Əliməmməd Nuriyev: "Bir çox hallarda qərar qəbul edilərkən qanunvericilik normalarına əməl edilmir"
Mirəli Hüseynov: "Görünür, idarə edən şəxslərin peşəkarlığı onlara məsuliyyəti tam dərk etməyə imkan vermir"
.jpg)
Bələdiyyələrlə İş Mərkəzinin mətbuata verdiyi məlumata görə, fəaliyyəti prosesində qanun pozuntusuna yol verdiyinə görə 674 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilib. Onlardan 526-sı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etmədiyinə görə məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub.
10 bələdiyyə sədri araşdırmaların aparılmasına maneəçilik törətdiyinə görə məsuliyyətə cəlb olunub. 20 bələdiyyə başçısı barəsində isə təkrar inzibati məsuliyyət tədbirləri tətbiq edilib. Hazırda ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Kiçik bələdiyyələr ləğv edilənədək isə onların sayı 2700-dən çox idi. Bu o deməkdir ki, ölkədə ən azı 2700 bələdiyyə sədri olub. Bunlardan 674 nəfəri barəsində inzibati xəta protokolunun tərtib edilməsi isə heç də bələdiyyələrə başuculığı gətirmir. Bu hal onu göstərir ki, bələdiyyə sədrlərinin hardasa 20-25 faizi həmin xətalara yol verib ki, onlar barəsində belə tədbirlər görülüb. Vəziyyətin belə olması bələdiyyə üzvlərinin əksəriyyətinin qeyri-peşəkar olmasından xəbər verir. Belə ki, bir çox hallarda özünüidarə orqanlarının rəhbərləri bu və ya digər qərar qəbul edərkən qanunvericiliyə əsaslanmağı belə özünə rəva görmür. Nəticədə də qanunu pozur. Onların bələdiyyə aktlarının surətlərini müvafiq qurumlara vaxtında təqdim etməməsi də məsuliyyət hissinin zəif olduğunu göstərir. Yəni peşəkarlıq səviyyəsinin aşağı olması və məsuliyyət hissinin olmamasının nəticəsi olaraq xeyli sayda bələdiyyə sədri barəsində müxtəlif tip cəzalar tətbiq edilib. Görəsən, ekspertlər nə düşünür, vəziyyətin belə acınacaqlı olmasının kökündə nə dayanır?
Yerli Demokratiyaya Dəstək QHT Koalisiyasının koordinatoru Mirəli Hüseynovun fikrincə, burada xüsusilə iki amil özünü göstərir. Onun dediyinə görə, bələdiyyə sədrlərinin peşəkarlığının aşağı səviyyədə olması və müəyyən addımları zorən atmağa məcbur edilmələri vəziyyətin belə olmasına gətirib çıxarıb: "Bu qədər bələdiyyə sədri barəsində inzibati xəta protokolu tərtib edilibsə, müəyyən inzibati tədbirlər müəyyən edilibsə, deməli məsələnin ciddiliyi göz önündədir. Bu onu göstərir ki, yerli özünüidarədə kifayət qədər ciddi problemlər var. Yəni bələdiyyə sədrləri ya öz vəzifələrini kifayət qədər icra edə bilmir, ya da onlara nəzarət yetərli deyil. Hər halda, rəqəmin özü çox şeydən xəbər verir. Görünür, idarə edən şəxslərin peşəkarlığı onlara məsuliyyətlərini tam dərk etməyə imkan vermir. Ya peşəkarlıq aşağıdır, ya da daşıdıqları məsuliyyətin yükünü tam dərk edə bilmirlər. Belə hal, həm də, ölkədə bələdiyyə idarəsinə münasibətin göstəricisidir. Hazırda Azərbaycanda bütün sahələrdə korrupsiya halları var. Amma nədənsə, korrupsiya halları və bununla bağlı görülən inzibati və cəza tədbirləri daha çox bələdiyyə orqanlarına münasibətdə baş verir. Düşünürəm ki, məsələyə bir aspektdən yanaşmaq doğru deyil. Belə