.jpg)
Məlumat verildiyi kimi, Rusiya ilə Gürcüstan arasında 3 illik fasilədən sonra quru sərhəd keçidi açılıb. Bununla belə, Gürcüstan və Rusiya vətəndaşları sərhədi ancaq viza aldıqdan sonra keçə bilər.
Bildirilir ki, sərhədi açmaqla Rusiya Gürcüstanla humanitar müstəvidə əlaqələrini bərpa etmək istəyir. Eyni zamanda, Moskvanın qərarının Ermənistanla da bağlı olduğu güman edilir.
Xatırladaq ki, sözügedən sərhəd məntəqəsi Rusiya ilə Ermənistan arasında yeganə avtomobil yoludur. Artıq martın 1-dən "Yuxarı Lars" - "Kazbeq" sərhəd keçidi öz fəaliyyətinə başlayıb. Rusiya sərhəd xidmətində bildiriblər ki, Rusiya və Gürcüstan vətəndaşları sərhədi Moskvada və Tiflisdə aldıqları vizalarla keçə bilər. Başqa MDB ölkələrinin vətəndaşları isə sərhədi keçmək üçün ancaq xarici pasporta malik olmalıdırlar. "Yuxarı Lars" - "Kazbeq" keçidindən gündə 7 minə qədər insan, 900-ə qədər avtomobil keçə bilər.
İki ölkə arasında quru sərhəd keçidi, təxminən 3 ildir ki, fəaliyyət göstərmirdi və hazırda Rusiyanın sərhədi açmaqda hansı məqsədlər güdməsi haqda moskvalı şərhçi Sergey Markedonov belə ehtimallar yürüdür: "Rusiya Gürcüstanla bütün münasibətləri kəsmək istəmir.
Siyasi vəziyyət öz yerində, amma geniş mənada siyasi problemlər üzərində humanitar əmakdaşlıq inkişaf etməlidir. Zənnimcə, bundan sonra müəyyən yaxşılaşma olacaq, ola bilsin, daimi təyyarə uçuşları bərpa olun sun, başqa humanitar münasibətlər qurul sun. Ancaq bu, siyasi münasibətlərin yaxşılaşması olmayacaq. Yəni siyasi, necə deyərlər, statuslu problemlərin həlinə qədər parallel olaraq humanitar əməkdaşlıq inkişaf etdiriləcək".
Öz növbəsində, digər şərhçi Vladimir Jarixinə görə, sərhədin açılmasında Moskvanın başlıca məqsədlərindən biri Ermənistanla avtomobil yolunu bərpa etməkdir: "Ermənistanı Rusiya ilə bağlayan yeganə quru yol məhz Gürcüstandan keçir. Təsadüfi deyil ki, Rusiya dəfələrlə Gürcüstan ərazisilə Ermənistana keçid yolunun açılmasını təklif edirdi. Bu baxımdan sərhədin açılışında Ermənistan faktoru çox mühüm olub".
Bu arada Gürcüstanda da qeyd olunur ki, Tiflis sərhədin açılışı məsələsinə Ermənistanın xahişilə razı olub. Ermənistanın xarici ticarət mübadiləsinin təxminən 1/3 məhz hazırda açılan yolla həyata keçirilirdi. İndi səslənən bəzi mülahizələrə görə, keçid məntəqəsindən Rusiyanın Ermənistanda yerləşən hərbi bazasına hərbi yüklər də ötürülə bilər. Bu məqamla bağlı Moskva hələ geniş rəsmi açıqlama verməyib. Gürcüstanda isə rəsmən bildirilir ki, sərhədin gürcü tərəfində gücləndirilmiş nəzarət sistemi olacaq və Ermənistanın xahişilə sərhəd açılıb.
Ermənistanı xahişini yerinə yetirən Gürcüstana isə ermənilər elə özlərinə xas tərzdə cavab verməyə başlayıb. Belə ki, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər yenidən Tiflis qarşısında muxtariyyət tələblərini qaldırıb. Ermənistanda fəaliyyət göstərən "Cavaxetiya", "Mitk" və "Yerkir" təşkilatlarının sözçüləri bildirib ki, sözügedən regionda yaşayan ermənilərin hüquqları da kobud surətdə pozulur: "Gürcüstan hüquq-mühafizə orqanları Cavaxetiyada siyasi cəhətdən fəal olan ermənilərə qarşı terror siyasəti həyata keçirir. Bundan başqa, Gürcüstan hakimiyyəti tərəfindən ermənilərin digər hüquqları da kobud şəkildə pozulur. Ermənistanla sərhəd bölgələrdə olan keçid məntəqələrində yaradılan süni maneələr isə Cavaxetiyada qorxu içində yaşayan ermənilərin buradan emiqrasiyasını daha da sürətləndirir".
Gürcüstan tərəfi isə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir ayrı-seçkiliyin edilmədiyini, onlara da, digər etnik azlıqlara olduğu kimi, eyni qaydada münasibət bəsləndiyini bəyan edir. Lakin ermənilər Gürcüstan tərəfinin gətirdiyi arqumentlərlə razılaşmaq niyyətində deyil. Onların fikrincə, Cavaxetiyada olan ermənilərin hüquqlarının pozulması məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı və bu istiqamətdə erməni diasporu, eləcə də Ermənistan dövlətinin fəaliyyəti daha da güclənməlidir.
Bu arada o da məlum olub ki, Samtsxe-Cavaxetiyada müxtəlif dövlət postlarında vəzifə tutan ermənilər də bölgədə separatçılıq əhval-ruhiyyəsinin yüksəlməsində aparıcı rola malikdir.. Bütün bunlar artıq ermənilərin Samtsxe-Cavaxetiya bölgəsiləilə bağlı separatçılıq fəaliyyətinin Gürcüstan üçün olduqca ciddi xarakter aldığını təsdiqləməkdədir. Hələlik rəsmi Tiflis, vəziyyətdən çıxış yolu kimi, bölgədə separatçı mövqedən çıxış edən, qanunsuz silahlı qruplaşmaların folrmalaşmasında iştirakçı olan ermənilərin həbsi və digər üsullarla cəzalandırılmasını həyata keçirir. Ancaq siyasi ekspertlər belə hesab edir ki, Samtsxe-Cavaxetiya ermənilərinin separatçılıq meylinin arxasında bilavasitə Ermənistan durduğundan, bu problem qarşıdakı dövr ərzində Gürcüstan üçün daha kəskin xarakter ola bilər.