Aydın Quliyev: "Son bir neçə ildə Redaktorlar Birliyinin toplanıb-toplanmadığı haqda məlumatım yoxdur"
Yadigar Məmmədli: "Redaktorlar Birliyi Mətbuat Şurası yaradılana qədər fəaliyyət göstərib"
Mətanət Əliyeva: "Xəbərim yoxdur"
Bir neçə il bundan əvvəl Azərbaycanda Redaktorlar Birliyi adında qurumun tez-tez toplandığının və jurnalistlərin üzləşdiyi problemlərlə bağlı bir sıra məsələləri müzakirə etdiyinin şahidi olurduq. Son illər sözügedən qurumun fəaliyyət göstərib-göstərmədiyi ümumiyyətlə məlum deyil.
Ancaq mətbuat səyfələrində hələ də Redaktorlar Birliyinin hansısa məsələni müzakirə etməsi haqda informasiyalar dərc edilir. Maraqlıdır, Redaktorlar Birliyi adlı qurum mövcuddurmu?
"Bakı-Xəbər" qəzetinin baş redaktoru sözügedən qurumun fəaliyyət göstərməsinin məlum olmadığını bildirdi: "Onu qeyd edim ki, illər əvvəl Redaktorlar Birliyi fəaliyyət göstərirdi. Həm də aktiv fəaliyyət göstərirdi. Ancaq son bir neçə ildə Birliyin toplanıb-toplanmadığı haqda məlumatım yoxdur məncə, bu qurum daha yoxdur". "İmpuls" qəzetinin baş redaktoru Mətanət Əliyeva da bir vaxtlar belə bir qurumun fəaliyyət göstərdiyini bildirdi: "Ancaq bu Redaktorlar Birliyinin konkret nə iş gördüyü və nəyəsə nail olmaları yadımda deyil. Yaxud da jurnalistlərin hansısa problemini həll etməsini görməmişəm. Digər tərəfdən, bir sıra redaktorlar xüsusi maraqlar əsasında ora toplaşırdı, nəinki mətbuatın problemlərini həll etməklə bağlı. Ancaq özlərinə ayid problemləri həll etmək istəyirdilər. Deməyim odur ki, şahidi olmamışam ümumilikdə Redaktorlar Birliyi mətbuatın hansısa problemini qaldırsın və nəyəsə nail olsun. Şəxsən mən bir neçə il bundan əvvəl bunun şahidi olmamışım. Hazırda bu qurumun fəaliyyət göstərib-göstərməməsindən tsə xəbərim yoxdur".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, ara-sıra redaktorların, jurnalist təşkilatı rəhbərlərinin toplaşması o demək deyil ki, sözügedən qurum fəaliyyət göstərir: "Məsələn, biz bu yaxınlarda ona görə toplandıq ki, martın birinci ongünlüyünü mərhum Elmar Hüseynovun xatirəsinə həsr edək. Eyni zamanda, bununla bağlı bir sıra tədbirlər keçirək. Redaktorlar Birliyi Mətbuat Şurası yaradılana qədər fəaliyyət göstərib. Hazırda Redaktorlar Birliyi haqqında danışan belə yoxdur. Çünki 2003-cü ildə Mətbuat Şurası yaradılandan sonra format dəyişdi. Ona qədər sözügedən qurum ona görə var idi ki, redaktorlar bir qurumda birləşir, bir yerə yığışıb qərar verirdilər. Düzdür, Redaktorlar Birliyinin bir statusu yox idi, amma həmin redaktorların, KİV-lərin çəkisi böyük olduğuna görə, bir araya gəlib müəyyən məsələlərlə bağlı qərarlar verirdilər. Həmçinin, müxtəlif tədbirlər həyata keçirirdilər. Sonra format dəyişdi, Redaktorlar Birliyində olanlar və olmayanlar Mətbuat Şurasının təmsilçisi oldular. Ondan sonra Redaktorlar Birliyinin hər hansı toplantısı olmayıb".