Yaqut Əliyeva: "Yahova şahidləri" Bakı və Sumqayıt üzrə qeydiyyatdan keçdiyi üçün onun digər bölgələrdə fəaliyyəti qanuna ziddir"
.jpg)
Fəaliyyəti qadağan olunmuş dini cərəyanların Azərbaycanda mövcudluğu sirr deyil. Belə cərəyanlar gizli şəkildə toplantılar keçirməklə öz təriqətlərini yaymaqla məşğuldurlar.
Digər tərəfdən, bəzi sektalar hətta siyasi dairələrə, dövlət qurumlarına da nüfuz etməkdədir. Bununla bağlı vəziyyət elə bir həddədir ki, hələ bir neçə il öncə milli təhlükəsizlik naziri Eldar Mahmudov MTN kursantları qarşısında çıxış edərək məsələyə toxunmuşdu. "Biz radikal dini cərəyanların sıralarımıza nüfuz etməsinin qarşısını almalıyıq" deyən E.Mahmudov bununla bağlı MTN işçilərinin ayıq-sayıq olmasının vacibliyini qeyd etmişdi.
Bəzi dini cərəyanlar, hətta qeyri-hökumət təşkilatları təsis edərək, onun vasitəsilə dövlət xadimlərini, tanınmış şəxsləri öz tərəflərinə çəkir.
Belə təşkilatlardan biri xristian təmayüllü "San Myon Mun"dur. Bundan başqa "Babtistlər", "Yahova şahidləri", İslamyönümlü "Nurçular", "Vəhhabilər" və digər dini cərəyanların siyasi çevrələrə nüfuz etməsi barədə rəsmi və qeyri-rəsmi məlumatlar yayılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bəzi dini cərəyanlar qanunları pozur. Belə ki, regionlarda fəaliyyətinə qadağa qoyulan cərəyanlar bu qadağalara məhəl qoymur.
Bir neçə gün öncə "Yahova şahidləri" dini sektasının üzvlərinin əsas sığınacaq yeri olan Gəncədə 76 nəfər sekta üzvünün gizli toplantı yeri aşkar edilib. Onlar arasında qadın və azyaşlılar da olub.
"Yahova şahidləri"nin Gəncədə saxlanması artıq ənənəvi hal alıb. Bir müddət öncə icmanın bir qrup üzvü Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində saxlanmışdı.
Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbəsinin rəisi Firdovsi Kərimovun sözlərinə görə, saxlanan "Yahova şahidlərı" arasında Bakı sakinləri də olub. "2005-ci ildə Gəncə şəhərində onların sayı 43 nəfər idi. İcma üzvləri son zamanlar təbliğatı gücləndirdiyi üçün sıraları genişlənib.
Onlar son zamanlar qapı-qapı gəzərək kitablar paylayırlar. İcma daim bir yerdə fəaliyyət göstərmədiyi ucun biz onların qarşısını çətinliklə alırıq".
"Yahova şahidləri" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Lakin onun Bakı və Sumqayıtdan kənarda fəaliyyətinə qadağa qoyulub.
Komitənin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevanın sözlərinə görə, "Yahova şahidləri"nin qeydiyyatı Bakı və Sumqayıt şəhərlərində olduğu üçün, onların ölkənin digər bölgələrində fəaliyyət göstərməsi qanuna ziddir: "Yahova şahidləri" qeydiyyatdan keçərkən onların fəaliyyət ərazisi olaraq Bakı və Sumqayıt şəhərləri göstərilib. Başqa rayonlarda fəaliyyət göstərmək istəyirlərsə, dini icma olaraq yenidən qeydiyyatdan keçməlidirlər. Hər hansı bir rayon və ya qəsəbədə fəaliyyət göstərmək istəyən "Yahova şəhidləri" sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquq şöbəsinə təqdim etməlidir".
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 534 dini icmadan 32-si qeyri-İslam təmayüllüdür. Onların arasında yəhudilər, katoliklər, pravoslavlar da var.
Qeydiyyatdan keçməyən, lakin qanunsuz fəaliyyət göstərən cərəyanların siyahısının hazırlanması çətindir. Qeydiyyatdan keçmiş xristian təmayüllü cərəyanlar əsasən bunlardır: Rus Pravoslav kilsəsi, Bakı Xəzəryanı Provaslav Dini İcması, Bakı şəhəri Malakan Ruhani Xristian Dini İcması, Sumqayıt şəhəri Malakan Ruhani Xristian Dini İcması, Qobustan rayonu Mimili kəndi Malakan Ruhani Xristian Dini İcması və s.
Yəhudi icmalarına isə Avropa Yəhudilərinin Bakı Dini İcması, Quba rayonu Qırmızı Qəsəbə Dağ Yəhudilərinin Dini İcması, Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcması, Gürcü Yəhudilərinin Bakı Dini İcması və s. aiddir.
Qeydiyyatdan keçmiş 534 dini icmanın bir neçəsi daha aktiv fəaliyyət göstərir. "Yahova şahidləri", "Babtistlər"in fəaliyyəti göz önündə olduğundan, onlar daha fəal görünür. "Babtistlər"ə daha çox Sumqayıt şəhərində rast gəlmək mümkündür. Çünki onlar həmin şəhərdə qeydiyyatdan keçib. "Babtistlər" Sumqayıtda qeydiyyatdan keçdiyi üçün onlar yalnız bu ərazidə fəaliyyət göstərə bilər.
Amma "Babtistlər"ə respublikanın digər ərazilərində, Şimal və Qərb bölgələrində də rast gəlmək mümkündür.