Vüqar Bayramov: "Rusiyadan qayıdan azərbaycanlılar əmək bazarına təsir edir"
"Bu da Azərbaycanda məşğulluq probleminin dərinləşməsinə gətirib çıxardı"
.jpg)
Xəbər verildiyi kimi, ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26 faiz azdır. Sözügedən məlumat Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanıb. Məlumatda o da qeyd olunur ki, 2008-ci ildə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 2,4 milyon dollara bərabər olub.
İl ərzində Azərbaycana pul köçürmələri üçün aparılan əməliyyatları sayı təxminən 1 milyondan çox olub və hər əməliyyat zamanı orta hesabla 660 dollar məbləğində vəsait köçürülüb. Halbuki, 2008-ci ildə bu göstərici 825 dollara bərabər olub.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanla şimal qonşumuz arasındakı pul köçürmələrinin ümumi dövriyyəsi 721 milyon dollar səviyyəsində olub. Bu müddətdə Azərbaycandan Rusiyaya 60 milyon dollar, Rusiyadan ölkəmizə isə 661 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib. Rusiyaya bir köçürmənin orta məbləği 605 dollar, Azərbaycana isə bir əməliyyatın orta məbləği təxminən 660 dollar təşkil edib.
2008-ci ildə pul köçürmələrinin ümumi dövriyyəsi 2009-cu illə müqayisədə 23 faiz və ya 215 milyon dollar çox - 936 milyon dollar səviyyəsində olub. Həmin il Rusiyaya 49 milyon dollar, əksinə isə 887 milyon dollar göndərilib.
Bütövlükdə Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasının ölkə əhalisinin maddi vəziyyətin nə dərəcədə mənfi təsir göstərdiyi maraq doğurur. Çünki istəsək də-istəməsək də bu amil öz təsirini göstərir və bu danılmaz reallıqdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması şimal qonşumuzun böhrandan daha çox əziyyət çəkməsilə əlaqədardır: "Eyni zamanda, 2009-cu il yanvarın 1-dən Rusiyada əmək miqrantları ilə bağlı yeni qanun qəbul olundu. Nəticədə əmək miqrantlarının sayı ilə bağlı yeni limitlər müəyyənləşdirildi. Təbii ki, bütün bunlar Rusiyada yaşayan soydaşlarımızın bu ölkəni tərk etməsinə gətirib çıxardı. O baxımdan, bütövlükdə bu baş verənlər Rusiyadan Azərbaycana pul köçürmələrinə ciddi təsir göstərdi. Rusiya mətbuatının hesablamalarına görə, qlobal maliyyə böhranından əvvəl bu ölkədən il ərzində Azərbaycana təxminən 3,5 milyard dollar vəsait köçürülürdü.
Baxmayaraq ki, Azərbaycan Dövlət Statistika Komitəsindən il ərzində ölkəyə köçürülən məbləğin 1 milyard dollar olduğu bildirilmişdi. Bütün hallarda söhbət ondan gedir ki, Rusiyadan Azərbaycana kifayət qədər böyük məbləğdə vəsait köçürülürdü. Güman olunur ki, böhrandan sonra köçürmələrin həcmi təxminən 3 dəfəyə qədər azalıb".
V.Bayramovun fikrincə, köçürmələrin azalması Azərbaycandakı əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir: "Nəzərə almaq lazımdır ki, göndərilən həmin vəsaitlərin sayəsində ailə kifayət qədər normal dolanırdı. Regionlarda və rayonlarda yaşayan bir çox aylələr məhz Rusiyadan göndərilən vəsaitlərə bel bağlayırdı. Pul köçürmələrinin azalması həmin ailələrin maddi durumuna mənfi təsir göstərir.
Problemin digər tərəfi ondan ibarətdir ki, Rusiyadan qayıdan soydaşlarımız əmək bazarına təsir edir və praktiki olaraq əmək bazarında gərginlik müşahidə olunur.
Bu da Azərbaycanda məşğulluq probleminin dərinləşməsinə gətirib çıxardı. Böhrandan əvvəl Bakıda satılan mənzillərin 65 faizi məhz Rusiyada yaşayan azərbaycanlılar alırdı. Hazırda bu rəqəm 5 faizə düşüb. Praktiki olaraq tikinti sektorunda yaranan durğunluğun əsas səbəblərindən biri də məhz bu amillə əlaqədardır. Güman olunur ki, 2010-cu il boyunca pul köçürmələrində artım olmayacaq. Çünki bu il Rusiya iqtisadiyyatının canlanacağı proqnozlaşdırılmır".