Suraxanı və Qaradağ icra hakimiyyətləri sahibsiz heyvanlara sığınacaq yeri verilməsinə razı oldular
.jpg)
Bütün humanizm norma və prinsiplərinə və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq, Bakıda sahibsiz heyvanların məhv edilməsi davam edir.
"31 may 2007-ci ildə Azərbaycan heyvanat aləminin müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulub. Lakin sahibsiz itlərin amansızcasına məhvinə son qoyulmayıb. Bakıda yalnız itləri güllələməklə məşğul olan şəhər xidmətinin adı dəyişdirilib", deyə "Alyans" Canlı Aləm və Etika İctimai Birliyinin rəhbəri Mənsurə Rəsulzadə şənbə günü "Heyvanlara mərhəmət" mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun fikrincə, sahibsiz itlərin və pişiklərin məhvi humanizmə ziddir. O, xarici təcrübəyə uyğun olaraq, sahibsiz heyvanlar üçün klinika və sığınacaqlar yaratmağı təklif edir. Bu sığınacaqlarda xəstə və şikəst heyvanlar saxlana bilər.
"Lakin bu təşəbbüsün hökumətin dəstəyinə ehtiyacı var. QHT artıq ilkin olaraq paytaxtın Suraxanı və Qaradağ rayon icra hakimiyyətlərilə danışıqlar aparıb və onlar belə sığınacaqlar üçün yer ayırmağa hazırdır" - deyə Rəsulzadə bildirib. Onun fikrincə, hazırkı sanitar xidmətdə ("it qutusu") islahat aparıla bilməz. Orada işləyən insanlar heyvanları öldürməyə öyrəşiblər və insafsız metodlarla işləyir. "Bu düzgün deyil, itləri güllələyirlər, sonra isə ölü və yaralı heyvanları birlikdə krematoridə yandırırlar", deyə Rəsulzadə bildirib. Buna görə Nazirlər Kabineti yanında yeni xidmət yaradılmalıdır. Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova sahibsiz heyvanların müdafiəsinin əhəmiyyətini qeyd edib. Bu, sanitariya nöqteyi-nəzərdən vacibdir. Belə ki, sahibsiz pişiklər azaldılarsa, paytaxtda siçovullar kütləvi yayılacaq.
Onun sözlərinə görə, sahibsiz heyvanlara qarşı mübarizə xidmətinin nümayəndələri pişikləri yığaraq Balaxanı zibilliyinə aparır. "Bu çox pisdir: sağlam pişikləri zibilliyə atırlar, burada onlar müxtəlif xəstəliklərə yoluxur və bu xəstəliklərin yayılma mənbəyinə çevrilir" - deyə Hüseynova bildirib.
O hesab edir ki, Bakının sanitar müdafiəsi üçün təxminən 1,7 mln. it və pişik lazımdır, yəni şəhər əhalisinin yarısı qədər. Hüseynova qeyd edib ki, bəzən insanlar küçə heyvanlarının aqressivliyilə əlaqədar sanitar xidməti çağırır. Onun sözlərinə görə, aqressiyanın səbəbi aclıqdır və o, şəhər sakinlərini heyvanları qida qalıqları ilə yemləməyə çağırıb. Ekoloq Əliheydər Məmmədov qeyd edib ki, sanitar xidmət hər gün 50-100 iti məhv edir. Şəhərdə güllələmə təhlükəlidir, çünki təsadüfən insanlar da yaralana bilər.
Heyvan müdafiəçiləri prezident İlham Əliyevin ünvanına yazılmış ərizəyə imzatoplama kampaniyasına başlayıb. Müraciətdə dövlətin heyvanların müdafiəsi üzrə tədbirlər görməsi və bu məsələ ilə bağlı xüsusi qanun qəbul edilməsi təklifi yer alıb.