.jpg)
"Şəmkirli Saşa" kimi tanınan Şahbaz Süleymanovun silahlı hücuma məruz qalması faktı ilə əlaqədar Cinayət Məcəlləsinin iki maddəsilə cinayət işi başlanıb. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisəni törədən "Qoca" ləqəbli Namiq Məmmədov saxlanıb. Cinayət işi Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, satma, saxlama, daşıma, gəzdirmə) maddələrilə qaldırılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə fevralın 28-dən martın 1-nə keçən gecə Yasamal rayonu ərazisində baş verib. Ş.Süleymanov Hüseyn Cavid parkının yaxınlığındakı "Mercedes" markalı avtomobilində olarkən ona tapançadan atəş açılıb. Məlumatlara görə, Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib.
Bildirilir ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, "Şəmkir" Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla "Qoca" ləqəbli şəxs arasında pul üstündə mübahisə yaranıb. Belə ki, "Şəmkirli Saşa" borc aldığı böyük məbləğdə pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
"Şəmkirli Saşa"ya atəş açan "Qoca" ləqəbli N.Məmmədovun Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənovun qudası olduğu bildirilir.