.jpg)
Dağlıq Qarabağ münaqişəsilə bağlı olaraq yenidən bir sıra maraqlı məlumatlar gündəmə gəlməkdədir. Məsələ ilə əlaqədar bu dəfə daha çox diqqət cəlb edən hal isə Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyanın İrəvanda təşkil olunmuş mitinqdə verdiyi açıqlamalardır.
Serj Sarkisyan iqtidarının həm Dağlıq Qarabağ münaqişəsi, həm də Türkiyə ilə münasibətlərdə uduzduğuna əminliyini ifadə edən Levon Ter-Petrosyan bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılması məsələsi artıq həllini tapıb: "Prezidentlərin Soçi görüşündən sonra isə tərəflərin, sanki həllin açarını tapdığına dair qənaət yaranıb. Yaxın vaxtlarda bu məsələyə aydınlıq gələcək". O, istənilən halda, münaqişənin həll mərhələsinə qədəm qoyduğunu söyləyib: "Fikrimcə, Ermənistanla Azərbaycan Dağlıq Qarabağın gələcək statusu, oraya sülhməramlıların yerləşdirilməsi, həmçinin iki ölkə arasında quru sərhədlərinin müəyyənləşdirilməsi məsələlərinin də açarını tapıb".
Türkiyə ilə münasibətlərə gəlincə, Ter-Petrosyan hesab edir ki, rəsmi İrəvan ilk gündən Ankaranın istənilən halda Azərbaycanın maraqlarını nəzərə alacağını bilməli idi. "Beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqlər etməsi haqda deyilənlər isə siyasi şoudur" - deyə müxalifət lideri bildirib: "Türkiyə və Ermənistan parlamentləri Sürix protokollarını ratifikasiya etmədiyi üçün çoxları prosesin dalana dirəndiyini bildirir. Lakin heç bir dalana dirənmədən söhbət getmir. Çünki Türkiyə prosesdən istədiyini alıb. Ankara son illər boyunca əsas hədəfi olan soyqırımın tanınması prosesini dayandırıb. Hazırkı mərhələdə Serj Sarkisyanın xarici siyasətinin dalana dirəndiyi haqda danışılmalıdır".
Ermənistan prezidenti və Konstitusiya Məhkəməsinin Sürix protokolları ilə bağlı fəaliyyətini sərt tənqid edən Ter-Petrosyan hesab edir ki, bunlar Türkiyəyə hədiyyədir: "Daha bir belə təşəbbüs irəli sürülsə, nə Ermənistandan, nə də Qarabağdan bir şey qalacaq".
Ermənistan Demokrat Partiyasının lideri Stepan Dəmirçyan isə Qarabağ münaqişəsilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlərin artdığını söyləyib: "Qarabağ danışıqlar prosesindən kənarlaşdırılıb. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində qeyri-müəyyənlik var. Ermənistanın bu protokolları imzalamaqla nə qazanacağı bilinmir. Bu qarışıq situasiyadan çıxmağın yeganə yolu yeni və ədalətli seçkilərin keçirilməsidir".
Bu arada o da məlum olub ki, "Madrid prinsipləri"nin razılaşdırılmamış məqamları ilə bağlı İrəvanın təklifləri artıq ATƏT-in Minsk Qrupuna təqdim edilib. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda ispaniyalı həmkarı, Avropa İttifaqının sədri Migel Anhel Moratinosla keçirdiyi birgə mətbuat konfransında deyib. Bununla yanaşı, o, jurnalistləri bundan sensasiya düzəltməməyə çağırıb. "Razılaşdırılmamış məqamlarla bağlı təkliflərin irəli sürülməsi adi prosesdir".
"Milli.az" xəbər portalının məlumatına görə, Nalbandyan daha sonra deyib: "Bu uzun prosesdir. Proses tərəflərin mövqelərini yaxınlaşdırmağa nail olanadək davam edəcək. Burada qeyri-adi heç nə yoxdur".
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın yanvarın 15-də Soçidə rusiyalı həmkarları Dmitri Medvedyevin iştirakı ilə keçirdiyi görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə "Madrid prinsipləri"nin yenilənmiş variantını təqdim edib.
O zaman verilən açıqlamada bildirilirdi ki, tərəflər 2 həftə ərzində yenilənmiş variantla bağlı təkliflərini hazırlamalı və vasitəçilərə təqdim etməlidir.