Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş üzvləri Penitensiar Xidmətin rəisi ilə tanış oldular
.jpg)
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin yeni seçilmiş üzvlərini qəbul edib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, N.Ələkbərov komitəyə seçilmələrilə əlaqədar yeni üzvləri təbrik edib, bu qurumun daha da səmərəli fəaliyyət göstərməsi üçün bir sıra təkliflərini verib. Qeyd olunub ki, 2009-cu il ərzində cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanlarına 20 mindən artıq kitab verilməsinə baxmayaraq, yenə də bu qurumlarda latın qrafikalı kitablara böyük ehtiyac duyulur. Bu sahədə ictimai komitədən fəallığı daha da artırmaları xahiş olunub. Penitensiar Xidmətin fəaliyyətinə dair komitə üzvlərinə müfəssəl məlumat verən N.Ələkbərov məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, qanunçuluğun təmin edilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, nöqsanların aradan qaldırılması istiqamətində müsbət nəticələr əldə edildiyini vurğulayıb.
İctimai komitənin üzvlərindən Əliməmməd Nuriyev, Zəlihə Tahirova, Elmira Ələkbərova, Elmar Məmişov və başqaları komitənin əsas fəaliyyət istiqamətlərindən danışaraq, məhkumlara ünvanlı sosial yardımın göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, cəzaçəkənlər və işçi personal üçün treninqlərin keçirilməsinin vacibliyini qeyd edib. Daha sonra cari məsələlər müzakirə edilib, cəzanın icrasının şəffaflığının təmin olunması ilə əlaqədar fikir mübadiləsi aparılıb.