.jpg)
Yasamal Rayon Məhkəməsinin "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov barəsində fevralın 3-də çıxardığı hökmdən apelyasiya şikayəti verilib. "Media forum" saytına danışan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun sözlərinə görə, nazirliyin səlahiyyətli nümayəndələri Nazil Əliyev və Dableyka Quliyev DİN əməkdaşları adından şikayət hazırlayıb: "Apelyasiya şikayətində cəzanın daha da sərtləşdirilməsi istənilir. Nazirlik əməkdaşları hesab edir ki, baş redaktora verilən cəza törətdiyi əmələ, polisi nahaqdan cinayət əməllərində günahlandırmasına adekvat deyil. Ona görə də xahiş edilir ki, Əyyub Kərimova verilən cəza sərt olsun". Yasamal Rayon Məhkəməsi Ə.Kərimovu Daxili İşlər Nazirliyinin veteranlarının iddia ərizəsi əsasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilib. Baş redaktor aylıq maaşından 15 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub. 220 manat məbləğində məhkəmə xərcləri və məhkəmə ekspertiza xərcləri də Ə.Kərimovun hesabına ödənəcək. Polis əməkdaşları və veteranları adından verilmiş iddiada deyilir ki, baş redaktor "Femida-007" qəzetində "Məktubbazlıq", "MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir" başlıqlı, "Azadlıq" qəzetində isə "DİN oyunun içində və oyundankənar vəziyyətdə" sərlövhəli yazılarda polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, nazirə isə böhtan atıb.