.jpg)
"Qalatasaray" prezidenti Adnan Polat Ronaldinyonun transferi üçün hərəkətə keçib. Lent.az-ın "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İtaliyanın "Milan" klubunda oynayan braziliyalı ulduz futbolçunun transferi üçün Qalatasarayın futbol şöbəsinin müdiri Haldun Üstünel fevralın 13-də "Milan" klubunun rəhbərliyi ilə görüşüb.
"Milan" klubunun vitse-prezidenti Adriano Galliani və klubun idman direktoru Ariedo Braida ilə bir araya gələn Haldun Üstünel Ronaldinyonun transferi şərtləri ilə bağlı müzakirə aparıb. "Milan" rəhbərliyi Ronaldinyonun qarşılığında Elano və 5 milyon dollar pul, o cümlədən "Qalatasaray"ın kapitanı Ardanı da istəyib.
Əgər tərəflər qarşılıqlı razılaşma elan edərsə, Adnan Polat martın 20-də Ronaldinyonun "Qalatasaray"a transferi məsələsinin bitdiyini elan edəcək.
Qeyd edək ki, martın 27-də "Qalatasaray" klubunda prezident postuna növbəti seçkilər olacaq. Adnan Polat seçkiöncəsi tərəfdarlarına super hədiyyə etmək istəyir.
Xatırladaq ki, Ronaldinyonun "Milan" klubunda illik qazancı 6,5 milyon avrodur.
"Qalatasaray" klubu mətbuatda Ronaldinyonun İstanbula gələ biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Sarı-qırmızılı" klub "Vətən" qəzetində dərc olunan "Polatın seçim hədiyyəsi Ronaldinyo" başlıqlı yazı ilə bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.
"Qalatasaray"ın bəyanatında bildirilir ki, bu xəbər həqiqətəuyğun deyil. "Adıçəkilən yazıda əsilsiz bir iddia üzərinə bir transfer ssenarisi yazılıb. Xəbərdə adıkeçən futbolçu ilə klubumuzun heç bir əlaqəsi yoxdur", deyə "Qalatasaray"ın bəyanatında qeyd olunur.