Mətbuat Şurası bu həftə bir fırıldaqçı baş redaktorun işinə baxacaq
"Pul aldı, əvəzinə vəsiqə təklif etdi"
Azərbaycanın Mətbuat Şurası dörd qəzetlə bağlı şikayətə baxacaq. "Şuranın şikayətlər komissiyasına dörd qəzetlə bağlı şikayət daxil olub və komissiyanın bu həftə keçiriləcək iclasında məsələ müzakirəyə çıxarılacaq".
Bu sözləri bazar ertəsi Trend News-a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib. Hüseynzadənin sözlərinə görə, şikayətlərdən biri qəzetlərdən birinin rəhbərliyinin vətəndaşlara fırıldaq gəlməsi haqdadır. "Adını çəkmək istəmədiyim həmin qəzetin rəhbəri bir nəfərdən işə düzəldəcəyini vəd verərək müəyyən miqdarda pul alıb. Vədinə əməl etmədikdə isə həmin şəxsə qəzetin vəsiqəsini pul əvəzinə təklif edib" - icraçı katib əlavə edib. Onun fikrincə, bəzi qəzet təsisçiləri vəsiqə alverilə məşğul olmaqdan da çəkinmir. "Bu cür problemlərin həlli üçün kütləvi informasiya vasitələrinin yenidən qeydiyyatdan keçməsinə və bu zaman şuranın da rəyinin müəyyən qədər nəzərə alınmasına ehtiyac var" - Hüseynzadə vurğulayıb.