Yaxın on ildə Rusiya dünyanın iqtisadi lideri olacaq
Rusiyanın da daxil edildiyi yeni 7-likdə Türkiyə də olacaq
Rusiya Federasiyası dünya iqtisadiyyatını enerji daşıyıcıları, xüsusilə neft və qazla təmin edən super dövlətə çevrilməkdədir. Beynəlxalq Valyuta Fondunun rəsmi statistikasına görə, Rusiya iqtisadiyyatı Ümumi Daxili Məhsulun həcminə görə dünyada səkkizinci yerdədir. 2008-ci ildə Rusiyanın dünya ÜDM-ə verdiyi töhfə 3,3 % həcmində hesablanır.
Bu fikirlər Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Hüquq" fakültəsinin tələbəsi, filologiya elmləri namizədi Əhməd Şahidovun shahidov.com saytında yerləşdirilmiş məqaləsindəndir.
Müəllif yazır ki, nüfuzlu beynəlxalq təşkilatların hesablamalarına görə, 2030-cu ildə Rusiya Avropada ən güclü iqtisadiyyata malik super bir dövlət olacaq. Bütün dünyada isə bir qədər irəliləyərək 5-ci yerdə duracaq. Bu qənaətə dünyanın aparıcı auditor və konsaltinq şirkəti olan Pricewaterhouse Coopers LLP şirkətinin analitikləri gəlib. Onların hesablamalarına görə, Avropada güclü iqtisadiyyata malik ikinci ölkə Almaniya, ondan sonra isə Fransa olacaq.
Ümumiyyətlə, PwC analitikləri hesab edir ki, yaxın illərdə dünya iqtisadiyyatında "geosiyasi inqilab" baş verəcək ki, nəticədə ənənəvi dünya iqtisadi nəhəngləri sayılan böyük yeddilik (G-7) üzvləri - ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanadanın əvəzində yeni iqtisadi güc mərkəzi sayılacaq E-7 yaranacaq. Bu yeddilik isə öz sıralarında Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, İndoneziya və Türkiyəni birləşdirəcək. 2019-cu ildə E-7 özünün ÜDM həcminə görə yeddiliyə düşəcək, daha on ildən sonra isə onun ÜDM həcmi daha 30% artacaq. PwC analitikləri hesab edir ki, 2030-cu ildə dünyanın iqtisadi reytinqi bu cür sıralanacaq: Çin, ABŞ, Hindistan, Braziliya, Rusiya, Almaniya, Meksika, Fransa və Böyük Britaniya.
Rusiya Federasiyası dünyada təkcə siyasi güc mərkəzi deyil, həm də iqtisadi cəhətdən dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməkdədir. Ölkənin coğrafiyasına yaxından nəzər yetirsək görərik ki, neft yataqlarının üçdə ikisi, əsasən Qərbi Sibirdə və Hantı-Mansiya muxtar vilayətində yerləşməkdədir. Kömür ehtiyatlarına görə isə Rusiya dünyada yalnız ABŞ-dan geri qalır. 194 milyard kömür ehtiyatına malik bu ölkənin 80% ehtiyatı məhz Sibirdə yerləşir. Rusiyanın uran ehtiyatları isə 172 min tondur.
Daha sonra məqalədə deyilir ki, iqtisadçıların hesablamalarına görə, Rusiya iqtisadiyyatı, 2012-ci ildən başlayaraq, artan xətt üzrə yüksəlməyə başlayacaq. Məlum olub ki, işçi qüvvəsi ildə 2-3 % artacağı təqdirdə Rusiyanın iqtisadi artımı 2012-ci ildən sonra ildə 5-6 % artım təşkil edəcək ki, bu da öz-özlüyündə çox ciddi göstəricidir.
Dünyadakı son iqtisadi böhran, heç şübhəsiz ki, Rusiyaya da təsirsiz ötüşməyib. Lakin 2009-cu ilin sonundan başlayaraq, bu vəziyyət müsbətə doğru dəyişməkdədir. İndi Rusiya iqtisadiyyatı dirçəlməyə doğru ciddi addımlar atır və dirçəlmənin fasiləsiz olaraq sonadək davam etməsi üçün bir neçə şərti nəzərə almaq lazımdır: Ekspertlərin fikrincə, ilk növbədə vergi və büdcə sistemində qanun-qayda yaratmaq lazımdır. 2-3 il ərzində dövlət xərclərini optimallaşdırmaq, büdcənin kəsirini azaltmaq və vergi bazasını bərpa etmək gərəkdir. İkinci zəruri şərt isə Rusiyanın maliyyə sektorundakı problemləri təcili həll etməkdir. Bunun üçün ümumilikdə iqtisadiyyatın dəstəklənməsi məqsədilə kreditləri aktivləşdirmək və lazımsız kreditləri azaltmaq məsləhətdir. Və nəhayət, ekspertlər fikirləşir ki, 2012-ci ildən illik 5-6 % artım əldə etmək üçün ölkədə ilk növbədə işsizliyin kökünü kəsmək lazımdır. Mövsümi olaraq Rusiyada bu göstəricilər bir qədər azalsa da, ölkədə işsizlik hələ də həll edilməmiş məsələlər sırasındadır.