına pul verməyən vətəndaşlar həmin ərazilərdə torpaq sahəsi zəbt edə bilməz. Həmin şəxslər dərhal icra başçısının hay-küyü ilə ərazidən uzaqlaşdırılır.
   
Qala qəsəbəsində Gülmalıyevlər ailəsində ağır qətl...
Ər arvadını baltaladı
Bakıda ər arvadını baltalayıb. Əzizbəyov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qala qəsəbəsində baş verib.
   Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Saday Gülmalıyev balta ilə həyat yoldaşı, 1964-cü il təvəllüdlü Aybəniz Gülmalıyevaya baş nahiyəsindən xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Saday Gülmalıyev hadisəni törədəndən sonra könüllü polisə təslim olub. O, ilkin dindirilmə zamanı hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
Vahid Əziz infarkt keçirdi
Azərbaycanın görkəmli şairi Vahid Əziz dünən ürək infarktı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Milli.Az-ın verdiyi xəbərə görə, şair dünən saat 11-00 radələrində 5 saylı xəstaxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, həkimlərin təcili müdaxiləsi nəticəsində şairin vəziyyəti hazırda nisbətən yaxşıdır. Həkimlər, ən azı, bir həftə Vahid Əzizin xəstəxanada müalicə alacağını bildirir.
   
Məhkəmə bloggerlərin vəsatətini təmin etmədi
Bakı Apelyasiya Məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən Adnan Hacızadının vəkili İsaxan Aşurovun məhkəmə tərkibinə etiraz bildirməsi barədə vəsatəti haqda məhkəmənin qərarı elan olunub. Müdafiə tərəfinin əvvəlki və indiki məhkəmə instansiyalarında işin ədalətsiz araşdırılmasına, məhkəmə tərkibinə etiraz bildirən vəsatəti təmin olunmayıb. Qərarda bildirilib ki, proses eyni tərkibdə davam etdiriləcək. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib. Məhkəmə bunu qəbul edib və prosesin martın 10-da davam etdirilməsini qərara alıb.
   
Misir Mərdanov məktəb direktorlarına 8 Mart xəbərdarlığı etdi
"Pul yığılan məktəbin..."
"8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanda hansısa məktəbdə direktor tərəfindən pul yığılması faktı aşkarlanarsa, həmin direktor vəzifəsindən azad olunacaq".
   APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.
   Nazirin sözlərinə görə, artıq onlara bəzi məktəblərdən bununla bağlı müəyyən məlumatlar daxil olur: "Biz bütün bunları qanunsuz hesab edirik və pisləyirik. Müxtəlif adlar altında bunu edənlərin hərəkətlərini qanunsuz hesab edirik. Mətbuatı da bununla bağlı gündəlik izləyirik. Məktəb direktoru bu işlərlə məşğul olarsa, belə hallar aşkarlanarsa, onlar vəzifədən azad olunacaq və müxtəlif intizam tədbirləri görüləcək. Heç kəsin belə bir addım atmağa ixtiyarı yoxdur, xüsusilə də müəllimlərin".
   Nazir ötən il "müəllimlər günü" ərəfəsində də belə faktlar aşkarlandığını və bu işlə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görüldüyünü açıqlayıb.
   
Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü deyib ki, Novruz bayramı ərəfəsi əfv sərəncamının imzalanacağı gözlənmir.
   "Azərbaycan Prezidenti ötən ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsi əfv sərəncamı imzaladığından, indi yeni sərəncam verilməyəcək", Bu sözləri çərşənbə günü Trend News-a Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.
   Səmədoğlunun sözlərinə görə, komissiya üzvlərinə əfv olunmaq üçün məhbuslardan yeni ərizələr daxil olsa da, hələ ki, heç bir müzakirə aparılmayib. "Novruz bayarmına qədər komissiyanın iclaslarının keçirilməsi də nəzərdə tutulmur. Ona görə bayram ərəfəsi yeni əfv sərəncamının imzalanacağı real deyil" - millət vəkili əlavə edib.
   
Yuliya Timoşenko istefaya göndərildi
Viktor Yanukoviç hakimiyyəti tam ələ keçirir
Ukrayna Ali Radası martın 3-də səs çoxluğu ilə baş nazir Yuliya Timoşenkonu istefaya göndərib. Lent.az-ın "Rada" telekanalına istinadən verdiyi məlumata görə, qərarın lehinə zalda olan 404 deputatdan 243-ü səs verib.
   Timoşenkonun istefasına Regionlar Partiyası, "Litvinin bloku" fraksiyasının böyük hissəsi, eləcə də "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" fraksiyasının bir hissəsi səs verib. Timoşenkonun istefasına onun blokunun 7 üzvü də səs verib. "Yuliya Timoşenko bloku"nun digər deputatları, eləcə də "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi"nin böyük hissəsi səsvermədə iştirak etməyib.
   Qeyd edək ki, bundan bir gün əvvəl Radanın spikeri Vladimir Litvin hakim koalisiyanın dağıldığını elan edib.
   Bundan sonra Regionlar Partiyası parlamentdə yeni çoxluq təşkil etməli və baş naziri seçməlidir.
   
