Hüquq müdafiəçiləri Tomas Hammarberqə 14 saylı həbsxananın rəisi Ərşad Rüstəmovdan şikayət etdilər
.jpg)
Bakıda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq dünən Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Komitəsinin üzvləri - hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə ilə görüşüb.
Arzu Abdullayevanın sözlərinə görə, insan haqları ilə bağlı problemlər əsas müzakirə mövzusu olub: "Bütün sahələrə toxunulub. Yalnız söz azadlığının boğulmasından, mediaya olan təzyiqlərdən deyil, eyni zamanda vətəndaşların mülkiyyət, sosial hüquqlarının pozulmasından, həbsxanalardakı vəziyyətdən, siyasi məhbuslara edilən təzyiqlərdən də danışdıq.
Hətta 14 saylı müəssisənin rəhbəri Ərşad Rüstəmovun məhbuslara tətbiq etdiyi işgəncə hallarından, alçaldıcı metodlardan söz açdıq. Bildirdik ki, içəridə olarkən keçmiş siyasi məhbus Mirzə Sakitə qarşı da belə təxribatlar hazırlanıb. Eynulla Fətullayevin işi barədə də ətraflı məlumat verdik" - deyə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd edilib.