Penitensiar sistemə nəzarət üzrə İctimai Komitə 37 xəstə məhkumla görüşüb
Azərbaycanın ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin növbəti iclası keçirilib.
Komitədən APA-ya verilən məlumata görə, iclasda İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev görülən işlər haqqında məlumat verərək, qurumun fəaliyyət istiqamətlərinə dair təkliflər əsasında Fəaliyyət Planı layihəsinin hazırlandığını bildirib. O, həmçinin, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində İctimai Komitənin üzvü Şahin Camalovla birgə həyata keçirdikləri başçəkmə haqqında məlumat verərək, xəstələrin saxlanma vəziyyəti, personalın iş şəraitilə ətraflı tanış olunduğunu, müalicə alan 37 məhkum ilə görüş keçirildiyini, başçəkmənin nəticəsi üzrə müvafiq rəyin Ədliyyə Nazirliyinə təqdim edildiyini diqqətə çatdırıb.
İctimai Komitənin 2010-cu il üzrə Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılıb. Məlumata görə, layihə penitensiar müəssisələrdə islah və tərbiyə işlərində iştirak, monitorinq və təlimlərin keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təşkilati işlər və ictimai əlaqələrin qurulması sahəsində 29 istiqamət üzrə tədbirləri əhatə edir. İctimai Komitənin üzvləri Sahib Məmmədov, Səidə Qocamanlı, İradə Cavadova, Zəlihə Tahirova, Elmira Ələkbərova, Nazir Quliyev tərəfindən Fəaliyyət Planının layihəsinə müxtəlif təkliflər irəli sürülüb.
İclasda Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edib, Fəaliyyət Planının təkmilləşdirilməsi və icrası ilə bağlı müvafiq təklif və tövsiyələr veriblər. Müzakirələrdən sonra İctimai Komitənin 2010-cu il üçün Fəaliyyət Planı müzakirələr zamanı səslənən təkliflər nəzərə alınmaqla qəbul edilib.