Qobustanın rəis müavini Qəbələyə polis rəisi getdi
Qəbələ Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. APA-nın yerli bürosunun xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrilə Qobustan Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyən mayor Etibar Abduyev Qəbələ rayon Polis Şöbəsinə rəis təyinatı alıb.
   Qeyd edək ki, Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polkovnik Əkbər Yusifov nazirin digər əmrilə vəzifəsindən azad olunaraq Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilib.
   
   
   
Ordumuzun zabiti "Asiman" firmasının rəhbərini güllələdi
Emin Hüseynovun ağır cinayəti torpaq mübahisəsinə görə törətdiyi deyilir
Azərbaycanda hərbçi şirkət rəhbərini güllələyib. Bu barədə APA-ya Əzizbəyov Rayon Prokurorluğundan məlumat verilib.
   Hadisə martın 2-dən 3-ə keçən gecə paytaxtın "Albalılıq" yaşayış massivində qeydə alınıb. Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən "N" saylı Hərbi Hissəsinin xidmət rəisi, 1977-ci il təvəllüdlü kapitan Emin Hüseynov özünə məxsus ov tüfəngi ilə şəxsi münaqişə zəminində "Asiman" firmasının rəhbəri, 1972-ci il təvəllüdlü Vüqar Əliyevi güllələyib. Qarın boşluğundan aldığı iki güllə yarası ilə xəstəxanaya yerləşdirilən V.Əliyevin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törədən E.Hüseynov artıq saxlanıb.
   Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. "OLAYLAR"a daxil olan məlumata görə, şirkət rəhbərinin güllələnməsinə səbəb tərəflər arasında baş vermiş münaqişə olub. Tərəflər arasında baş verən torpaq mübahisəsi nəticəsində hərbçi şirkət rəhbərini güllələyib. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə məsələ ilə bağlı Əzizbəyov Rayon
   Prokurorluğunun məlumat yaydığını bildirdi.
   
