.jpg)
Uydurma "erməni soyqırımı" ilə bağlı qərar layihəsinin martın 4-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirəsi ərəfəsində ABŞ-a gedən Türkiyə parlamentinin nümayəndə heyətlərinin rəhbərləri Murad Mərcan və Suat Kınıklıoğlu Vaşinqtonda mətbuat konfransı keçirib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyasının sədri Murad Mərcan qərar layihəsinin qəbulunu əngəlləmək üçün ciddi lobbi fəaliyyətləri aparacaqlarını açıqlayıb.
O, iki ayrı qrup halında konqresmenlərlə görüşəcəklərini, Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman, layihənin lehinə səs verəcəyi gözlənilən və bitərəf mövqedə olan komitə üzvlərilə bir araya gələcəklərini deyib.
M.Mərcan bir daha təkrarlayıb ki, bu cür mövzular parlamentlərdə araşdırıla bilməz: "Parlamentlər heç vaxt hansısa hadisənin soyqırım olub-olmadığına dair hökm verə bilməz. Bu qərarı mütəxəssislərin araşdırmalarından və arxivlərin ortaya çıxarılmasından sonra beynəlxalq məhkəmələr verə bilər. Bu layihənin qəbulu ilə tarixi həqiqətlər dəyişməyəcək, Amerika da heç nə qazanmayacaq".
M.Mərcan ABŞ administrasiyasından martın 4-nə qədər lazımi addımları ataraq layihənin əngəllənməsi istiqamətində daha ciddi cəhd göstərməyi gözlədiklərini söyləyib: "Əlbəttə, işimiz çox çətindir. Bundan əvvəlki səsvermələrə baxdıqda görürük ki, çox da ümidli olmağa əsas yoxdur. Amma sona qədər, bir dostumuzun dediyi kimi, bütün meydan boyu pres tətbiq edərək nəticə əldə etməyə çalışacağıq. Layihə komitədən keçsə belə, Nümayəndələr Palatasının gündəminə gətiriləcəyinə inanmıram".