İran bir terrorçuya görə Qırğızıstana nota verdi
"Cundullah" liderini təyyarəyə buraxmaqda səhv etmisiniz...
Qırğızıstanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın "İribnews"a istinadən verdiyi məlumata görə, görə rəsmi Tehran "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Riginin "Qırğızıstan Hava Yolları"na aid olan təyyarəyə sərbəst şəkildə daxil olmasına şərait yaratdığına görə bu dövlətə rəsmi səviyyədə etiraz bildirilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Qırğızıstan BMT-nin qətnamə və sənədlərinə məhəl qoymalıdır: "İran regionda baş verən xoşagəlməz halların və terrorizmin əleyhinədir, sülh və sabitlik bizim birinci hədəfimizdir. Qırğızıstan dövləti belə halları nəzərə almalıdır. Terror təşkilatının rəhbəri olan Əbdülməlik Riginin törətdiyi faciələr Qırğızıstanı daha çox maraqlandırmalıdır. İran bu məsələyə görə narahatlığını və nigaranlığını bəyan edir". Qırğızıstan səfiri İran tərəfinə Əbdülməlik Riginin həbsi zamanı təyyarədə olan Qırğızıstan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyinə görə təşəkkürünü bildirib. O, İranın bu məsələ ilə əlaqədar narahatlığını və etirazını öz dövlətinə çatdıracağını deyib.
Qeyd edək ki, fevralın 23 də "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Rigi "Qırğızıstan Hava Yolları"na məxsus təyyarədə həbs edilib. O, İranın Sistan və Bəlucistan əyalətində bir neçə yüksək rütbəli dövlət məmurlarının qətlinin təşkilatçısı hesab olunur.