.jpg)
2008-ci ilin avqustundan özünü göstərməyə başlayan qlobal maliyyə böhranı artıq aradan qaldırılmaq üzrədir. Belə ki, bir sıra ölkələrdə cüzi də olsa inkişaf templəri müşahidə olunmaqdadır. Neftin qiymətinin 70-80 dollar arasında var-gəl etməsi də böhranın kəskin fazasının arxada qaldığını göstərir. Lakin buna baxmayaraq, bəzi Qərb analitiklərinin fikrincə, mart ayında qlobal maliyyə böhranının ikinci dalğası gözlənilə bilər.
Onlar bunu Avropa Birliyiə daxil olan Yunanıstan və İspaniya kimi ölkələrdə hələ də iqtisadi geriliyin müşahidə olunması və avronun ucuzlaşması ilə əlaqələndirir. Qeyd edək ki, Yunanıstanda böhran artıq ziddiyyətli həddə çatıb, iqtisadi gerilik hardasa 18 faizi keçib. Bu da yerli əhalinin kəskin narazılığı ilə qarşılanır. Avronun ucuzlaşmasını da yunan böhranı ilə bağlayırlar. Bəzi analitiklərə görə, Yunanıstandakı böhran Amerikanın bələdiyyə və xəzinə kağızlarına təsir göstərəcək.
Artıq avrozona ölkələrində maliyyə böhranı dözülməz həddə çatıb. Görəsən, ilk günlərini yaşadığımız mart ayında böhranın ikinci dalğasının olması ehtimalı nə dərəcədə doğrudur?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bunu inandırıcı saymır: "Proqnoz verənlər bunun üçün nəyəsə istinad etməlidir. Faktiki olaraq, 2009-cu ilin sonuna bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa Birliyinə daxil olan ölkələrin antiböhran tədbirləri artıq effekt verməyə başlayıb. Amerika iqtisadiyyatında cüzi də olsa artım müşahidə olunmaqdadır. Bu davam edir. Fond birjalarında aktivliyin artması, investisiya qoyuluşları, Beynəlxalq Valyuta Fondunun gözlənilən inflyasiya dərəcəsini 4 faizə qədər qaldırmaq barədə tövsiyəsi-bunların hamısı dünyanın iqtisadi böhrandan çıxmasına bir işarədir. Təbii ki, ilin birinci yarımilliyində sürətli artım müşahidə olunmaya bilər. Analitiklər bunu əvvəlcədən də söyləmişdilər. Ehtimal edirdik ki, neftin qiyməti uzun müddət ərzində kifayət qədər aşağı olsa, bu sahəyə investisiya qoymaq imkanları azalar. Bunun ardınca başqa bir böhran-enerji böhranının yarana bilməsi də ehtimal olunurdu. Ancaq böyük dövlətlər tərəfindən neftin ədalətli qiyməti artıq müəyyən olunub. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir. İndi milyardlarla dollar dövriyyəsi olan müstəqil fondlar öz vəsaitlərini bu və ya digər formada bazarda yerləşdirməyə başlayıblar. Adətən böhran şəraitində onlar nağd pula və ya dövlət istiqrazlarına üstünlük verirlər ki, risqi az və qaytarılması mümkün olsun. İstənilən halda gözləntilər az olur. Bu mənada ehtimal edirdik ki, belə davam edərsə, enerji böhranı yaranar. Lakin böyük ölkələrin neft istehsalçıları ilə ümumi razılığa gəlməsi sözügedən problemi aradan qaldırdı. Ancaq Rusiya və İran kimi ölkələr bunu siyasi alətə çevirməyə çalışır.
Bu da hərdən bir problem yaradır. O baxımdan güman edirəm ki, dünyada böyük güclər ədalətli idarəetməni az-çox anlayır. Anlaşma da ədalətli qiymətin müəyyən olunmasına gətirib çıxarıb. Bu isə neft sənayesinə, əvvəlki həcmdə olmasa da, investisiya yatırmağı mümkün edir. Çünki yeni quyular kəşf və istismar olunmalıdır. Ona görə də martda böhranın ikinci mərhələsinin olacağını gözləmirəm. Bunların hamısına şayiə kimi baxıram".