.jpg)
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb.
Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Malaşvili Şalva Semyonoviç və Azərbaycan Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Hüseynov Yaşar İsmayıl oğlu cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini Rusiyanın və İslandiyanın "Russ-İsland" adlı birgə müəssisəsinin Bakı ofisinin, həmçinin İnterpolun və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək, xeyli sayda vətəndaşa müxtəlif sahələrdə işləmək üçün İslandiyaya göndəriləcəklərini vəd edib və onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
Özünü Aleksandr Malaşevski kimi təqdim edən Şalva Malaşvilinin və Yaşar Hüseynovun "Russ-İsland" birgə müəssisəsinin adından istifadə edərək dələduzluqla məşğul olduqları müəyyən edilib, onların kirayələdiyi ofisdə və Şalva Malaşvilinin yaşadığı mənzildə məhkəmənin qərarı ilə keçirilən baxış zamanı həmin şəxslərin törətdiyi cinayət əməllərini təsdiqləyən sənədlər və dəlillər aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Şalva Malaşvili 2009-cu il dekabr ayının əvvəllərində Bakıda Yaşar Hüseynovla tanış olub. Şalva Malaşvili özünü Yaşar Hüseynova Rusiya Federasiyasının və Çexiya Respublikasının vətəndaşı kimi təqdim edib, Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin əməkdaşı olduğunu bildirib və ona Gürcüstanda hazırladığı saxta vəsiqəsini göstərib. Sonra Şalva Malaşvili və Yaşar Hüseynov cinayət əlaqəsinə girərək, Azərbaycan vətəndaşlarının pullarını ələ keçirmək üçün guya onları işə düzəltmək adı ilə İslandiyaya göndərəcəkləri barədə sövdələşiblər. Şalva Malaşvili və Yaşar Hüseynov Yasamal rayonunda ofis kimi işlətdikləri Abdulla Şaiq küçəsi 214 saylı evdəki kompüterdə "Russ-İsland" birgə müəssisəsinin adından elanlar hazırlayaraq şəhərin müxtəlif yerlərində asıb, habelə bu elanları qəzetdə də yerləşdiriblər. Müraciət edən vətəndaşlara Şalva Malaşvili özünü İnterpolun və ya Beynəlxalq Polis Assosiasiyasının Gürcüstan bölməsinin işçisi, Yaşar Hüseynov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib. Onlar vətəndaşlara İslandiyada müxtəlif sahələrdə işləmək üçün aylıq 1800-4500 ABŞ dolları məbləğində əmək haqqı verildiyini, müəssisə ilə əmək müqaviləsi bağlandıqdan sonra aviabilet üçün 450 ABŞ dollarının əvvəlcədən ödəniləcəyini, aviabiletə görə pulun qalan hissəsinin isə İslandiyada işlədikləri 6 ay ərzində əmək haqlarından hissə-hissə tutulacağını bildiriblər. Vətəndaşlar Şalva Malaşvili və Yaşar Hüseynov tərəfindən təqdim olunmuş saxta əmək müqavilələrini imzalayıb və saxta aviabiletləri alaraq əvvəlcədən qeyd olunan məbləği onlara ödəyiblər. Beləliklə, Şalva Malaşvili və Yaşar Hüseynov 2010-cu ilin yanvar ayının 15-dən fevral ayının 23-nə qədər olan dövr ərzində işə düzəlmək məqsədilə müraciət etmiş 50 nəfər fiziki şəxsi aldadaraq, hər birindən 450 ABŞ dolları almaqla, ümumilikdə 22 min 500 ABŞ dolları məbləğində onlara ziyan vurublar.
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə cinayət işi başlanıb, Şalva Malaşvili və Yaşar Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İşin bütün hallarının araşdırılması, bu cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şalva Malaşvilinin və Yaşar Hüseynovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur. Əlaqə telefonu: 405-99-99 və 405-84-87