.jpg)
Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Goranda yerləşən "N" saylı hərbi hissəsində baş verib. Əsgər Elçin Abduləzimov özünü asıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. O, baş vermiş hadisə ilə bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlandığını və araşdırmaların davam etdirildiyini bildirib.
Sumqayıt Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Elçin Abduləzimovun intihar səbəbləri məlum deyil. Əsgərin dayısı Mehdi Əli oğlu Ataşovun ANS PRESS-ə verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özünə qəsd etməsinə səbəb də bu olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə "Azadlıq" Radiosuna deyib ki, faktla bağlı açılmış cinayət işi yekunlaşmayana qədər faciənin səbəbləri haqqında danışmaq tezdir: "Biz ailənin faciəsini də başa düşürük, ailə üzvlərinin bu cür ittihamlarını da. Onlar itki veriblər. Amma gəlin istintaqın nəticəsini gözləyək". E.Abduləzimovun hərbi xidməti başa vurmasına 3 ayı qalıbmış.