.jpg)
Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki"ni təsdiq edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Təsdiqlənmiş qrafikə əsasən, cari ilin aprel ayında "Azərbaycan Hava Yolları" QSC-də (AzAL), mayda "Azərenerji" SC və "Azərsu" SC-də monitorinq aparılacaq. Bu strukturlarda monitorinq 2010-cu ilin I rübündə onların gəlirlər və xərclər smetalarının yerinə yetirilməsini əhatə edəcək", - deyə Nazirlər Kabinetinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, iyulda monitorinq "Bakıelektrikşəbəkə" SC-də, sentyabrda Xəzər Dəniz Gəmiçiliyində aparılacaq: "Bu təşkilatlarda monitorinq I yarımildə smetaların yerinə yetirilməsini əhatə edəcək".
Oktyabrda monitorinq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Metropoliteni, noyabrda SOCAR şirkəti (Dövlət Neft Şirkəti) və "Azərbaycan Dəmir Yolları" QSC, dekabrda "Azərikimya" Dövlət Şirkətində keçiriləcək: "Bu 5 strukturda monitorinq onların cari ilin 9 ayı ərzində büdcələri yerinə yetirməsini əhatə edəcək". Xatırladaq ki, Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondunun tövsiyəsilə 2003-cü ildən dövlət müəssisələri arasında iri vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının təsdiqlənməsi prosesinə başlayıb.