Avropa İttifaqı Türkiyə və Ermənistanı protokolları qeyd-şərtsiz ratifikasiya etməyə çağırdı
.jpg)
Avropa İttifaqı Türkiyə və Ermənistanı heç bir ilkin şərt irəli sürmədən Sürix protokollarını ratifikasiya etməyə və həyata keçirməyə çağırır.
APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, bu bəyanatla İspaniyanın xarici işlər naziri, Avropa İttifaqına sədrlik edən Migel Anhel Moratinos çıxış edib. O bildirib ki, Avropa İttifaqı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və tərəfləri bu prosesə sadiq olmağa çağırır. Geniştərkibli nümayəndə heyətilə İrəvana gələn Moratinos Ermənistan prezidentinin protokolları parlamentə göndərməsini, Türkiyə prezidentinin isə Ermənistanla dialoqu davam etdirməyə hazır olduğunu bəyan etməsini alqışlayıb: "Avropa İttifaqı Ermənistan-Türkiyə prosesini dəstəkləyir. Protokolların imzalanması iki ölkə arasında münasibətlərdə mühüm tarixi dönüş nöqtəsidir. Avropa İttifaqı bu prosesə cəlb olunmaq istəyir. Ortada imzalanmış sənədlər varsa, bu proses davam etməli və protokollarda göstərilən məqamlar həyata keçirilməlidir".