Xəbər xidməti
 
 
 SON XƏBƏRLƏR
2010-03-04 Qobustanın rəis müavini Qəbələyə polis rəisi getdi
2010-03-04 Yuliya Timoşenko istefaya göndərildi
2010-03-04 Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq
2010-03-04 Misir Mərdanov məktəb direktorlarına 8 Mart xəbərdarlığı etdi
2010-03-04 Məhkəmə bloggerlərin vəsatətini təmin etmədi
2010-03-04 Vahid Əziz infarkt keçirdi
2010-03-04 Qala qəsəbəsində Gülmalıyevlər ailəsində ağır qətl...
2010-03-04 Alı Qocayev Binəqədidə neft ərazilərinin 1 sotunu 1000 manata satır
2010-03-04 İndoneziyada ağcaqanadların yaydığı, hələlik elmə az məlum olan xəstəlikdən 17 min adam ölüb
2010-03-04 Nəsimidə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb
2010-03-04 "Nissan Motor" avtomobillərində də nöqsanlar aşkarlanıb
2010-03-04 Əli Həsənov BMT-yə yalançı dedi
2010-03-04 Qəzetlərimizdə Xəbər Ombudsmanı postu yaradıla bilər
2010-03-04 Avropanın insan haqları komissarı Hammerberq Naxçıvanda görüşlər keçirib
2010-03-04 Arzu Səmədbəyli Təbrizdə Oqtay Əsədova traktor bağışlanmasının rəmzi mənasını tapıb
2010-03-04 Kıbrısın Bakıdakı elçisi narahatdır
2010-03-04 Müsavatın maliyyə durumu seçki tələblərinə uyğun deyil, "Ümid" isə...
2010-03-04 İlham Əliyev Avropa İttifaqının sədri ilə Qarabağ məsələsini müzakirə etdi
2010-03-04 Kənd Təsərrüfatı Nazirliyində yeyinti(?)
2010-03-04 Girov qətimkan tədbiri növünün işləməməsinin günahkarı prokurorlar imiş
2010-03-04 Bakıxanov qəsəbəsində Yeganə Zeynalova dələduzluqda şübhəli bilinib
2010-03-04 "İlham Əliyev mənə dedi ki, siz yeri seçin, binanı tikək"
2010-03-04 "Qış bulvarı"nın doğurduğu rezonansa hüquq müdafiəçiləri də qarışdı
2010-03-04 "AzAL"da yeni maliyyə qalmaqalı...
2010-03-04 Azərbaycanda dollar qıtlığı yarana bilər
2010-03-04 Nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri ətrafında mübahisə başlayıb
2010-03-04 İran casusları Milanda həbs edilib
2010-03-04 İsa Qəmbər Avropa İttifaqı sədrinin müxalifət rəhbərlərilə görüşündə iştirak edə bilmədi
2010-03-04 İsrailin baş naziri və MOSSADın şefinin həbs olunması tələb edilir
2010-03-04 "Reket" qəzetlərin baş redaktor və himayədarları nəyi anlamır?
2010-03-04 Qulamhüseyn Əlibəyli müxalifətdə agent axtarışları söhbətinə cavab verdi
2010-03-04 Britaniyanın enerji naziri son yarım ildə ikinci dəfə Bakıya gəlib
2010-03-04 Mirmahmud Mirəlioğlu Müsavatdan gələn xəbəri təkzib etdi
2010-03-04 "30 kq-lıq çanta arxamda, 4 kq-lıq çəkmə ilə ayaq döyüb işimi görmüşəm"
2010-03-04 Ermənistanın ATƏT-ə göndərmək istədiyi antiazərbaycan sənədi politoloqların müzakirəsinə çıxdı
2010-03-04 Rusiyanın Qarabağ müharibəsində neytrallığı çarpaz rəylər doğurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Yanukoviç Şimali Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq fikrində deyil
2010-03-04 ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
2010-03-04 Yanukoviçin adamları da Yuşşenkonun baş nazir olmasına meyllənir
2010-03-04 Rusiya və Çinin İranla bağlı veto hüququndan istifadəsinə imkan verməyəcəyik
2010-03-04 ABŞ-ın məşhur silah və enerji şirkətləri uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinə "yox" dedi
2010-03-04 Nazir və icra başçısı Daxili Qoşunların hərbi hissələrindən birində qonaq oldu
2010-03-04 Azərbaycanda bankların çoxluğu barədə BVF-dən irad gəldi
2010-03-04 Tarif Şurası ləğv edilir(?)
2010-03-04 Azərbaycanda ev təmiri kreditlərinə tələbat getdikcə artır
2010-03-04 Əli və Hacı Rasim Hüseynovun "Fiat"ını Şüvəlana sürdürdü və...
2010-03-04 Cəlilabadın İnili sakininin 87 sot torpağını "mal örüşü" adı ilə əlindən alıblar...
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov da, Kamil Sədrəddinov da indi həbsdədir"
2010-03-04 Dünya Ticarət Təşkilatından kənarda nə itirib, nə qazanırıq...
2010-03-04 Kənan Kərimov bacısının namusu üstündə qətlə görə 9 il aldı
2010-03-04 Deyəsən, soyad sonluqlarına dair mübahisələrdə "zadə" qalib gələcək
2010-03-04 Azərbaycanlı alim Çili zəlzələsinin Yeri öz oxundan araladığı barədə deyilənlərlə razılaşmır
2010-03-04 "Həmin ifadələrə imza atan Zakir Nəsirov Yasamalda taxta sexi yanıb
2010-03-04 Azərbaycanda böyük həcmdə kartofu məhv olmaq təhlükəsi gözləyir
2010-03-04 Səfərdə 2 qol vurduq yığmanın tarixinə düşdük
2010-03-04 Bakı "İnter"inin hücumçusu Anqolaya qol vurdu
2010-03-04 Dünya klublarının reytinqi açıqlandı
2010-03-04 Fatih Terim "Beşiktaş"ın başına gətirilir?
2010-03-04 Françesko Totti İtaliyanın ən yaxşı futbolçusu seçildi
2010-03-04 Blatter ofsaydın ləğv olunmasını təklif edir
2010-03-04 Arda Turan ingilis klubu ilə anlaşıb?
2010-03-04 Hiddinqi Rusiyada Kapello əvəzləyə bilər
2010-03-04 "Xəzər Lənkəran" - "Standard" qarşılaşmasında insident
2010-03-04 Sabunçuda İlqar Əhmədovla Anar Xudayarov maşınları toqquşdurdular
2010-03-04 Üç bakılı, bir tərtərli Gəncə sakinini Bakıda bıçaqladılar
2010-03-04 Yardımlıda da torpaq sürüşməsi başlayıb
2010-03-04 Bakı-Sumqayıt yolunda "Nizami" kafesi priton kimi işləyir
2010-03-04 Nardaran məscidində cibgir qadın tutulub
2010-03-04 Mobil rabitə sahəsində tariflər aşağı salınacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009