Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi taxıl sahələrinin 143 min hektar azaldığını deyir
.jpg)
Azərbaycanda taxıl əkilmiş sahələrin azalmasına baxmayaraq, hökumət 2010-cu ildə ölkədə taxıl qıtlığının yaranmaması üçün zəruri tədbirlər həyata keçirəcək. Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib.
S.Vəliyevin sözlərinə görə, aparılan ilkin araşdırmalar taxıl sahələrinin azalması müqabilində pambıq, tərəvəz, yem bitkiləri, kartof, bostan və tərəvəz əkilmiş sahələrin artdığını göstərib.
"Bu il ölkədə həm özəl şirkətlər, həm də Dövlət Taxıl Fondu tərəfindən taxıl elevatorları tikilir. Eyni zamanda, idxalı da nəzərə almaqla, hökumət ölkədə taxıl əkininin azalmasını əsas tutaraq taxılın və unun qiymət artımına yol verməyəcək" - deyə nazirlik rəsmisi vurğulayıb.
S.Vəliyev cari il üçün ölkədə taxıl sahələrinin 143 min ha azaldığını bildirib, bunu da Maliyyə Nazirliyi tərəfindən bəzi rayonlarda subsidiyaların verilməsində yaranmış ləngimələrlə izah edib.
Nazirlik rəsmisi qeyd edib ki, ötən il ölkədə həddən artıq taxıl istehsal olunduğundan, fermerlər məhsulu satmaqda çətinliklə üzləşib. Bu il istehsal olunan taxılın satışının təşkili üçün də müəyyən tədbirlər nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda 2009-cu ildə, qarğıdalı da daxil olmaqla, 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla, 2 988,3 min ton taxıl məhsulu toplanıb ki, bu da 2008-ci ilə nisbətən onun istehsalının 19,6% artdığını göstərib. İstehsal olunmuş taxıl məhsulunun 71,7%-ni və ya 2 141,4 min tonunu buğda təşkil edib.