vəziyyət, eyni zamanda, hökumətin bələdiyyə institutuna münasibətindən qaynaqlanan bir haldır. Yəni burada təkcə bələdiyyə üzvlərini qınamaq düzgün olmaz. Bir çox hallarda bələdiyyə sədrləri müəyyən addımları zorən atmağa məhkumdur, buna məcbur edilirlər. Azərbaycandakı mövcud idarəçilik sistemi bələdiyyələri bir çox hallarda zərbə altına qoyur. Bu gün faktiki olaraq bələdiyyələr icra hakimiyyətinin təsiri altındadır. Belə halda özünüidarə orqanları öz iradələrinə uyğun qərarlar qəbul edə bilmir. İndiki halda bələdiyyələr qanuna uyğun şəkildə fəaliyyət göstərmək iqtidarında deyil. Onlar bu və ya digər səbəbdən qanunu pozmaq zorundadır. Göstərilən rəqəm də bələdiyyə institutunun acınacaqlı vəziyyətini göstərən bir rəqəmdir".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev vəziyyətin belə olmasının başlıca günahını bələdiyyə sədrlərinin əksəriyyətinin peşəkar olmamasında görür: "Artıq inzibati nəzarəti həyata keçirən qurum bu proseslərə tam surətdə sahib olub. Yəni bu prosesləri gözəl bilir. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrə Məsləhət Mərkəzi fəaliyyət göstərir. Ümumiyyətlə, bələdiyyə orqanlarının fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyinin müvafiq strukturu həyata keçirir. Onlar bələdiyyələrin bilavasitə fəaliyyətinə deyil, onların qəbul etdiyi qərarlara inzibati nəzarəti həyata keçirirlər. Hesab edirəm ki, bu qurum bələdiyyə orqanları tərəfindən qəbul edilən qərarları daha diqqətlə araşdırdığından, bu qədər bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyələrdə qərarların qəbulu ilə bağlı proses bir çox hallarda kollegial şəkildə həyata keçirilmir. Qərarlar bəzən sadəcə olaraq bələdiyyə sədrinin özü tərəfindən qəbul edilir. Bu zaman bələdiyyə başçısının qeyri-peşəkarlığı mühüm rol oynayır. Bir çox hallarda qərar qəbul edilərkən qanunvericilik normalarına əməl edilmir. Bu onu göstərir ki, bələdiyyələr və onların rəhbərləri özləri barədə qəbul edilən qanunları yaxşı bilmir. Onun nəticəsi olaraq da çox sərt qərarlar qəbul edirlər. Torpaq ayrılması prosesində bələdiyyə orqanları mühüm funksiyalara malikdir, amma bu zaman da onlar tərəfindən əksər halda təkbaşına qərarlar qəbul edilir və bu zaman normativ aktların tələblərinə əməl olunmur. Daha çox şəxsi maraqlar üstün tutulur. Nəticədə belə qərarlar müvafiq strukturlarla razılaşdırılmayan qərar olur. Çünki qərar qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Bəzən sədrlər bu amilə diqqət yetirmir. Eyni zamanda, bələdiyyə vəsaitindən səmərəli istifadə etmək sahəsində də problemlər yaşanır. Bütün bunlar bələdiyyə orqanlarının və onların sədrlərinin öz fəaliyyətində qanunsuz qərarlar qəbul etməsinə şərait yaradır. Bir çox hallarda sədrlər səlahiyyət həddini aşır, korrupsiya hüquq pozuntularına yol verirlər. Təkcə məsuliyyətə cəlb olunmaqla məsələ bitməməlidir. Bələdiyyələr kollegial orqan kimi fəaliyyət göstərməli, onun üzvləri üçün çoxsaylı treninqlər təşkil edilməlidir. Bu baxımdan hesab edirəm ki, bələdiyyə üzvlərinin səriştəsinin artırılması istiqamətində geniş treninq proqramları həyata keçirilməlidir".