.jpg)
Mətbuatın yazdığına görə, Azadlıq və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Azərbaycanda müstəqil tibbi ekspertizanın yaradılması ilə bağlı layihə həyata keçirir.
Bundan da məqsəd bu sahədə olan boşluğu aradan qaldırmaqdır. Adətən məhkəmə-hüquq sistemində ekspertiza, o cümlədən tibbi ekspertiza rəylərindən geniş istifadə olunur. Hakimlərin bu və ya digər məsələ barədə yekun qərara gəlməsində ekspertiza rəylərinin də böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, Azərbaycanda məhkəmə ekspertizası funksiyasını hələlik bir instansiya - dövlət ekspertizası həyata keçirir. Bu isə, bəzi ekspertlərə
görə, müstəqil tibbi ekspertizanın yaradılmasını vacib edir. Qeyd edək ki, bu məsələ dünya miqyasında heç də yeni deyil. Sivil Qərb ölkələrində, Rusiya, Gürcüstan, hətta Ermənistanda xeyli müddətdir ki, müstəqil tibbi ekspertizalar fəaliyyət göstərir. Azərbaycanda bu sahədə gözlənilən yeniliyi dəyərləndirmək və onun hansı effekt verəcəyini öyrənmək üçün M.Mütəllimli ilə əlaqə saxladıq. O, vətəndaşların hüquqlarının müdafiəsi baxımından belə bir institutun yaradılmasının vacib olduğunu qeyd etdi: "Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda hələlik müstəqil tibbi ekspertiza yoxdur. Bu da cinayət və mülki proseslərdə çox böyük çətinliklər yaradır. Hələlik yalnız dövlət tibb müəssisələri tibbi ekspertiza rəyləri verir. Çox vaxt da bu rəylər qeyri-obyektiv olur. Hesab edirəm ki, ölkəmizdə də belə bir müstəqil və alternativ tibbi ekspertiza olmalıdır. Bunun üçün də dövlət orqanları müvafiq qərar qəbul etməlidir. Bu sahədə Milli Məclisin, ya da Nazirlər Kabinetinin qərarı, müstəqil ekspertizanın əsasnaməsi olmalıdır. Belə bir müstəqil ekspertizanın yaranması insanların hüquqlarının qorunmasında böyük rol oynaya bilər. Dövlət tibb ekspertizasında kütləvi halda qanun pozuntuları olur. Həmin ekspertizanın saxta rəyləri də məhkəmələrdə əksər hallarda sübut kimi təqdim olunur. Halbuki, bir çox hallarda bu rəylər qeyri-obyektivliyilə seçilir. Vətəndaşların isə bundan şikayət etmək imkanı olmur. Hətta şikayət etsələr də, məhkəmə yenə də dövlət nəzarətində olan tibbi ekspertiza orqanlarına müraciət edir və onların da rəyləri, təbii ki, əvvəlkindən fərqlənmir. Ona görə də Azərbaycanda müstəqil ekspertiza institutunun yaranması böyük zərurətdir və belə bir institutun yaranması yolunda bütün imkanlardan istifadə edəcəyik. Eyni zamanda, Azərbaycanın tanınmış hüquqşünasları və rəsmilərinə də bununla bağlı müraciət olunub. Onlar da bu sahədə səylərini əsirgəməyəcək. Layihə artıq qəbul olunub. Tanınmış hüquqşünaslar - Namizəd Səfərov, Qurban Məmmədov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Novella Cəfəroğlu da belə bir institutun ölkəmizdə yaradılmasını vacib sayır. Gündəlik olaraq şahidik ki, vətəndaşlar belə bir institutun olmamasından böyük əziyyət çəkir. Cəmiyyət bu məsələnin mahiyyətini biləndən sonra, sözsüz ki, onun tərəfdarı olacaq. Bizi burada əsas maraqlandıran hökumətin göstərəcəyi reaksiyadır. Bu məsələ müzakirə olunanda hökumətin tibbi ekspertizasının direktor müavini müstəqil ekspertizanın yaranmasına ehtiyac olmadığını bildirib. O, həmçinin vurğulayıb ki, bəzən ikinci dəfə rəy veriləndə birincidən fərqli olur. Yəni özləri də belə halların olduğunu etiraf edir. Amma bu yaxınlarda Maştağada psixi xəstələrin müalicə olunduğu xəstəxanada olarkən bir qadının mənzilini əlindən almaq üçün onun əsassız olaraq dəlixanaya salındığının şahidi oldum. Polis mayorunu şərləyib həbsxanaya salıblar. Ekspertin rəyinə görə, bu adam 29 il ərzində ağır vəziyyətdə olub. Dövlətin tibbi ekspertizası bəzən istintaqın əlində alətə çevrilir və ondan onlar çox məharətlə istifadə edirlər.
Azərbaycanda bu sahədə hələ də köhnə sovet psixologiyası hökm sürür. Müstəqil ekspertizanın yaradılması çox sadə prosesdir. Bizdə müxtəlif sahələrdə hüquqşünaslar, həkimlər lisenziya əsasında fəaliyyət göstərir. Bu sahədə bizdə həm hüquq fakültəsini, həm tibb Universitetini bitirən, Moskvada tibbi ekspertiza kursunu keçən mütəxəssis var.
O, lisenziya ala bilər və bundan sonra artıq onun da rəyi dövlət tibbi ekspertizanın rəyinə bərabər hesab olunur. Həyatda hər şey ola bilər, dövlət ekspertizası ilə müstəqil ekspertizanın rəylərində fərq olarsa, hakim təkrar ekspertizadan keçirə bilər. Lisenziyası olan və dövlət qulluğunda işləməyən həkimlər müstəqil ekspert qismində çıxış edə bilərlər. Lakin onlar dövlət qulluğunda qalsalar, heç vaxt müstəqil ola bilməzlər".