.jpg)
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Eynulla Fətullayevin və cəzaçəkmə müəssisələrində saxlanan bütün məhkumların həyatının təhlükəsizliyinə tam təminat verir.
"Onun həyatına təhlükə ilə bağlı yaydığı bəyanat tam əsassızdır. Eynulla Fətullayev və digər təqsirləndirilən şəxslərin təhlükəsiz şəraitdə saxlanması tam təmin edilib. Bu sözləri Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Turan"a bildirib.
O, "Turan"ın "təhlükəsizlik tam təmin edilibsə, cəzaçəkmə müəssisələrinə narkotiklər necə keçirilir? Narkotiklər keçirilirsə, insan həyatı üçün daha təhlükəli maddələrin cəzaçəkmə müəssiələrinə keçirilməyəcəyinə təminat varmı" sualının cavabında ötən il cəzaçəkmə müəssisələrində 41 nəfərin narkotiklə həbs edildiyini deyib. "Hazırda cəzaçəkmə müəssisələrində narkotiklə bağlı 4 mindən çox insan saxlanır.
Həmin insanlar hər vəchlə cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinə çalışır, biz isə bunun qarşısının alınması üçün daim tədbirlər görürük" - deyə o qeyd edib.
8,5 il müddətinə azadlıqdan məhrum edilmiş Eynulla Fətullayev martın 1-də bəyan edib ki, onu öldürmək istəyirlər. Onun sözlərinə görə, qətl metodu həddindən artıq dozada narkotik qəbul etmə görüntüsü yaradılmasından ibarət olmalıdır. Fətullayev hesab edir ki, məhz bu məqsədlə dekabrın sonlarında 12 saylı Cəzaçəkmə Müəssisəsində onun üzərinə narkotik atılıb.