Məhkəmə və seçki sistemi dəyişdirilir, hətta bir deputatı olan partiya parlamentə düşür
.jpg)
Türkiyənin siyasi gündəmində yer alan əsas məsələlərdən biri də ölkədə yeni Konstitusiyaya dəyişikliklərinə görülən hazırlıqdır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürülən yeni dəyişikliklər martın sonlarında ölkə parlamentinə təqdim olunacaq. Burada yer alan bəzi maddələr isə yeni Konstitusiyaya dəyişikliklərinin kifayət qədər gərgin atmosferdə baş verəcəyini deməyə sas verir.
Bu, xüsusən də məhkəmələrlə bağlı maddələrə əlavə olunan dəyişikliklərdir.
Sözügedən məsələ barədə danışmazdan öncə qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri Bəşir Atalay ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq olmadığı üçün bunun razılaşdırılmadığını bildirib: "Türkiyədə yeni konstitusiyaya ehtiyac var, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq yoxdur".
Onu da xatırladaq ki, AKP bundan əvvəl də ölkə konstitusiyasını dəyişdirmək üçün addımlar atıb. 2007-ci ildə AKP tərəfindən edilən dəyişikliklərdə universitetlərdə hicaba qoyulan qadağanın aradan qaldırılması, Konstitusiya Məhkəməsi üzvlərinin bir hissəsinin parlament tərəfindən təyin olunması yer alırdı. Lakin həmin vaxt bu məsələ ətrafında yaranan qalmaqal az qala AKP-nin bağlanması ilə nəticələnmişdi.
İndi də buna bənzər bir situasiyanın yaranması istisna olunmur. Məsələn, AKP təklif edir ki, Hakimlər və Prokurorlar Ali Qurumu və Konstitusiya Məhkəməsinin tərkibinin müəyyən olunması prosesi dəyişsin. Hakim partiya istəyir ki, Konstitusiya Məhkəməsi üzvlərinin sayı artırılmaqla bərabər, onların təyinatı və tutduğu vəzifədən kənarlaşdırılması proseduru dəyişdirilsin və bu işdə əsas səlahiyyətlər parlamentə verilsin. Həmçinin, təklifə əsasən, ölkədə siyasi partiyanın bağlanması proseduru çətinləşdirilir və qeyd olunur ki, partiyanın bağlanması parlamentin təsdiqindən sonra mümkün ola bilər.
"Hərbi məhkəmə" ilə bağlı Konstitusiyanın 145-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, sözügedən məhkəmələr ancaq hərbçilərlə bağlı işlərə baxacaq. İndiyə qədər isə belə məhkəmələrdə mülki vətəndaşlarla bağlı işlərə də baxa bilirdi.
Təklif olunan digər dəyişikliyə görə, ölkədə kürd təbliğatının aparılmasına sərbəstlik verilir. Daha bir maraqlı dəyişiklik isə parlamentdə partiya təmsilçiliyilə bağlıdır. Qeyd edək ki, hazırda mövcud qaydalara əsasən, seçkilərdə müəyyən edilmiş kvotanı keçə bilməyən partiyalar parlamentdə təmsil oluna bilməz. Lakin AKP-nin irəli sürdüyü dəyişikliklərdə bildirilir ki, cəmi 1 deputat mandatı qazanan partiya da parlamentdə təmsil oluna bilər. Türkiyə mediasının yazdığına görə, əslində bununla radikal kürdlərə bağlı olan partiyaların parlament təmsilçiliyinə yol açılır. Məsələyə münasibət bildirən ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal Konstitusiyaya dəyişikliklərin AKP-nin sonu olacağını bildirib: "AKP-nin Konstitusiyaya dəyişikliklər üçün parlamentə layihə təqdim etməsi, bunun ardınca referendum sonda "AKP getsin, yoxsa qalsın" referendumunun keçirilməsilə nəticələnəcək. Bundan başqa, AKP məhkəmə sistemini adi bir quruma çevirmək istəyir. Millət bunu qəbul etməz. İqtidar dəyişikliklərlə hüquq dövləti qurmur, əksinə, hüquqi dövlətə ölümcül bir zərbə vurmaq istəyir".
Cumhuriyyət Xalq Partiyası liderinin sözlərinə görə, dəyişikliklərlə bağlı referendum baş tutarsa və AKP məğlub duruma düşərsə, hakim partiyanın iqtilardan getməsi məsələsi gündəmə gələcək.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da bildirib ki, bütün baş verənlər Türkiyənin AKP iqtidarından xilas olmasına doğru istiqamətlənib. Onun sözlərinə görə, Ərdoğan etdikləri müqabilində tarixi hesab verməkdən xilas olmaq üçün parçalanmanı, vurğunu, talanı özündə ehtiva edəcək bir konstitusiyanın qəbulunda maraqlıdır: "Baş nazir uğursuz siyasətini, təslimçi zehniyyətini, iflasa uğramış protokolların bəhanəsini 7 ilin sonunda Konstitusiyaya dəyişikliklərinə bağlamaq istəyir". Baxçalı təklif edib ki, Konstitusiyaya dəyişikliklər üçün parlamentdə təmsil olunan partiyalardan ibarət komissiya yaradılsın.