.jpg)
Qəzetimizin ötən saylarında adları Mətbuat Şurasının qara siyahısına düşmüş "qəzetlər"in baş redaktorlarının jurnalistikanın heç bir etik prinsipinə sığmayan hərəkətləri barədə yazmışdıq. Qeyd etmişdik ki, "reket" baş redaktorlar arasında müxbirlərin telefon danışıqlarını dinləyən, qanunla qadağan olunmuş biznes fəaliyyətilə məşğul olanlar var.
Bəziləri ali məktəblərə qanunsuz yollarla tələbə qəbul etdirir, hərbi hissələrə əsgər saldırır, imtahan-məqbul yazdırır, bir qismi işədüzəltmə bürosu kimi fəaliyyət göstərir və s.
Əldə etdiyimiz məlumatlara görə, "reket" baş redaktorlardan biri, hətta əxlaqsızlıq yuvasına çevrilmiş sauna biznesinə də girişib. Daha doğrusu, belə saunalardan birinin rəhbərliyini aylıq hesaba otuzdurub. "Hər ay filan qədər verməlisən, yoxsa polisə şikayət edərək obyekti bağlatdıracam" deyən "baş redaktor"a hər ay nəzərdə tutulan qədər "susmaq haqqı" verilir. Hesaba otuzdurulan sauna Yeni Günəşli qəsəbəsində yerləşir. Məlumatlara görə, "baş redaktor" sauna rəhbərliyində təmsil olunan şəxslər və onların fəaliyyəti haqqında öz qəzetində mütəmadi olaraq yazıb. Sauna rəhbərliyi isə sonda məcburiyyət qarşısında qalaraq "baş redaktor"la razılığa gəlib. Razılığa əsasən, hər ay sauna rəhbərliyi "baş redaktor"un "maaş"ını ödəyir, ikinci isə öz növbəsində yazıları dayandırır və hətta bu saunanı mediadan mühafizə edir. Yəni saunanın mətbuat xidməti rolunda çıxış edir.
Bu yerdə Mətbuat Şurasının "reket qəzetlər"ə qarşı apardığı mübarizəyə haqq qazandırmamaq olmur. Gəlin düşünək, bizə belə "qəzetlər" və "baş redaktorlar" lazımdırmı? Əlbəttə ki, xeyr. Əyri yollarla müəyyən müddətə, məsafəyə qədər pul qazanmaq olar, amma uzaq məsafə qət etmək əsla mümkün deyil.
Həmin "baş redaktorun" adı və başqa bəzi məqamlar barədə dəqiq məlumatımız var. Hələ araşdırma aparırıq.
Sauna rəhbərliyilə "baş redaktor" arasında işbirliyinin detallarını öyrənmək istiqamətində araşdırmalarımızı davam etdirəcəyik və məlumat verəcəyik.