.jpg)
Son bələdiyyə seçkilərinin passiv şəraitdə keçməsi, vətəndaşların seçkilərdə iştirakının aşağı səviyyədə olması bir neçə səbəblə izah olunur. Bu səbəblərdən biri də yerli özünü idarəetmə orqanlarının iqtisadi bazasının həddindən artıq zəifliyidir. Hazırda bələdiyyələr əsasən dörd vergi növündən yararlanır.
Bələdiyyələrin maliyyə əsasları, vergi və ödənişlər haqqında qanunlarda yerli özünü idarəetmə orqanlarının maliyyə mənbələri göstərilib.
Qanunla bələdiyyələr əsasən dörd vergi növü - fiziki şəxslərdən tutulan torpaq, hüquqi şəxslərdən tutulan əmlak, yerli əhəmiyyətli tikinti materiallarından tutulan mədən və bələdiyyələrin nəzdində olan müəssisə və təşkilatlardan tutulan mənfəət vergisi tətbiq edir. Bundan başqa qeyri-vergi mənbələri də mövcuddur. Bunlar reklam, avtomobil dayanacaqları, torpaq alqı-satqısı ilə bağlı bütün növ əməliyyatlar, kurort və sanatoriyalar üçün nəzərdə tutulmuş ödənişlərdir. Ümumilikdə bələdiyyələrin 8 maliyyə mənbəyi mövcuddur.
Amma təəssüflər olsun ki, Azərbaycandakı bələdiyyələrin heç də hamısı bu vergi və ödəniş formalarından istifadə edə bilmir. Yeganə torpaq vergisidir ki, bütün bələdiyyələr bu vergi növünü faktiki olaraq toplamaq imkanına malikdir.
2009-cu ildə yerli büdcə gəlirlərinin 14,3 milyon manatı bələdiyyə torpaqlarının satışından və icarəyə verilməsindən gələn gəlirlər hesabına formalaşıb ki, bu da ümumi büdcənin təxminən əsas hissəsini təşkil edir. Bələdiyyələr digər vergi növlərindən, demək olar ki, yararlana bilmir.
Məsələn, bələdiyyələrin hamısının ərazisində vergi hesablanması üçün zəruri dəyərə malik əmlak olmadığından, əmlak vergisi toplamaq mümkün olmur. Bu mənada bələdiyyələrin heç də hamısının vergilərin hər birindən faydalanmaq imkanına malik olmadığını demək olar.
Şəhər bələdiyyələri vətəndaşlardan əmlak vergisi toplamaqla özünü saxlamağa çalışsa da, vətəndaşlar bu vergini verməkdə maraqlı görünmür. Qeyd edək ki, son günlər Bakının rayon bələdiyyələri mənzillərə əmlak vergisi ödəməklə bağlı bildirişlər göndərsə də, vətəndaşlar bildirişlərə heç bir əhəmiyyət vermir.
Qanunda bələdiyyələrin özlərinin müəssisə və təşkilatlarının olması və bu mənbələrdən vergilərin tutulması göstərilib. Reallıqda isə cəmi üç-dörd bələdiyyənin müəssisəsi var ki, onların da fəaliyyəti aşağı səviyyədədir. Müəssisə və təşkilatlardan tutulan mənfəət vergisinin yerli büdcədəki payı həddindən artıq aşağı səviyyədədir.
Mülki Cəmiyyətə Doğru Mərkəzin sədri Abel Bayramovun sözlərinə görə, hazırda ölkədə yalnız bir neçə bələdiyyənin öz müəssisəsi var ki, onların da fəaliyyəti olduqca zəifdir: "Bələdiyyələr mənfəət vergisini toplaya bilmir. Mədən vergilərinin də toplanmasında çətinliklər var. Çünki heç də bütün bələdiyyələrin ərazisində tikinti materialları yoxdur. O cümlədən qeyd edim ki, qanunvericilik mədən vergisinin tutulma obyektlərini də məhdudlaşdırıb".
Ekspertin sözlərinə görə, bələdiyyə müəssisələrinin mənfəət, yerli əhəmiyyətli tikinti materiallarından tutulan mədən və fiziki şəxslərdən tutduğu əmlak vergilərinin ümumilikdə yerli büdcələrin formalaşmasına töhfəsi cəmi 8,9 faiz olub. Ötən ilin yekunlarına görə, cəmi 39 bələdiyyə mədən, 244 bələdiyyə əmlak 7 bələdiyyə mənfət vergisi toplayıb. Qeyri-vergi mənbələrindən cəmi 14 bələdiyyə reklam, 61 bələdiyyə avtomobil dayanacaqları üçüçn ödəniş toplaya bilib. Bələdiyyələr üçün müəyyənləşdirilmiş vergi mənbələrindən məhdud istifadə obyektiv amillərlə bağlıdır. Belə ki, xüsusi qanunvericilikdə yerli vergi və ödənişlərin tətbiqi üzrə təkmil mexanizmlər hələ də işlənilib hazırlanmayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli isə bildirdi ki, bələdiyyələrə məxsus müəssisə və təşkilatlardan tutulan vergilər yerli büdcələrə daxil olur. Amma bu gün bələdiyyə sisteminin fəaliyyətini təmin edən mənbələr başqadır. Ekspertin sözlərinə görə, bələdiyyələrin mövcud durumu imkan vermir ki, onların özlərinin müəssisəsi olsun: "2006-cı ildə Azərbaycan bələdiyyələrinin orta aylıq gəliri 919 manat olub.
Dotasiya ilə birlikdə 1900 manat olub. 2007-ci ildə dotasiyasız 1015 manat, dotasiya ilə birlikdə 1411 manat olub. 2008-ci ildə isə büdcə gəlirləri dotasiya ilə birlikdə 1312 manat olub. Ən ən çox orta aylıq gəlir 2007-ci ilə təsadüf edir.
Bu gün Azərbaycan bələdiyyəsinin orta aylıq gəliri orta hesabla 1000 manat civarındadırsa, o zaman hansısa müəssisə və təşkilatın yaradılmasından söhbət gedə bilməz. Özünün müəssisəsi olan bələdiyyələr barmaqla sayılası qədər azdır. Və onlar bələdiyyə büdcəsinə vergi çox cüzi miqdarda ödəyir.
Müəssisəsi olan bələdiyyələr Nərimanov, Səbail, Şirvan, Nəsimi, Sumqayıt bələdiyyələridir. Nəsimi bələdiyyəsinin Şamaxı rayonunda maldarlıqla məşğul olan təsərrüfatı var. Həmin təsərrüfatı saxlamaq üçün bələdiyyənin imkanları aşağı səviyyədədir. Bəzi bələdiyyə müəssisələri hazırda bağlanmaq təhlükəsi qarşısında qalıb".