İqtidaryönlü partiyalar müvafiq dairələrdə öz namizədlərini YAP-la razılaşdıracaq
.jpg)
Siyasi partiyaların sayının çoxluğuna görə regionda lider ölkələrdən olan Azərbaycanda siyasi qurumların daxili inteqrasiyası, təmərküzləşməsinin zəruriliyi dəfələrlə vurğulansa da, müsbət nəticə əldə olunmayıb.
Amma parlament seçkiləri qabağı platforması eyni olan siyasi təşkilatların bir araya gəlməsi və güclü partiyalar sistemi kimi fəaliyyət göstərməsi aktuallaşıb.
İqtidaryönlü partiyaların funksionerləri bildirir ki, partiyalar klassik məzmuna qayıtmağa məhkumdur. Yəni onların mövcudluğunu ictimai etimad, güclü ideologiya, peşəkar komanda korpusu və lider parametrləri şərtləndirməlidir. Bu kriteriyalardan yanaşanda, Azərbaycanın siyasi partiyalar sistemində inteqrasiya qaçılmazdır. Zəiflərin bu prosesdə öz yerini qoruması mümkün olmayacaq. Parlament seçkilərinin yaxınlaşması Azərbaycanda platforması eyni olan təşkilatların bir araya gəlməsini və güclü partiyalar sistemi kimi fəaliyyətini zəruri edir. Başqa formada ölkənin birinci statusuna iddia etmək əvvəlki şərtlər əsasında mümkün deyil. Digər tərəfdən, çoxpartiyalılıq nominal mövcudluq olan 50 partiyanın yığnağı deyil. Güclü 5-6 partiya siyasi sistemin yaxşı funksiyalanmasını təmin edə bilər.
Siyasi partiyaların təmərküzləşməsi, indiki halda, daha çox iqtidar düşərgəsinə yaxın olan siyasi qüvvələr arasında mümkün ola bilər. Müəyyən qədər radikallığını qoruyub saxlamış düşərgədə inteqrasiya zaman-zaman baş versə də, birliklər siyasi stiuasiyadan asılı olaraq dağılıb, parçalanıb.
Bu aradan iqtidaryönlü partiyaların birləşməsi və yaxud parlament seçkilərində iştirakda qarşılıqlı məsləhətləşmələrin aparılması məsələsi ortaya gəlib. Hakimiyyətin bu və ya digər formada siyasətini dəstəkləyən partiyaların öz namizədlərini hakim partiya ilə razılaşdırmaları da mümkündür. Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında qarşıdan gələn parlament seçkilərilə əlaqədar olaraq hakim partiya əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edib. Digər partiyalar da namizədlər siyahısını hazırlayarkən onu hakim partiya ilə razılaşdıracaqmı?
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı siyasi partiyaların təmərküzləşməsini zəruri saysa da, bunun bu gün üçün elə də aktual olmadığını bildirdi: "Bununla bağlı sosial sifariş olmalıdır. Zərurət yaransa, sosial sifariş olsa Ana Vətən Partiyasının digər partiyalarla, xüsusilə də hakim partiya ətrafında birləşməsi mümkündür. Amma indiki halda bu aktual deyil".
Namizədlər siyahısının razılaşdırılmasına gəlincə, F.Ağamalı qeyd etdi ki, namizədlər siyahısını hazırlayarkən hakim partiya ilə məsləhətləşmələr aparırlar: "Ötən seçkilərdə olduğu kimi, bu parlament seçkilərində də namizədlərimizi hakim partiyilə razılaşdıracağıq. Fəaliyyətimizi hakim partiyanın fəaliyyətilə koordinasiya edəcəyik".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə isə bildirdi ki, parlamentdə uğur qazanmaq fikrindədirlər: "Qarşıdan gələn parlament seçkilərində uğur qazanmasaq, siyasətdən getmək təşəbbüsünü ortaya qoyacam. Amma seçkilərə hakim partiyanın siyahısı ilə deyil, müstəqil namizədlər siyahısı ilə qatılacağıq. Hazırda ortalıqda bununla bağlı hər hansı təklif, fikir yoxdur.
Məsələni bu gün qabartmaq düzgün deyil. Hər bir partiya kimi, Demokratik Azərbaycan Dünyası Partiyası da seçkilərə müstəqil şəkildə qatılacaq. Artıq öz namizədlərimizi müəyyənləşdirmişik.
Amma bəzi dairələrdə, hakim partiyanın nüfuzlu namizədlərinin irəli sürüldüyü dairələrdən öz namizədlərimizi geri çağıracağıq. Daha doğrusu, hakim partiyanın namizədinin xeyrinə namizədliyimizi geri götürəcəyik. Biz bu addımımızın qarşılığını hakim partiyadan gözləmirik".