.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Müharibə Əlilləri Pansionatında ciddi yeyinti faktları aşkarlanıb. Bu barədə "OLAYLAR"a pansionatdakı mənbələrdən məlumat verilib.
Mənbənin məlumatına görə, bir müddət öncə pansionatda nazirliyin başladığı yoxlama nəticəsində ciddi yeyinti faktları aşkarlanıb. Yoxlama nəticəsində 300 min manat yeyinti faktı və digər özbaşınalıqlar ortaya çıxıb. Mənbə bildirir ki, pansionatın baş həkimi yoxlama qrupunu pulla ələ almaq istəsə də, baş tutmayıb. Yoxlama qrupu baş həkimin rüşvətini rədd edib və faktları olduğu kimi qeyd edib. Mənbənin dediyinə görə, yoxlama nəticəsində tərtib edilən akt birbaşa nazirliyə təqdim olunub. Nazirlikdə hazırda faktların araşdırılması aparılır. Məlumata görə, pansionatın baş həkimi Arif Məmmədov artıq müəssisədən uzaqlaşdırılmaq üzrədir. Yoxlama qrupunun aşkarladığı ciddi faktlar, həmçinin, baş həkim Arif Məmmədovun həbsinə də səbəb ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl pansionatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəfil yoxlamalara başlaması barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, pansionatda yoxlamalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillərdən daxil olan şikayətlər əsasında başlanıb. Şikayətlər birbaşa əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən nəzarətə götürülüb və nazir pansionata ən inandığı şəxslərdən ibarət yoxlama qrupu göndərib. Elə bu məqsədlə də pansionatın baş həkimi Arif Məmmədov yoxlama qrupunu ələ ala bilməyib. Məlumatda o da bildirilirdi ki, fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandığından, Arif Məmmədov həmin yoxlama qrupunu ələ almaq üçün pansionatın kollektivindən pul yığmağa başlayıb. Mənbə bildirirdi ki, Arif Məmmədov pansionatda müavinlərinin hər birindən 300 manat, həkimlərdən 150-200 manat, tibb bacılarından 100 manat, aşbaz və digər işçilərdən isə 50 manatdan yığıb. Lakin sonradan Arif Məmmədovun yığdığı rüşvət barədə də yoxlama qrupuna məlumat verildiyindən, baş həkimin vəziyyəti daha da pisləşib.