.jpg)
Dubay polisi HƏMAS liderlərindən biri Mahmud əl-Məbuhun qətlə yetirilməsinə dair yeni detallar açıqlayıb. Ekspertiza nəticəsində Əl-Məbuhun bədənində zəhərləyici kimyəvi məhlul aşkar edilib.
Ekspertiza müəyyən edib ki, əvvəlcə Mahmud əl-Məbuhu hərəkətsizləşdirmək üçün onun bədəninə sinir-əzələ relaksantı yeridilib, daha sonra o yastıqla boğulub. Cinayətkarlar isə hesab edib ki, polis bunu ürək dayanması kimi qeydə alacaq, çünki bədənin üzərində zorakılıq halları müşahidə edilməyib. Lakin istənilən halda Əl-Məbuhun bədənində sözügedən kimyəvi məhlul aşkar edilib. Təhqiqatçılar hesab edir ki, yanvarın 20-si baş verən qətldə İsrail xüsusi xidmət orqanlarının əli var. İsrail isə bu ittihamı qəti şəkildə rədd edir. "The Times" qəzeti isə xəbər verir ki, Əl-Məbuhun qətlə yetirilməsində MOSSAD İsrail kəşfiyyatının adının hallanması, bu xüsusi xidmət orqanında işləmək istəyən israillilərin sayının kəskin şəkildə artması ilə nəticələnib.
İsraildə nəşr olunan "Haaretz" qəzeti isə yazır ki, cinayəti törətmiş şəxslər qrimli olub və bu səbəbdən Dubay polisinin cinayətkarların xarici görünüşü barədə dəqiq məlumatı yoxdur. Dubay polisi xəbər verib ki, şübhəlilər əməliyyatın koordinasiya mərkəzi olması ehtimal edilən Avstriya ilə əlaqə saxlayıb. Qətldə şübhəli hesab edilənlər Dubaya Honkonqdan, Milandan, Parisdən, Romadan, Sürixdən gəliblər. Əl-Məbuhun qətlindən sonra isə onlar dərhal Dubayı tərk ediblər. Bununla belə, onlardan ikisi yaxtada İran istiqamətində gedib.
Xatırladaq ki, Brüsseldə görüşən Avropa Birliyinin xarici işlər nazirləri də qətli və Əl-Məbuhun aradan götürülməsi əməliyyatı zamanı saxta Avropa pasportlarından istifadə edilməsi faktını mühakimə ediblər.