Gəncə İmamzadəsində 5 milyon manatlıq təmir başlayır
Prezidentin sərəncamı müzakirə olundu
Dünən Gəncə Şəhər İcra Hakimiyyətində prezident İlham Əliyevin Gəncədə yerləşən İmamzadə Ziyarətgah Kompleksinin bərpa edilməsi barədə imzaladığı sərəncamla əlaqədar müşavirə keçirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, müşavirədə Gəncə şəhər idarə və təşkilatlarının, təhsil ocaqlarının nümayəndələri iştirak edib. Müşavirədə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bu günə kimi İmamzadə Ziyarətgahında əsaslı təmir işlərinin aparılmadığını və prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında burada əsaslı təmir işlərinin görüləcəyini bildirib: "Bu il ərzində prezident İlham Əliyev Gəncə şəhərinin abadlaşdırılması və inkişafı üçün iki sərəncam imzalayıb. Gəncə şəhərinin asfalt örtüyünün təzələnməsi, binaların fasadlarının düzəldilməsi, şəhərin işıqlandırma sisteminin inkişaf etdirilməsi və sairə abadlıq işləri üçün ötən ay imzalanan sərəncama uyğun olaraq 5 milyon manat əlavə vəsait ayrılıb. İmzalanan sərəncama uyğun olaraq isə İmamzadə Ziyarətgah Kompleksinin əsaslı bərpa işləri aparılacaq".
Qeyd olunub ki, VIII-ci əsrdə İmam Bağır oğlu İmam Cəfəri Sadiqin qardaşı şahzadə İbrahimin dəfn edildiyi İmamzadə Ziyarətgahı tarix boyu ayrı-ayrı xeyriyyəçi şəxslər tərəfindən bir neçə dəfə təmir olunsa da, bu günədək orada əsaslı təmir işləri aparılmayıb.