Bu seçkidə namizəd üçün ən vacib faktor nə olacaq - pul, populyarlıq, ya...
Elçin Mirzəbəyli: "Namizədin bilavasitə özünün seçki kampaniyasında iştirak etməsi çox vacib rol oynayır"
Əli Orucov: "Maliyyə də, təbliğat da, komandanın düzgün formalaşdırılması da önəmli faktorlardandır"
Eldəniz Quliyev: "Namizədin intellekti, həyata baxışı, eləcə də qanunvericilik savadı əsas amillərdən biridir"
Qarşıdan parlament seçkiləri gəlir. Heç kəsə sirr deyil ki, budəfəki parlament seçkilərində də mandat uğrunda namizədlər arasında ciddi mübarizə gedəcək. Düzdür, qanuna görə, yaşı 25 olan hər bir ölkə vətəndaşı Milli Məclisə namizədliyini verə bilər. Ancaq namizədlər siyahısına düşmək üçün müəyyən qaydalara əməl edilməsi tələb olunur ki, bunu da hər adam bacarmır. Belə ki, Seçki Məcəlləsinin şərtlərinə görə, namizədliyini verən şəxs aşağısı 450 imza toplamalıdır.
Qeyd edək ki, əvvəl bu tələb 2000 imzadan ibarət idi. O da sirr deyil ki, parlament seçkilərində hər namizədliyini verən şəxs ora düşmək şansına malik olmur. Bunun üçün namizədin maliyyə imkanları olmalıdır, həmin ərazidə vətəndaşlar arasında hansı çəkiyə malik olması, ümumən tanınmağı əsas amillərdən biridir. Bütövlükdə namizədin seçkidə yetərli səs toplaması üçün əsas faktorlar hansılardır? Bununla bağlı münasibət öyrəndiyimiz siyasiləri fikirləri bir-birindən fərqli oldu.
BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, seçkidə uğurlu mübarizə üçün yetərli maliyyə vəsaitinin olması, təbliğat işinin düzgün qurulması əsas şərtlərdən biridir: "Bununla belə, namizədliyini verən şəxs dairənin reallıqlarını da nəzərə almalıdır. Namizəd orada yaşayanların sosial durumu haqqında informasiyalar əldə etməlidir. Həmçinin, dairədə yaşayanların yaş həddini müəyyən etməlidir ki, gənclərin, orta yaşında olanların, yaşlıların sayı nə qədərdir. Yəni bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Eyni zamanda, Azərbaycanın mental dəyərləri də xüsusi nəzərə alınmalıdır. Çünki Azərbaycan reallığı elədir ki, ümumi Avropa texnologiyalarının burada tətbiq olunması effektiv nəticə vermir. Bu gün, təəssüflər olsun ki, Azərbaycan vətəndaşları qanunverici orqana bir az fərqli yanaşır. Yəni deputat seçkilərində vətəndaşların bəlkə də mütləq əksəriyyəti millət vəkilinin funksiyaları barədə əsaslı məlumata malik deyil. Onlar fikirləşirlər ki, millət vəkili yol çəkməlidir, onların sosial problemlərini həll etməlidir. Yaxud da hər hansı digər problemlərlə məşğul olmalıdır. Seçki kampaniyasında namizədlərə əsas problemləri yaradan da məhz bu amillərdir. Ona görə də seçki kampaniyasında seçkilərin idioloji əsaslarla deyil, müəyyən qədər maddi əsaslarla keçməsinin səbəbləri də bununla bağlıdır. Digər tərəfdən, namizəd ümumi müraciətlə, şüarlarla kifayətlənməməlidir. Şüarlar konkret təbəqələrə ünvanlanmalıdır. Ümumi seçki şüarının düzgün seçilməsindən də çox şey asılıdır. Yəni bu şüar nə qədər insanların yaddaşında qalacaq. Şüar nə qədər sadə və qısa olarsa, bir o qədər effektli olacaq. Ümumən burada xırdalıqlar çoxdur. Bütün bunların fonunda namizəd təbliğatını sistemli şəkildə qurmalıdır. Bütün bu amillər seçki kampaniyasında müəyyən rola malikdir. Azərbaycanda namizədin bilavasitə özünün seçki kampaniyasında iştirak etməsi çox vacib rol oynayır. İnkişaf etmiş ölkələrdə isə bunu namizədin seçki kampaniyası ilə məşğul olanlar həyata keçirir. Ən nəhayət, namizədin KİV vasitəsilə təbliğatını düzgün qurmasından da çox şey asılıdır".
AMİP-in təbliğat və təşviqat katibi Əli Orucovun fikrincə, namizədin yetərli səs toplaması üçün hər bir səs uğrunda ciddi mübarizə aparmasına ehtiyac var: "Eyni zamanda, seçkini udmaq üçün bir sıra komponentlərə kompleks əməl olunması vacib şərtlərdən biridir. Bu komponentlərin də heç birini digərindən ayırmaq olmaz. Belə ki, yetərli səs toplamaq üçün maliyyə də, təbliğat da, komandanın düzgün formalaşdırılması da önəmli faktorlardandır. Həmçinin, namizədliyini verən şəxsin özünün hansı imicə malik olması və insan resurslarının seçkiyə cəlb edilməsi məsələsi də önəmli faktorlardan biridir. Sadaladığım bütün bu arqumentlərin hamısı vacibdir və bunların heç birini bir-birindən ayırmaq mümkün deyil. Çünki bunların biri olmayanda, avtomatik olaraq bu digərlərinə də təsir edir və axsamalara gətirib çıxarır. Ən nəhayət, uğurlu taktiki yol seçilməlidir".
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə hesab edir ki, yetərli səs toplamaq üçün ilk növbədə namizədin platforması aydın olmalıdır: "Yəni namizəd açıq məqsədini ortaya qoymalıdır ki, nə edəcək. Daha sonra seçicilərilə görüşlərində nə edəcəyini onlar üçün əsaslandırmalıdır. Bununla belə, namizədin keçirdiyi görüşlərdə onun intellekti, həyata baxışı, eləcə də qanunvericilik savadı əsas amillərdən biridir. Mənə elə gəlir ki, bütün bunlar yetərli səs toplamaq üçün əsas faktor hesab oluna bilər".