Türkiyədən ABŞ-a "soyqırım dartışmalarında" iştirak üçün iki dəstə deputat getdi
Türkiyə Böyük Millət Məclisini (TBMM) təmsil edən iki nümayəndə heyəti uydurma "erməni soyqırımı"na dair qərar layihəsinin ABŞ Nümayəndələr Palatasının komissiyasında müzakirəsilə əlaqədar bu ölkəyə gedib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, TBMM Xarici Əlaqələr Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından (AKP) Murad Mərcanın rəhbərlik etdiyi birinci heyətə hakim partiyadan Abdulla Çalışkan və Şaban Dişli, müxalifətdən isə Cumhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Türkiyənin ABŞ-dakı sabiq səfiri Şükrü Ələkdağ və Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edən Mithət Melen daxildir. Heyət ABŞ prezident administrasiyasında, Dövlət Departamentində, Konqresdə və düşüncə mərkəzlərində görüşlər keçirəcək.
İkinci heyət isə Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarətdir. Heyətə qrupun sədri, AKP liderinin xarici əlaqələr üzrə müavini Suat Kınıklıoğlu rəhbərlik edir. Xatırladaq ki, erməni yalanları ilə dolu olan qətnamə layihəsi martın 4-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.