.jpg)
Azərbaycan paytaxtında civə alverilə məşğul olan mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayətinə baxılıb.
Trend News-un məlumatına görə, dünən Bakı Apelyasiya Məhkəməsində civə alverində təqsirləndirilən Hidayət Mamoyev, İmran Pircanov, Sədiyar Məmmədov, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov və Əmiraslan İbrahimovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilib. İbrahimovun, Əliyevin, Abışovun və Firdovsi Məmmədovun barəsində 1 il, Süleymanovun barəsində isə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün digər hissəsi isə dəyişdirilmədən saxlanıb. Ağır Cinayətətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Mamoyev və İmran Pircanov hər birinə 4 il şərti cəza verilməklə, məhkəmə zalından azad olunmuşdu. Sədiyar Məmmədova 6, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov, Əmiraslan İbrahimovun hər birinə 2 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Təqsirləndirilən şəxslər bu il iyulun 25-də 32 kiloqrama yaxın zəhərli kimyəvi maddəni satmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi (240.3.2) maddəsilə təqsirli bilinib.