.jpg)
Terrorla hədələmə ittihamı ilə 8,5 il müddətinə həbs edilmiş "Realnıy Azerbaydjan" qəzetinin redaktoru Eynulla Fətullayev DİN, Penitensiar Xidmət rəhbərlərinə, habelə "Amnesty İnternational", "Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb.
Jurnalist iddia edir ki, ona qarşı həyata keçirilmiş "heroin əməliyyatı" onu məhv etmək planlarının tərkib hissəsini təşkil edir.
Baş redaktor daha sonra yazır ki, "Artıq ilk addım atılıb, mənim çox təhlükəli narkotik maddələrdən istifadə etdiyim açıqlanıb. Sonrakı addım üçün zəmin hazırlanıb. Növbəti narkotik doza ölümcül ola bilər. Bakı İstintaq Təcridxanasında, başqa dustaqlardan fərqli olaraq, təhlükəsizliyimin yüksək səviyyədə təmin edilməsi də müəyyən qədər real təhlükədən xəbər verir. Kameramın qarşısına bir zabitdən savayı heç kim buraxılmır, nəzarətçilərə isə kamerama yaxınlaşmaq yasaq olunub. Kameramın yemək vermək üçün nəzərdə tutulan pəncərəsinin svarkalanıb-qıfıllanması da təhlükəsizlik tədbirlərindəndir. "Bu cür təhlükəsizlik tədbirləri hansı səbəbdən həyata keçirilir" -sualıma isə "təxribat ola bilər" cavabını almışam. Hamı mənə qarşı növbəti təxribat gözləyir, çünki "heroin əməliyyatı"nın çirkin təxribat olduğu hamıya məlumdur. Döyüş meydanına çıxarkən nə etdiyimi dərk edirdim. Həqiqət və ideallarım uğrunda mübarizədə bütün qurbanlara və məhrumiyyətlərə hazıram. Fəqət dövlətin də cəmiyyət qarşısında götürdüyü öhdəliklərinə riayət etməsi vacibdir".