Ekspert Azərbaycan banklarında başlanan bir prosesin onların öz xeyrinə olacağını deyir
.jpg)
Qlobal maliyyə böhranının özü ilə gətirdiyi fəsadlardan biri də problemli kreditlərin həcminin durmadan artmasıdır ki, bu hal Azərbaycanda da öz kəskinliyilə seçilir. Həmin məqam banklarla müştərilər arasında ziddiyyətlərin çoxalmasına gətirib çıxarır.
Adətən banklar aldığı krediti qaytara bilməyən müştəriyə qarşı sərt tədbirlərilə yadda qalır. Onlar hər vəchlə çalışır ki, nəyin bahasına olursa-olsun, kreditin qaytarılmasına nail olsunlar. Bu baş vermədikdə müştərinin girov qoyduğu əmlak satışa çıxarılır. Amma böhran şəraitində sözügedən cəza tədbirləri heç də tam uğurlu sayıla bilməz. Çünki kirov alınan əmlakın indiki situasiyada satılmasının özü böyük bir problemdir. Hazırda əhalinin alıcılıq qabiliyyəti zəif olduğundan, həmin əmlakı alanı belə tapmaq müşkül məsələyə çevrilib. Bankların müştərilərinin sürətlə azalması da nəticə etibarilə onların qazancına təsirsiz ötüşmür. Mətbuatın yazdığına görə, elə bu səbəbdən son dövrlər bəzi banklar problemli krediti olan, lakin potensial sayılan müştərilərə daha loyal yanaşmağa üstünlük verməyə başlayıb. Onlar da anlayırlar ki, böhran şəraitində sahibkarların da işi heç də hamar getmir və belə şəraitdə kreditlərin geri qaytarılmasına nail olmaq üçün təzyiqlərin sərtləşdirilməsinin effekti də yoxdur. İndi əmlakın özünü pula çevirmək o qədər də asan deyil, banka isə kredit yalnız pul şəklində qayıtmalıdır. İkincisi, bankirlər etiraf edir ki, müştərinin günahı yoxdursa, yəni, məsələn, o məsuliyyətlidir, amma problem böhrana görə yaranıbsa, bank belə müştərini itirmək istəmir. Onsuz da ondan yaxşısını tapmayacaq. Ona görə də, krediti qaytara bilməyənlərə güzəştlər edilir. Kreditin müddəti uzadılır, işlərini qaydaya salmaq üçün onlara vaxt verilir.
Qeyd edək ki, Azərbaycanda məbləği 5 mindən artıq olan kreditlər üçün girov qoyulmalıdır. 10 mindən artıq kreditlərdə isə daşınmaz əmlakın girov qoyulması şərtdir.
Banklarda o da bildirilir ki, hazırda problemlər ən çox biznes kreditlərində, yəni 10 min manatdan yuxarı olan məbləğlərdə yaşanır. Problemli kreditə münasibətdə banklarda yaranan yeni təmayül, heç şübhəsiz, birinci növbədə bankların özünün çətinliklərdən çıxmasına hesablanıb. Yəni bəzi banklar indiki məqamda çıxış yolunu borclu olan müştəriyə yalnız yeni münasibətin formalaşmasında görür. Bununla onlar müştərini də özündən narazı salmaqdan yan keçməyə çalışır.
Görəsən, yeni təmayülə ekspertlərin münasibəti necədir, bu hal bankların vəziyyətdən çıxmasına nə kimi təsir göstərə bilər?
Müstəqil iqtisadçı ekspert Akif Nəsirli zənn edir ki, sözügedən yenilik hazırkı dönəmdə banklar üçün ən optimal variantdır. Çünki onlar indiki halda əmlakı pula çevirməkdə çətinliklə üzləşir, bu yolla isə müştəridən pulunu, az miqdarda olsa da, geri ala bilər. Amma həmsöhbətimiz bunun bankların vəziyyətdən çıxmasına təsir edəcəyini düşünmür: "Burada məsələ başqadır. Düşünmürəm ki, bununla kommersiya bankları mövcud vəziyyətdən çıxmaq, müştəri cəlb etmək üçün xüsusi bir tendensiyaya yol açır. Burada çox sadə bir məqam var. Bu gün Azərbaycanın daşınmaz əmlak və digər bazarları olduqca zəifləyib, aktivlik burada çox aşağıdır. İndi əmlakı pula çevirmək o qədər də asan məsələ deyil. Banklar başa düşür ki, indi qoyulan girovu öz əmlaklarına çevirsələr, onu yenidən pula çevirib aktivləşdirmək imkanları olduqca məhduddur. Yəni hazırda passiv kapitalı aktiv kapitala çevirmək müşkül məsələdir. Çünki bazarda alıcı yox səviyyəsindədir. Banklar müştəri cəlb etmək fikrinə düşməklə mövcud durumdan çıxmağa səy etsəydi, gecikmələrə görə qoyulan penyaları aradan qaldıra bilərdi. Düzdür, bəzi banklarda bu hal, zəif də olsa, hiss olunur. Bir sıra banklar həmin peniyaları ya sıfıra endirib, ya da aradan qaldırıblar. Həmin banklar indiki iqtisadi şəraitin nəzərə alaraq, zamanın nəbzini tutmağa cəhd edir. Amma əmlak məsələsində problem onun realizə olunmasının çətinliyilə bağlıdır. Ona görə də onlar əmlakı almaqda elə də maraqlı deyil, çalışırlar ki, müştəri imkan daxilində krediti pul şəklində ödəsin. Axı əmlakı götürəndə ümumiyyətlə pul ödənişi dayanacaq. Banklar isə əmlakı pula çevirməkdə çətinlik çəkir. Yəni özləri üçün ən optimal variantı seçiblər. Banklar, az da olsa, müştəridən pulu alır, müştəri isə əmlak hüququnu itirmir. Bu pis deyil".