Cəmi 20 dəqiqəyə...
.jpg)
Ötən il Rusiyadan Azərbaycana pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26% azdır. Bu məlumat Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanıb. Məlumatda o da qeyd olunur ki, 2008-ci ildə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 2,4 milyon dollara bərabər olub.
İl ərzində Azərbaycana pul köçürmələri üçün aparılan əməliyyatları sayı təxminən 1 milyondan çox olub və hər əməliyyat zamanı orta hesabla 660 dollar məbləğində vəsait köçürülüb. Halbuki, 2008-ci ildə bu göstərici 825 dollara bərabər olub.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanla şimal qonşumuz arasındakı pul köçürmələrinin ümumi dövriyyəsi 721 milyon dollar səviyyəsində olub. Bu müddətdə Azərbaycandan Rusiyaya 60 milyon dollar, Rusiyadan ölkəmizə isə 661 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib. Rusiyaya bir köçürmənin orta məbləği 605 dollar, Azərbaycana isə bir əməliyyatın orta məbləği təxminən 660 dollar təşkil edib.
2008-ci ildə pul köçürmələrinin ümumi dövriyyəsi 2009-cu illə müqayisədə 23% və ya 215 milyon dollar çox - 936 milyon dollar səviyyəsində olub. Həmin il Rusiyaya 49 milyon dollar, əksinə isə 887 milyon dollar göndərilib. "İqtisadi forum" jurnalının məlumatına görə isə, pul köçürmələri "Anelik", BLIZKO, "Coinstar Money Transfer", "Contact", "İnterExpress", "Migom", "MoneyGram", "PrivatMoney", "UNIStream", "Western Union", A"ziyaEkspress", ALLUR, "Blits", "Bıstraya Poçta", "Quta Sprint", "Zolotaya Korona", "Lider" sistemləri vasitəsilə həyata keçirilib. Rusiyadan MDB ölkələri arasında ən çox Özbəkistana pul göndərilib. Ötən il Özbəkistana göndərilən pul köçürmələrinin həcmi 2,05 milyard dollar təşkil edib. Bundan başqa, Tacikistana , Ukraynaya, Qırğızıstana, Ermənistana, Moldovaya da böyük məbləğlərdə pul köçürülüb. Rusiyadan göndərilən pul köçürmələrinin həcminə görə MDB ölkələri arasında 7-ci olan Azərbaycan bir əməliyyatla göndərilən vəsaitin orta həcminə görə liderdir. Növbəti yerdə Ermənistan, Gürcüstan və Özbəkistan gəlir.
Beləliklə, aydın görünür ki, qlobal maliyyə böhranının Rusiyaya vurduğu ziyan orada yaşayan azərbaycanlıların da qazancını azaldıb. Qeyd edək ki, 2008-ci ilin payızında başlayan iqtisadi böhranın ən ciddi təsir etdiyi ölkələrdən biri məhz Rusiyadır. İllik iqtisadi eniş, rəsmi məlumatlara görə, 10 faizdən artıq olub və bu, dünya ölkələri arasında ən acınacaqlı göstəricilərdən biridir. Böhranın ən ciddi təsir etdiyi təbəqələrdən biri də miqrantlardır. Xatırladaq ki, Rusiyada xeyli azərbaycanlı miqrant yaşayır. Onların vəziyyətinin pisləşməsinə təsir edən amillərdən biri isə ötən il Moskvada "Çerkizov" bazarının bağlanması olub. Bununla belə, Rusiyada olan azərbaycanlı miqrantlar gələcəyə ümidlidir.
Ekspertlər bildirir ki, Rusiyada işləyən azərbaycanlıları iki yerə bölmək olar: böyük bizneslə məşğul olan iş adamları və müxtəlif bazarlarda meyvə-tərəvəz, xırdavat alveri edənlər. Rusiya rəsmiləri deyir ki, artıq böhranın ən pis hissəsi arxadadır və artım başlayıb. Öz işində hələlik əsasən bunu hiss etməyən miqrantlara görə, əsası odur ki, iş yerləri açılıb məvaciblər verilsin. Çünki bu halda həmin pullar gec-tez ticarətə gələcək.
Onu da qeyd edək ki, Rusiyadan xaricə göndərilən pul köçürmələrinin 90 faizi MDB ölkələrinin payına düşür. Bu vəsaitin böyük hissəsi tikinti sektoru və ticarət sahəsində qazanılırdı. Rusiya Mərkəzi Bankı isə xarici ölkələrə göndərilən vəsaitin tam yarısının qeyri-leqal yolla qazanıldığını bildirir. Hesablamalara görə, Rusiyada yaşayan azərbaycanlıların rəsmi və qeyri-rəsmi kanallarla il ərzində ölkəyə göndərdiyi pulların məbləği 2 milyard dollardan çoxdur. Amma son bir ildə Rusiya iqtisadiyyatında baş verən tənəzzül miqrantların qzancına ciddi mənfi təsir göstərib. İndi Rusiyada işləyən əksər miqrantlar özlərini birtəhər dolandırır, vətənə pul göndərmək isə arxa plana keçib.
Qeyd edək ki, Azərbaycanın xarici ölkələrlə pul köçürmələri sahəsində əlaqələri genişdir. İndi Rusiyanın istənilən mərkəzi şəhərlərindən birində işləyən azərbaycanlı Azərbaycanın hər hansı bir rayonunda yaşayan yaxınına 20 dəqiqə ərzində köçürmə yolu ilə pul göndərə bilir. Bu işlə Azərbaycanda kommersiya bankları məşğul olur.
Onu da bildirək ki, banklar vasitəsilə pul köçürmələrinin vaxtı və qiyməti müxtəlifdir. Məsələn, qonşu ölkədən göndərilən pulu 20 dəqiqə sonra da almaq olar. Amma bunun üçün bəzən göndərilən pulun 5%-i qədər banka xidmət haqqı ödəmək lazım gəlir. 1% ödəməklə isə pulu 2-3 günə də almaq olur. Bu, həmin xidməti göstərən yerli bankın peşəkarlığından asılıdır.
Sonda onu da xatırladaq ki, Rusiya bu il üçün miqrant kvotasını xeyli azaldıb. Rusiya Federal Miqrant Bürosunun rəqəmlərinə görə, hazırda bu ölkədə 15 milyon miqrant yaşayır.
Onların böyük əksəriyyəti keçmiş SSRİ ölkələrindən gəlib. Bir qisim miqrantlar isə bu ölkədə qaçaq yolla işləyir.