"Sadəcə adının qarşısında sədr sözü yazılması naminə proseslərə qoşulmaq fikrim yoxdur"
Fuad Muxtarov: "Qurultayın keçirilməsilə bağlı çox böyük istək nümayiş etdirsəydik..."
.jpg)
Qarşıdan gələn parlament seçkilərilə əlaqədar bir sıra müxalifət partiyaları artıq hazırlıqlara başlayıb. Ancaq nədənsə, Azərbaycan Milli İstiqlal Partiyasının timsalında bu o qədər də hiss olunmur. Bununla yanaşı, sözügedən partiya 2 ildən çoxdur ki, sədrsiz fəaliyyət göstərir. Partiyaya yeni sədrin seçilməsilə bağlı indiyədək qurultay keçirilməyib.
Həmçinin, partiyanın fəaliyyətində müəyyən passivlik hiss olunur. Bu da, istər-istəməz, partiyanın fəaliyyətinə öz mənfi təsirini göstərir. Maraqlıdır, müstəqil Azərbaycanın qocaman partiyalarından biri olan, bir vaxtlar ana müxalifət statusunda çıxış edən və kifayət qədər strukturlaşmış AMİP-də qurultay niyə gecikir?
Bütün bu və digər məsələlərə aydınlıq gətirən AMİP-in baş katibi Fuad Muxtarovun sözlərinə görə, partiyanın qurultayının gecikməsi ancaq və ancaq yer problemilə əlaqədardır: "Ən başlıcası, bununla əlaqədar bizə süni maneələr yaradıldı. Ona görə də yer məsələsi ən aktual məsələ olaraq qalmaqdadır. Bir sıra instansiyalara davamlı müraciətlərimizə baxmayaraq, heç birinə cavab verilmədi. Yeri gəlmişkən onu da qeyd edim ki, qurultay keçirməkdən ötrü bir sıra otellərə belə müraciət etsək də, bizə yox cavabı verdilər. Təbii ki, bunu birbaşa demədilər. Sadəcə bildirdilər ki, həmin günlərdə tədbirləri var və sair. Məsələn, "Hyatt Regency" otelindən bizə bildirdilər ki, böyük zalları aylıq kirayəyə götürülüb və o üzdən bizə yer vermək imkanları yoxdur. Sonra bir sıra digər yerlərə də müraciət olundu, onlar da yox dedilər. Digər tərəfdən qurultayın keçirilməsilə bağlı çox böyük istək nümayiş etdirsəydik, o zaman balaca bir məkanda belə qurultay keçirə bilərdik. Bunu etmədik və fikirləşdik ki, müəyyən bir zaman keçsin, bəlkə siyasi proseslərdə bir durulma baş verdi. O cümlədən siyasi partiyalara münasibət bəlkə dəyişdi. Təəssüf ki, bunların heç biri baş vermədi. Bütün bunların fonunda qurultay məsələsi bir qədər gecikdi. İndi də, təəssüflər olsun ki, Azərbaycanda partiyalaşma məsələsinə böyük zərbə endirilib. Müxalifyönümlü siyasi partiyaların böyük hissəsinin sıradan çıxarılması istiqamətində çox böyük "uğurlara" nail olunub və bu proses davam edir. Müxalifət partiyaları yerindən, yurdendan məhrum edilib. Hələlik partiyanın qurultayının keçirilməsi gündəmdə deyil və çox güman ki, parlament seçkilərinə qədər qurultay keçiriləcək. Nəticədə partiyanın sədr məsələsi öz həllini tapacaq. Partiya sədrliyinə namizədliyimi vermək haqqında ümumiyyətlə fikirləşmirəm. Dəfələrlə bu haqda mətbuata açıqlama vermişəm".
F.Muxtarov iddia edir ki, ölkədə siyasi partiyaların hərəkəti, fəaliyyəti üçün hazırda meydan yoxdur: "Ona görə də, sadəcə adımın qarşısında sədr sözü yazılması naminə proseslərə qoşulmaq fikrim yoxdur. Digər tərəfdən, etiraf edirəm ki, sədrsiz qalması partiyanın fəaliyyətinə mənfi təsir göstərir.
Bunu etiraf etməmək, reallığı qəbul etməmək olardı. Biz zaman-zaman regional tədbirlər keçiririk və həmin tədbirlərdə siyasi partiya üzvləri açıq şəkildə öz etirazını bildirir ki, bu boyda təşkilatı rəhbərsiz qoymaq olmaz. Ancaq bir daha qeyd edim ki, bu səbəblərin 99 faizi bizdən asılı deyil. Bunların hamısı süni yaradılan səbəblərlə əlaqədardır. Bütün bunlara rəğmən, ümidverici hal ondan ibarətdir ki, ötən 10-15 ildə partiya üzvləri mətanətlə mübarizə aparır. Eyni zamanda, bu həm də həvəsləndirici motivdir". F.Muxtarovun fikrincə, qurultayın parlament seçkiləri ərəfəsində keçirilməsi partiyanın seçkilərə hazırlığına mənfi təsir göstərməyəcək: "Ona görə ki, qurultayla bağlı böyük hazırlıqlar görülüb. Əsas məsələ parlament seçkilərində iştirakla bağlı insanları indiki fikirlərindən döndərməklə bağlı olacaq. Bu da çox çətin məsələdir. Çünki insanlar bələdiyyə seçkilərini və onun nəticələrini görəndən sonra çox bədbin əhval-ruhiyyədədir. Bu isə heç də yaxşı hal sayıla bilməz".