Terrorçunun əlaltılarını Bakıya təhvil verən Gürcüstan Elmarın qatillərini niyə vermir?
.jpg)
Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev "Media forum" saytının jurnalist Elmar Hüseynovun qətlinin istintaqı haqda suallarını cavablandırıb.
Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
Adam oğurluğu, çoxsaylı qətllərə görə ömürlük azadlıqdan məhrumetmə cəzası almış Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov öz məhkəməsində Elmarı onun dəstəsinin qətlə yetirdiyini və cinayətin o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişilə icra olunduğunu bildirsə də, hələ bu məsələyə aydınlıq gəlməyib.
- "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli üzrə aparılan istintaqda hər hansı yenilik varmı?
İstintaq qrupu bu sahədə hüquqi yardım göstərilməsi üçün Gürcüstanın Baş Prokurorluğuna dəfələrlə vəsatətlər də göndərib. Qrup üzvləri dəfələrlə həmin ölkəyə ezam olunub. Cinayəti törətmiş şəxslər məlumdur. Bunlar barəcində beynəlxalq axtarış elan olunmuş Tahir Xubanov və Teymuraz Əliyevdir. Həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi üçün Gürcüstanın Baş Prokurorluğuna da müraciətlər edilib. Lakin Gürcüstan tərəfi, həmin şəxslərin öz vətəndaşları olduğunu əsas gətirərək, onların verilməsindən imtina edib. Hazırda İnterpol dünyanın 180-dən artıq ölkəsində Tahir Xubanov və Teymuraz Əliyev barədə qırmızı xətlə beynəlxalq axtarış aparır. Onların istintaqa cəlb edilməsi üçün mümkün olan bütün tədbirlər görülür.
- Gürcüstan tərəfi iş üzrə Azərbaycanla geniş və dərindən əməkdaşlıq edirmi? İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev APA-ya açıqlamasında deyib ki, Tahir Xubanov və Teymuraz Əliyev Gürcüstanda gizlənir. İstintaq qrupu bu məlumatı təsdiqləyirmi?
- Bu məlumatı kimin və hansı mənbəyə istinadla verdiyini bilmirəm. İndi istintaq gedir və mən fikirlərimi bildirdim.
- Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun Elmar Hüseynovun qətli üzrə dindirilməsi və hadisə yerinə çıxarılması haqda məlumatlar vardı. İstintaq bu versiya üzrə araşdırmalarını davam etdirirmi?
- Mən bundan artıq şərh verə bilmərəm.
- 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qırğına görə Gürcüstan vətəndaşları ittiham olunur. Rəsmi məlumata görə də, akademiyada insanları Gürcüstan vətəndaşı Fərda Qədirov qətlə yetirib. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni törətməkdə şübhəli bilinən digər Gürcüstan vətəndaşlarını tez bir zamanda istintaqa cəlb etdi və Azərbaycana gətirdi. Gürcüstan tərəfi isə onları təhvil verməkdən imtina etmədi. Necə olur ki, Gürcüstan Azərbaycanın qətldə ittiham etdiyi Tahir Xubanov və Teymuraz Əliyevi təhvil verməkdən imtina edir? Sizə elə gəlmirmi ki, burada biz ziddiyyət var?
- Mən bu ziddiyyəti müəyyənləşdirməyi sizin öhdənizə buraxıram. Hazırda istintaq hərəkətləri gedir. Sizə məsləhət görərdim, istintaqın yekunlarını gözləyək.