.jpg)
"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. "Yeni Nəsil" Jurnalistlər birliyinin sədri Arif Əliyev tədbirdə çıxış edərək bildirib ki, E.Hüseynov Azərbaycanın müstəqilliyindən sonra qətlə yetirilmiş 10-cu jurnalistdir.
O, ötən 5 il ərzində qatillərin tapılmadığını deyib. A.Əliyev deyib ki, qətlin 5 illiyilə əlaqədar martın 1-dən 10-dək Elmar Hüseynov ongünlüyü elan olunur. Bu müddətdə Elmar Hüseynovun xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.
Ümid Partiyasının sədri İqbal Ağazadə Elmar Hüseynovun qətlinin ilk növbədə ağır cinayət olduğunu deyib: "Təəssüf ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu cinayətin sifarişçilərini, həyata keçirənləri məhkəmə qarşısına çıxara bilmədilər. Digər tərəfdən, cinayətin motivi də bəlli deyil. Qətlin motivini araşdırmaq hüquq-mühafizə orqanlarının bir nömrəli vəzifəsidir. Prosesin 5 il davam etməsi ciddi narahatlıq yaradır. Əslində, Elmara atılan güllə mətbuata atılmış güllədir".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, E.Hüseynov Azərbaycan jurnalistikasında şücaət rəmzidir. O, E.Hüseynovun qatillərinin tapılması ilə bağlı məsələdə o qədər də pessimist olmadığını vurğulayıb: "Bu qətl bizə bir dərs olmalıdır. Elmar çox kəskin yazırdı və o zaman bizim heç birimiz onu qorumaq barədə düşünmədik, ona "ehtiyatlı ol" demədik".
Ə.Amaşov E.Hüseynov qətlə yetiriləndən sonra Mətbuat Şurasının onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etdiyini, lakin bu təkliflərin birmənalı qarşılanmadığını vurğulayıb. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq isə çıxışında Elmar Hüseynovun Norveç səfirliyinin dostu olduğunu deyib. O, E.Hüseynovun qətlinə Azərbaycan hakimiyyətinin də sərt reaksiya verdiyini və İlham Əliyevin bu hadisəni Azərbaycan üçün ləkə adlandırdığını qeyd edib: "Mən də ümid edirəm ki, onun qatilləri tapılacaq".