Azərbaycan Prezident Administrasiyasından İranın hərəkətlərinə rəsmi reaksiya...
Əli Həsənov "Səhər" telekanalının ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət etdiyini dedi
.jpg)
"İranla Azərbaycan qonşu, mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxın olan dövlətlərdir. Bizim müştərək dövlətçiliyimiz olub. İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir".
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin Təbrizdəki konsulluğu qarşısında Azərbaycan bayrağının yandırılması barədə sualı cavablandırarkən deyib.
Ə.Həsənov İran tərəfində də, bəzən Azərbaycan ətrafında fəaliyyət göstərən qüvvələr sırasında da iki ölkə arasında münasibətlərin normal olmamasını istəyənlərin olduğunu bildirib: "Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərir.
Biz Azərbaycan dövləti olaraq, belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk". Şöbə müdiri bütün bunları dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb: "Bununla belə, təəssüflər olsun ki, bəzən İran tərəfindən belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusilə qeyd etmək lazımdır ki, İranın "Səhər" telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, onun mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir.
Belə cəhdlərə qarşı da biz dövlət olaraq öz səsimizi qaldırır, İranın lazımı instansiyalarına bununla bağlı iradlarımızı bildiririk".