Səfər Əbiyevin bəyanatı ilə prezidentin kursu arasında ziddiyyət, ya...
"Azərbaycan müdafiə nazirinin bəyanatına siyasi şərh verməyə ehtiyac yoxdur, o özü verdiyi bəyanatın məsuliyyətini bilir"
"Müdafiə naziri özü verdiyi bəyanatın məsuliyyətini bilir. Ona görə də bu bəyanata siyasi şərh verməyə ehtiyac yoxdur".
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiya ictimai-siyasi şöbənin müdiri Əli Həsənov verib. Müdafiə naziri Səfər Əbiyevin bəyanatına münasibət bildirən Əli Həsənov qeyd edib ki, "Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir. Amma Azərbaycan nə zaman hiss etsə ki, danışıqlar potensialı tükənib, danışıqlar yalnız danışıq xətrinə aparılır, o zaman Azərbaycan özünün ixtiyarında olan bütün vasitələrlə özünün ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq". Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə danışıqların hazırda Praqa prosesi çərçivəsində və "Madrid prinsipləri" ətrafında aparıldığını deyib: "ATƏT həmsədrlərinin təklifləri hər iki respublikaya təqdim olunub və bu təkliflər ətrafında fikir mübadiləsi aparılır. Lakin danışıq aparan tərəflər bundan artıq məlumat verməyib. Bundan sonrakı proseslər necə olacaq, hansı mərhələdə bu təkliflərin razılaşdırılması gözlənir, bu barədə bundan artıq heç nə bilmirəm". Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edən zaman Dağlıq Qarabağ münaqişəsilə bağlı fikirlərini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyib. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlaması qaçılmazdır.