Rasif Bağırov: "İmtiyaz yalnız bəzi dərman vasitələrinin pulsuz verilməsindən ibarətdir"
.jpg)
Azərbaycanda xeyli sayda insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Narahatedici məqam ondan ibarətdir ki, ilbəil həmin xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hazırda Azərbaycanda 100 min nəfər diabet xəstəsi var.
O da məlumdur ki, qanuna görə, bir sıra dərmanlar şəkərli diabetdən əziyyət çəkənlərə pulsuz verilməlidir. Ümumilikdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların hansı imtiyazlardan istifadə etdiyi maraq doğurur. Bu imtiyazlar nədən ibarətdir? Sözügedən məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxladıq. A.Qədirlinin "Bakı-Xəbər"ə açıqlamasına görə, şəkərli diabet xəstələri üçün dövlət proqramı var: "Şəkərli diabetdən əziyyət çəkən xəstələrə həmin dövlət proqramı çərçivəsində müalicə və müayinə məsələlərində kömək göstərilir. Yəni həmin xəstələrə tam pulsuz özünü müayinə etmək üçün qlükometrlər paylanıb. Həmin xəstələr harada qeydiyyatdadırsa, oradan özünə aid müalicə dərmanlarını alır. Eyni zamanda, müalicə tam dövlət proqramı çərçivəsində pulsuzdur". Kardioloq Rasif Bağırov indiki dövrdə şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorların həddən çox olduğunu bildirdi: "Birincisi, hər hansı bir insanda şəkərli diabetin yaranmasında genetik faktor varsa, bununla belə, ətraf və yaşadığı mühitin təsirinin də genetik faktorunu sürətləndirmək imkanı var. Misal üçün, ola bilər ki, insanın özündə şəkərli diabetin yaranması üçün genetik faktor olsun. Ancaq insan özü bilərəkdən onun qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirləri həyata keçirsə, mümkündür ki, həmin insan şəkərli diabetə tutulmasın. Ancaq mövcud həyat şəraiti şəkərli diabetə genetik meylli olanları, daha tez bu mərəzə düçar edir. Həmçinin, həddən artıq əsəb gərginliyilə keçən həyat, müəyyən qəbul olunan qida məhsullarının orqanizmdə şəkəri tənzimləyən insulyar aparata mənfi təsirlərinin nəticəsi də yeni-yeni şəkər xəstələrinin meydana çıxmasına şərait yaradır".
R.Bağırovun fikrincə, bəzən şəkərli diabet xəstələri qeydiyyata durmaq istəyərkən onlara bürokratik əngəllər yaradılır: "Xəstə gedib hansısa poliklinikada qeydiyyata düşərək pulsuz dərmanla təmin olunmalıdır. Həmin o dərmanla təmin olunma məsələsi pulsuz olduğuna görə, çox vaxt xəstələrə müxtəlif süni maneələr yaradılır. Yəni hazırda əlində laboratoriyanın məlumatı olan xəstə, görürsən ki, qeydiyyata düşə bilmir. Həmin xəstəni göndərirlər ki, get xəstəxanadan keç, filan yerdən keç və s. Halbuki, həmin xəstəni istənilən poliklinika yoxlayaraq, onda şəkərli diabetin olub-olmadığını müəyyən edə bilər. Digər tərəfdən, şəkərli diabet xəstələrinə verilən pulsuz dərmanlar qiymətinə görə ucuz olsun deyə, ən aşağı keyfiyyətə malik olur. Bu dərmanlar da çox vaxt xəstəyə müsbət təsir göstərmədiyinə görə, xəstə başqa yerdən pulla dərman almağa məcbur olur. Şəkərli diabet xəstələri üçün imtiyaz yalnız bəzi dərman vasitələrinin pulsuz verilməsindən ibarətdir. Həmin xəstələrin başqa heç bir imtiyazı yoxdur".