Mişar daşı bazarda 50 qəpiyə satıldığı halda, karxanaların sənədlərində 10 qəpik göstərilib
.jpg)
Azərbaycanın səhmdar bazarında vəziyyətin hansı səviyyədə olması barədə ötən saylarımızda məlumat vermişdik. Qeyd etmişdik ki, səhmdar cəmiyyətlər səhmdarlara heç bir dividend vermir. Yalnız bir-iki səhmdar cəmiyyət dividendlə işlədiyini etiraf edir və səhmdarlara az-çox xeyir verir.
Ən dözülməz vəziyyət tikinti sektorundakı səhmdar cəmiyyətlərdədir desək, yanılmarıq. Tikintidə ən çox istifadə olunan mişar daşıdır. El arasında buna kubik deyilir. Kubik istehsalı isə, əsasən, Bakının Qaradağ və Qobustan rayonlarındadır. Buradakı karxanaların əksəriyyəti səhmdar cəmiyyət kimi fəaliyyət göstərsə də, əslində gəlirlər gizlədilir.
Əsasən mişar daşları istehsal edən hələlik adlarını çəkmədiyimiz səhmdar cəmiyyətlərin rəhbərləri səhmdarlara bildirir ki, satış həddindən artıq aşağı düşdüyündən, şirkətlər ziyanla işləyir. Şirkətlərin nümayəndələri bildirir ki, səhmdarlara heç bir köməklik edə bilmirlər.
Səhmdar cəmiyyətlərin ikili mühasibat uçotu ilə işlədiyini nəzərə çatdıran ekspertlər bildirir ki, bu cəmiyyətlər heç bir iclas çağırmır. Qanunla səhmdar cəmiyyətlər iclas çağırmalı və səhmdarların qarşısında hesabat verməlidir. Amma heç bir hesabat vermirlər. Bakıda tikinti bumu yaşananda da səhmdar cəmiyyətlərin nümayəndələri dividend əldə etmədiklərini bildiriblər. Mühasibat uçotlarında karxanalar ziyanla işləyir, amma real bazarda mənfəətləri böyükdür.
"Səhmdarlarla daş karxanaları arasında "daş hasar" yenə də qalmaqdadır" deyən səhmdarların sözlərinə görə, mişar daşı bazarda 50 qəpiyə satıldığı halda, karxanaların sənədlərində qiymətlər 10 qəpik göstərilib. Bunun əsas günahı isə aidiyyəti qurumların üzərinə düşür. Nə qədər ki, vergi orqanları və digər dövlət qurumları öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlmir, bu cür hallar davam edəcək. Səhmdar cəmiyyətlər maliyyə sənədlərini düzəltmək əvəzinə, yoxlama aparanları "yola salmaq"la məşğuldur. Bu kimi hallar Azərbaycanda səhm bazarının inkişaf etməməsinə gətirib çıxarır.
Daş karxanalarının fəaliyyətindən ciddi narazılıq edən səhmdarların əksəriyyəti aidiyyəti dövlət qurumlarının, xüsusilə də Vergilər Nazirliyinin və əmək müfəttişliyinin qeyd olunan şirkətlərdə yoxlamalar aparmasını vacib sayır. Redaksiyamıza daxil olan məlumata görə, xüsusilə də "Qızıldaş" Səhmdar Cəmiyyətində. Belə ki, "Qızıldaş" SC-də vəziyyət daha dözülməzdir. Daim zərərlə işlədiyini deyən "Qızıldaş" SC-nin rəhbərliyi səhmdarlara bu günə qədər qane edici heç bir pay verməyib.
"Qızıldaş"ın fırıldaqçılıqla məşğul olduğunu deyən səhmdarlar bildirir ki, bu cəmiyyətin fəaliyyətində kifayət qədər qaranlıq məqamlar var. Bu və digər faktlarla bağlı araşdırma aparırıq.
Qəzetimizin ötən saylarının birində yaxın vaxtlarda hüquq-mühafizə orqanları, xüsusilə də əmək müfəttişliyinin bir neçə karxanada yoxlamalara başlayacağını qeyd etmişdik. Səhmdarlar hesab edir ki, ciddi yoxlamalar aparılsa, səhmdar cəmiyyətlərin rəhbərliklərində təmsil olunan bir neçə şəxs həbs edilə bilər.
Hələlik səhmdar cəmiyyətlərdə yoxlamalara başlanıb-başlanmadığı bizə məlum olmasa da, səhmdarların narahatlığı davam edir.
Qeyd edək ki, bu günə qədər bir neçə cəmiyyətin rəhbəri səhmdarlar tərəfindən məhkəmələrə verilib. Amma cəmiyyətlərin real gəlirlərini göstərən sənədlər ortalıqda olmadığından, məhkəmələr səhmdarların xeyrinə qərar çıxara bilməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycandakı səhmdar cəmiyyətlər biznes nüfuzu və perspektivi deyil, gündəlik maddi maraqlarını düşünür. Bu isə artıq biznes mədəniyyətinin aşağı səviyyədə olduğunu göstərir.