Şirvanlı Oqtay Xudatov APA-nın Polis Şöbəsinə istinadən yaydığı məlumatı təkzib etdi
"Bu hadisənin mənə dəxli yoxdur"
Qəzetimizin 24.02.2010-cu il tarixli sayında dərc edilmiş "Nar Mobile"ın Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu" başlıqlı yazıda bildirilmişdi ki, Şirvanda vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs istintaqa cəlb edilib.
Qeyd edək ki, məlumatı APA-nın Mil-Muğan bürosu Şirvan Şəhər Polis Şöbəsinə istinadən yaymışdı. Məlumatda bildirilirdi ki, Şirvan şəhər sakini Xudatov Oqtay Mirzə oğlu müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən "Nar Mobile" Şirvan şəhər şöbəsinin "Betta" MMC təhlükəsizlik idarəsinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, onlardan müxtəlif məbləğdə pul alaraq aldadıb. O, Şirvan sakinləri Rəşad Xəlilovdan 400 manat, Kərim Dadaşovdan 700 manat, Rəşid Musayevdən 600 manat və Elvin Rəsulovdan 600 manat alıb. Fevralın 18-də Oqtay Xudatov əməliyyat axtarış tədbirləri nəticəsində qohumunun toyunda yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, bütün bu məlumatlar etibarlılığı şübhə doğurmayan APA tərəfindən, özü də Şirvan Şəhər Polis Şöbəsinə istinadən yayılıb. Amma dünən dələduzluqda ittiham olunan Oqtay Xudatov redaksiyamıza gələrək, barəsində yazılanları təkzib etdi. Bizə təqdim etdiyi ərizəsində O.Xudatov bildirir ki, bu hadisənin ona heç bir aidiyyəti yoxdur: "Bu hadisənin mənə heç bir dəxli yoxdur və mənimlə bağlı heç bir cinayət işi açılmayıb. APA-nın verdiyi məlumata istinadən qəzetinizdə dərc olunan yazı həqiqətə uyğun olmadığı üçün təkzib verməyinizi xahiş edirəm".
O.Xudatovun ərizəsində göstərilənlər təəccüblü olmaqla yanaşı, hansı tərəfin məlumatının həqiqət olması barədə qəti hökm çıxarmaq da bizim üçün çətindir. Yəqin ki, ölkənin nüfuzlu agentliyi öz imkanlarından istifadə edərək Şirvan Şəhər Polis Şöbəsilə məsələni bir daha dəqiqləşdirəcək. Biz müstəqil qəzet olaraq, O.Xudatovun dediklərilə bağlı Polis Şöbəsinin də məlumatlarını, mövqeyini dərc etməyə hazırıq.
Eldar XƏYAL