Telman Zeynalov: "Torpaqların həm şoranlaşması, həm də bataqlıqlaşması sürətlənir"
Vahid Məhərrəmov: "Həm texniki səbəblərdən, həm də şoranlaşma üzündən torpaqlarımızı itiririk"
.jpg)
Azərbaycanda bu gün mövcud olan ən aktual problemlərdən biri də kənd təsərrüfatına yararlı əkin sahələrinin ilbəil şoranlaşması və digər səbəblərdən dövriyyədən çıxarılması ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanın əkinə yararlı torpaqlarının sahəsi elə də böyük deyil, o zaman həyəcan təbilini indidən çalmağa dəyər.
Bu sahədə ən başlıca problemlərdən biri də ondan ibarətdir ki, vaxtilə muğan və digər aran rayonlarda qurulan suvarma və drenaj sistemlər bərbad vəziyyətə düşüb. Ötən müddət ərzində müxtəlif səbəblərdən sözügedən sistemlərin yenidən qurulmasına ciddi səy göstərilməyib. Nəticədə problemlər üst-üstə yığılaraq, ağır bir yükə çevrilib. Torpaqların hazırkı vəziyyətilə əlaqədar mütəxəssislər də narahat olmağa ciddi əsasların olduğunu bildirdilər.
Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun "Bakı-Xəbər"ə verdiyi məlumata əsasən, Azərbaycanda drenaj şəbəkəsi vaxtında təmizlənmədiyi üçün torpaqların böyük hissəsi şoranlaşmaya məruz qalıb: "Nəticədə qrunt sularının səviyyəsi aşağı düşmür. Ona görə də torpaqların həm şoranlaşması, həm də bataqlıqlaşması sürətlənir. Bunun nəticəsidir ki, Aran zonasında suvarılan torpaqların böyük hissəsi, hardasa 60-70 faizi şoranlaşmaqdadır. Həmçinin, sözügedən ərazilərdə təkrar şoranlaşma gedir. Bu da olduqca acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Çünki şoranlaşmaya məruz qalan torpaqların bərpa edilməsi üçün həddən artıq böyük maliyyə vəsaitinə ehtiyac var. Bunun üçün drenajların təmizlənməsi, onların ümumi mərkəzi kollektora qoşulması və qrunt sularının səviyyəsini aşağı salmaq üçün tədbirlərin görülməsi vacibdir. Bütövlükdə şoranlaşma problemi çox böyük dərddir. Ancaq ümid edirəm ki, dövlətimiz bu problemin öhdəsindən gələcək. Çünki buna yetərli maliyyə imkanı var. Buna təşəbbüs göstərilsə yaxşı olar. Yox, indiki kimi passiv yanaşılsa, bunun çox böyük mənfi fəsadları özünü göstərəcək. Onu da qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyinə aid olan yararlı torpaqlar əsasən dağətəyi zonalardadır. Yerdə qalan digər torpaqlar isə ya şoranlaşıb, ya da şoranlaşmaya məruz qalıb. Ona görə də təcili tədbirlər görülməlidir ki, şoranlaşmanın qarşısı alınsın. Yoxsa belə getsə, Aran zonasında yerləşən kənd təsərrüfatı torpaqlarının əksəriyyəti səhralaşmaya məruz qalacaq. Şoran torpaqlarının təmizlənməsi üçün tikilən drenaj şəbəkələrin texnologiyaları bütün dünyada eynidir. Sadəcə, vaxtlı-vaxtında həmin drenajları təmizləmək lazımdır".
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, ölkənin kənd təsərrüfatına yararlı torpaqları elə də çox deyil: "Ona görə də ciddi tədbirlər görülməlidir. Məsələ ondadır ki, əkin üçün yararlı torpaqlar get-gedə şoranlaşır və müxtəlif səbəblərdən azalır. Neft-qaz kəmərlərinin çəkilməsilə əlaqədar kifayət qədər əkinə yararlı ərazi dövriyyədən çıxarıldı. Ona görə də əkin sahələrimiz getdikcə azalmağa doğru gedir. Həm texniki səbəblərdən, həm də şoranlaşma üzündən torpaqlarımızı itiririk. Digər tərəfdən, istifadə olunmayan torpaqların getdikcə strukturu dəyişir. Yəni əkin üçün yararsız olur. O da məlumdur ki, torpağı əkib-becərmədən, gübrə vermədən münbitləşdirmək mümkün deyil. Azərbaycanda da uzun müddətdir, elə torpaq sahələri var ki, onlardan istifədə olunmur. Bununla belə, su altında qalan torpaq sahələri var. Kədlinin elə imkanı yoxdur ki, vəsait xərcləyib təbii yolla həmin torpaqları münbitləşdirə bilsin. Bunun üçün də yalnız və yalnız dövlətin yardım etməsinə ehtiyac var. Çıxış yollarından biri də torpağın strukturu dəyişən sahələrdə meşə massivlərinin salınmasından ibarətdir.
Meşə olan yerdə çürüntü olur və bu da torpaqda humosun səviyyəsinin artmasına yardım edir. Nəticədə torpağın münbitliyi yüksəlir. Digər çıxış yolu isə texniki yoldur ki, o da drenaj sisteminin qurulmasından ibarətdir. Bütün bunlar üçün də hökumətin xüsusi proqramı olmalıdır. Hökumət proqram təsdiq etməlidir ki, hansı rayonda nə qədər şoranlaşan və dövriyyədən çıxan torpaq var. Bütün bu torpaqların hesabatı olmalıdır. Ondan sonra həmin torpaqların bərpası ilə əlaqədar konkret proqram hazırlanmalıdır".