.jpg)
Ombudsman Elmira Süleymanova "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, əvvəlki illərdə olduğu kimi, cari il bitdikdən sonra, iki aydan gec olmayaraq, 26 fevral 2010-cu il tarixdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2009-cu il üzrə illik məruzəsini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora da göndərilib. Məruzə Milli Məclisin iclasında dinlədikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədilə qəzetdə, "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc olunacaq. İllik məruzədə, Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələrilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzənin Milli Məclisin iclasında dinlənməsi nəzərdə tutulub.